Xarici ölkələrə, əsasən də Avropaya müxtəlif qeyri-leqal ad və bəhanələrlə sığınan və oradan sosial şəbəkələr vasitəsilə Azərbaycan əleyhinə, dövlət başçısı, onun ailə üzvləri və komandası haqqında təhqiramiz, etikadan kənar ifadələr yağdıran bir qrup virtual söz pəhlavanının “fəallığı” son günlər ictimai fəalların və vətəndaş hissləri yaşayan hər bir şəxsin ciddi narahatçılığına səbəb olmuşdur. Xüsusilə bu məsələdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun özünün feysbuk səhifəsindəki açıqlamaları, səbir və təmkinli şəkildə verdiyi reaksiyaları, siyasi mübarizə üsul və metodları haqqında tövsiyyələri, Avropadakı bu komfortlu barbar kimilərə yönələn söz-fikir azadlığının təhqir və söyüşlə bir araya sığmaması barədə çağırışı ciddi müzakirəyə və münasibət bildirməyə səbəb olmuşdur.
2018-ci ilin ölkəmiz üçün tarixi və önəmli il olduğunu anlamayan bu barmaqla sayılacaq qədər olan zavallılar qarşılarına yalnız bir məqsəd qoyublar – nə olur olsun, apreldə Azərbaycanda keçiriləcək prezident seçkilərini pozmaq, ölkəmizin dünyada, Avropada və regionda siyasi, iqtisadi, mədəni və təhlükəsizlik baxımından stabil və etibarlı tərəfdaş imicinə zərbə vuran addımlar atmaq. Bu istiqamətdə sosial şəbəkə qaragüruhu yalnız bir yol tutub – söyüş, təhqir, şəxsi, ailə məsələlərində, milli-mənəvi dəyərlərdə aşağılayıcı ifadələr yağdırıb insanların heysiyyatına toxunmaq.
Söyüş, təhqir, qarayaxma və aşağılayıcı ifadələr işlətmək siyasi mübarizədə, ictimai fikir polemikasında heç vaxt rol almamışdır və ümumiyyətlə bunlar deyərdim acizliyin, savadsızlığın, mövqeysizliyin və ictimai-siyasi münasibət və fəaliyyətdən xəbərsizliyin əlamətləridir. Bu “metod və üsulları” öz siyasi mübarizələrində dövlətə qarşı silah kimi işlədən bu şəxslər bir daha Avropada məskunlaşsalar da barbar və vandal kimi yaşadıqlarını nümayiş etdirmiş oldular. Bu sözləri (barbar və vandal) hərfi yozmaq lazım deyil, əgər bir millətə xas milli-mənəvi, əxlaqi, ailə dəyər və normalarını, şərəf və heysiyyat kriteriyalarını, mədəni, sivil davranış qaydalarını dağıdan, tapdalayan və onları ən ağıq və aşağılayıcı sözlərlə təhqir edib alçaltmaq elə barbarlıq və vandallıqdı və bu əməlləri “yaşadanlar” da bu qəbildən olanlardı.
Prezident komandasının önəmli simalarından sayılan Əli Həsənov da məhz bu insanları – öz əxlaq və şərəf identlərini itirərək, Avropada komfortlu həyatlarını təmin etmək üçün barbar və vandal metodlarla siyasi mübarizəni çirkləndirən məxluqları normal ictimai-siyasi polemikaya dəvət edir, məskunlaşdıqları ölkədən sivil mədəni davranış normaları öyrənməyə səsləyir, dövlət başçısına, onun ailəsinə, komandasının üzvlərinə qarşə söyüş və təhqirlər yağdırmağa son qoyaraq, sağlam tənqid, təklif və tövsiyyələr üzərində siyasi fəaliyyət göstərməyə çağırır. Niyə məhz cənab Əli Həsənov bu məsələyə belə dolğun, məntiqli prizmadan yanaşdı və sosial şəbəkə vasitəsi ilə cavab verdi?
Əvvəla, Əli müəllim təkcə Prezident Administrasiyasında məsul bir vəzifə tutan şəxs deyil, o eyni zamanda ölkədə ictimai-siyasi münasibətlər sahəsində öz yeri və rolu olan, arqumentli fikir və açıqlamaları ilə gündəmi real şəkildə təsvir edən, dövlət başçısının ictimai-siyasi və ölkənin inkişafına yönələn fəaliyyətini xalqa və beynəlxalq aləmə düzgün şəkildə çatdıran bir strateqdir. Digər tərəfdən, Əli Həsənovun çox böyük bir sahəyə - ictimai-siyasi münasibətlər və fəaliyyət sferasına cavabdeh bir şəxs və ölkə prezidentinin köməkçisi olması, onun fikir və rəyinin dövlətin və onun başçısının münasibəti kimi dəyərləndirilə bilər ki, buda bir daha göstərir ki, Azərbaycan rəhbərliyi hər zaman sivil siyasi mübarizəyə açıqdır və bütün tərəf müqabillərini də normal polemikaya dəvət edir.
Başqa bir amil olaraq, Əli Həsənov bir vətənpərvər, dovlətin, millətin gələcəyini və inkişafını bir həyat amalına çevirən bir ziyalı kimi xaricdəki bu həmvətənlərimizi (bilmirəm onlara bu adı şamil etmək olar ya yox) digər minlərlə, on minlərlə azərbaycanlılar kimi Azərbaycanın haqlı ədalətli mövqeyinin müdafiəsi, təbliğinə səsləyir və Dağlıq Qarabağ kimi tarixi mübarizəmizdə dövlətimizin güc, mövqey və nüfuzunun zəiflədilməsi kampaniyasından əl çəkərək, əksinə bu fəaliyyətlərə dəstək nümayiş etdirməyə çağırır.
Əli Həsənov eyni zamanda bir alim-professor kimi, siyasi tarix, ictimai fikir və beynəlxalq münasibətlər sahəsində ixtisaslaşmış bir mütəxəssis və nəzəriyyəçi olaraq da bu şəxslərə təhsil və praktik olaraq əldə etmədikləri ictimai polemika və siyasi mübarizə metod və üsulları haqqında da öz tövsiyyə, bilik və məsləhətlərini çatdırır və yalnız çağdaş dünyanın qəbul etdiyi bu vasitələrlə hədəflərə çata bilmənin reallıqlarını oyrədir.
İndi bunları – hörmətli Əli Həsənovun səsləndirdiyi, tövsiyyə etdiyi və Azərbaycan ictimaiyyətinin də dəstək verdiyi bu reaksiya və açıqlamaları dərk edib, qəbul etmək, çirkin mübarizə üsullarına son qoyub, yeni çağırışlara qoşulub sivil ictimai polemika və siyasi mübarizə aparmaq yolunu seçməlisiz ya da ki, Avropada komfortlu həyatınızı təmin etmək üçün əvvəlki barbar kimi yaşamınızı davam etdirməlisiniz.
Yəqin ki, ikincini seçməzsiniz, hərçənd ki, bu söz ilk dəfə və daha çox Avropaya (xüsusilə german tayfalarına şamil edilib) aid olub, amma nə qədər orada yaşasaz da axı Siz AZƏRBAYCANLISIZ!
Asif ƏSGƏRLİ
Azərbaycan Demokratik Tələbə
Gənclər Təşkilatının sədri, Milli
QHT Forumunun vitse-prezidenti