“Rəsul Quliyev son dövrlərdə nəinki başqalarına, heç özünə də hörmət etmir. Onun mövqeyi faktiki olaraq Azərbaycan ictimai rəyinə heç bir təsir göstərmir”.
Bu sözləri Lent.az-a açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. A.Hacılı Milli Şuranın üzvü, sabiq spiker Rəsul Quliyevin dünən mətbuata verdiyi müsahibəsində onun Müsavat başqanı seçilməsi ehtimalı barədə səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirərkən belə deyib.
Müsavat rəsmisinin sözlərinə görə, R.Quliyevin Azərbaycan ictimai rəyinə təsiri olmadığı üçün onun mətbuata verdiyi məsuliyyətsiz açıqlamalarını şərh etmir.
A.Hacılı Milli Şuranın növbəti sessiyasında Rəsul Quliyevin bu qurumun sıralarından kənarlaşdırılması barədə məsələ qaldırıb-qaldırmayacağı barədə suala cavab verməkdən isə imtina edib: “Mən Rəsul Quliyevlə bağlı məsələlərə şərh vermirəm. Sualınıza da əlavəm yoxdur”.