<span style="color:red;">Azərbaycan prezidenti:  "Biz Azərbaycanda güclü, özünəgüvənən dövlət qururuq"
29 yanvar 2016 16:34 (UTC +04:00)

Azərbaycan prezidenti: "Biz Azərbaycanda güclü, özünəgüvənən dövlət qururuq"

 

Prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşüb.

 

Lent.az AzərTAc-a istinadən xəbər verir ki, bir neçə gündən sonra Birinci Gənclər Forumunun 20-ci ildönümünün qeyd olunacağını deyən Prezident İlham Əliyev Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə keçirilən ilk Forumun Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Azərbaycanın müstəqillik tarixindən danışan dövlət başçısı ilk illərin xalq üçün ağır keçdiyini, Azərbaycana qarşı ermənilərin torpaq iddiaları ilə çıxış etdiyini, sovet rəhbərliyinin Bakıda cinayət törədərək günahsız insanları qətlə yetirdiyini deyib. Prezident İlham Əliyev bildirib ki, məhz o dövrdə Heydər Əliyev Moskvada sovet rəhbərliyinin cinayətkar əməllərini pisləyib: “Bu, nadir hadisə olmaqla Heydər Əliyevin cəsarətli addımı idi. Sonradan Ulu Öndərin Bakıya, buradan da Naxçıvana getməsi muxtar respublikanı ermənilərin işğalçılıq siyasətindən xilas etdi”.

 

“Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır”, - deyən dövlət başçısı söyləyib ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək.

 

1990-cı illərin əvvəllərindəki problemlərin əsas hissəsini hakimiyyət böhranı ilə əlaqələndirən prezident İlham Əliyev deyib ki, o dövrdə AXC-Müsavat hakimiyyəti xalq üçün böyük bəla idi: “Zorla hakimiyyətə yiyələnən bu qüvvələr torpaqlarımızın bir hissəsinin işğalında rol oynayıblar”.

 

Bu şəxslərin hakimiyyətə gəldikdən sonra bir-biriləri ilə mübarizə apardıqlarını, vəzifədən getdikdən sonra isə bəzilərinin qaçıb gizləndiyini deyən prezident İlham Əliyev 1993-cü ildən Heydər Əliyevin ölkədəki vəziyyəti normallaşdırdığını bildirib: “Heydər Əliyevin xidmətləri sayəsində “Əsrin müqaviləsi”nin imzalanması bir çox xarici qüvvələri hərəkətə gətirdi, onlar Azərbaycanda dövlət çevrilişlərinə cəhd etdilər, amma Ulu Öndər xalqın köməyi ilə vəziyyəti aradan qaldırdı”.

 

Prezident İlham Əliyev bildirib ki, indi əsas məqsəd ölkəmizdəki inkişafın dayanıqlı olmasını təmin etməkdir və bu məsələdə gənclərin fəaliyyəti, onların baxışları həlledici rola malikdir: “Biz Azərbaycanda güclü, özünəgüvənən dövlət qururuq və bu dövlət əbədi yaşamalıdır”.

 

Dövlət başçısı son 20 ili inkişaf və sabitlik dövrü kimi xarakterizə edib, Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasında təmsil olunduğunu, mühüm enerji layihələrini icra etdiyini, kosmik ölkəyə çevrildiyini, ölkədə iqtisadi şaxələndirmə aparıldığını, elmin və təhsilin inkişafı ilə bağlı mühüm addımların atıldığını, güclü ordunun və güclü sosial siyasətin qurulduğunu diqqətə çatdırıb. Hazırda iqtisadi sahədə ciddi islahatların aparılmasına böyük ehtiyacın olduğunu deyən Prezident İlham Əliyev bildirib ki, gələcək illər innovasiya dövrü olacaq və əsas sözü texnologiyalar deyəcək: “Buna görə də neftdən asılılıq tamamilə aradan qaldırılmalı, gənclər də cəmiyyətin bütün işlərində fəal rol oynamalıdırlar”.

 

Sonra Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə bir qrup gəncə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomları təqdim olundu.

 

Prezident İlham Əliyev könüllülər hərəkatının ölkədə böyük gələcəyinin olduğunu, peşə təhsilinin geniş vüsət almasının əhəmiyyətini vurğulayıb, dünyanın aparıcı ali məktəblərinin Azərbaycanda öz filiallarını açdığını diqqətə çatdırıb.

 

Gənclər və idman naziri Azad Rəhimov paytaxtda bir neçə Gənclər Evinin açıldığını deyib, bu prosesin davam etdiriləcəyini vurğulayıb.

 

Prezident İlham Əliyev ölkəmizdə bir çox intellektual beynəlxalq oyunların keçirilməsi ideyasını dəstəklədiyini bildirib.

 

Dövlət başçısı Azərbaycanın BMT başda olmaqla bütün beynəlxalq təşkilatlarla yüksək əlaqələrə malik olduğunu deyib, gənclərin beynəlxalq təşkilatlarda təmsilçiliyini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.

 

Prezident İlham Əliyev gələcəkdə Gənclər Fondunun fəaliyyətinə dəstək veriləcəyini və maliyyə yardımının davam etdiriləcəyini bildirib.

 

Sonda xatirə şəkli çəkdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 154
avatar

Oxşar yazılar