REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov və Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublunun barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.
Lent.az-ın məlumatına görə, bu barədə vəkil Cavad Cavadov özünün feysbuk səhifəsində yazıb: “Şəki Apellyasiya Məhkəməsində keçiriləcək iclas aprelin 22-nə təyin edilib”.
Qeyd edək ki, İ.Məmmədov və T.Yaqublu 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il, T.Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə apellyasiya şikayətlərini təmin etməyib. Bundan sonra İ.Məmmədov və T.Yaqublu kassasiya şikayəti veriblər. Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib.
Xatırladaq ki, T.Yaqublu prezident İlham Əliyevin imzaladığı sonuncu əfv sərəncamı ilə azadlığa çıxıb.