“Sən haradasan” rubrikasının bu dəfəki qonağı tanınmış jurnalist Azər Həsrətdir. Bir neçə il əvvəl bu ad qaynar olaylarda səslənər, mətbuat səhifələrindən düşməzdi. Biz onu təkcə duzlu-tikanlı yazılarına görə tanımırdıq, mitinqlərdə, mətbuatla bağlı proseslərdə də görürdük. 2005-ci il parlament seçkiləri ərəfəsində isə o, artıq siyasətlə məşğul olacağını bildirdi. “Azadlıq” blokunun tərkibində seçkilərə qatıldı. Deputatların sırasına qatıla bilmədi, amma bir sırada olduqlarını da tərk etdi. Uzun müddət kənarda qaldı. Bu yaxınlarda ictimai fəaliyyətlə bir daha qarşımıza çıxır. Amma bu, bizim tanıdığımız Azər Həsrətdən bir qədər fərqli insandır. Bu və digər məsələlərlə bağlı ona çoxdan bəri yığılan suallar var. Lakin ənənəmizə uyğun olaraq əvvəlcə soruşuruq:
-Sən haradasan Azər Həsrət?
- Bəli, son parlament seçkilərindən sonra 3 il ortada olmadım. Amma bu müddət ərzində kənarda qalmağın da xeyli faydası oldu. Proseslərə uzaqdan baxıb, kimin dost olduğunu, kimin olmadığını müəyyənləşdirdim. Bu ilin aprel ayından etibarən isə Beynəlxalq Avrasiya fondunda işləyirəm. Köhnə fəaliyyətimi, yəni aktiv jurnalistikanı bərpa etmək fikrim yoxdur. Amma bir sıra ictimai layihələr həyata keçirmək niyyətindəyəm. Əslində, bu işlərə başlamışam. “Yol” İctimai Birliyi adı altında təşəbbüs qrupu yaratdıq. Yol mədəniyyəti ilə bağlı çoxlu saylı problemlərin olmasını nəzərə alaraq, bu məsələlərlə məşğul oluruq. İkinci fəaliyyətim isə Orta Asiya və Güney Qafqaz söz azadlığı şəbəkəsinin bərpasıdır. Vaxtilə beynəlxalq mükafat qazanan bu samballı təşkilatın fəaliyyətinin dayanmasını rəva bilmədim. Necə deyərlər, aprel ayından bu yana ortalıqdayam. Son işimiz isə avqust - sentyabr aylarından başlayan “Seçki -2008” koalisiyasıdır.
-Heç jurnalist fəaliyyəti üçün darıxmırsız?
- Çox darıxıram. Bəzən ürəyim partlayır. Yazmaq istəyirəm. Hətta bir dəfə dözməyib, 4 qəzet səhifəsi yazı hazırladım. “24 saat” qəzetində çap olundu. 2005-ci il seçkilərində həyata keçirmək istədiyim bəzi işlər var idi, dedim, amma blok rəhbərliyi nədənsə eşitmədi. 3 ildən sonra dözməyib, bunları yazmaq qərarına gəldim. İkinci dəfə isə dilimizlə bağlı məsələdə dözümsüzlük göstərdim. Kimlərsə rus dilinin bir daha gündəmə gəlməsinin, ikinci ana dilimiz olmasının qayğısını çəkirdi. Əsəbi tonda “Dilimə dil uzadanlar” adlı yazı yazdım ki, bu da “Şərq” qəzetində dərc edildi.
-İndi də maraqlı hadisələr baş verir. Bizim tanıdığımız Azər Həsrət bu məsələlərin birini də münasibətsiz buraxmazdı...
- Təbii ki, hazırda hakimiyyətə, müxalifətə, həbsdə olan jurnalistlərə dair xeyli sözlər söyləmək olar. Amma bunlar yoxdur. Bu yoxluğun da bir çox səbəbləri var. Həbsdə olan jurnalistlərin hamısına “Allah qapınızı açsın” deyirəm. Bu adamların azad olunması üçün müəyyən çalışmalarım da var. Sadəcə olaraq, bir zaman elə bir hadisə baş verdi ki... Bunu mətbuata açmadım və indi də açmaq niyyətim yoxdur. Yalnız ona deyə bilərəm ki, bəzi adamlar oturduqları ağacın budağını kəsməyə başladılar. Necə deyərlər, “sənə lazım deyilsə, mənə dünəndən lazım deyil” deyə fikirləşdim. Mənə bu ölkədə dəyib-dolaşan olmayıb, sakit yaşamışam, bundan sonra da yəqin ki, belə yaşayacam. Ona görə də sizin bildiyiniz kükrəməyim, əsəbim, qəzəbim bir qədər arxa planda qalıb. Mən yaşımdan hələ şikayət etmək istəmirəm, lakin insan yaşa dolduqca bir qədər müdrikləşir, ağırlaşır. Olsun ki, bu məsələlər də öz sözünü deyir.
-Amma elə bil, 3 il kənarda qalmağınızın əsas səbəblərini aça bilmədik...
- Bilirsiniz, mən həddən artıq sərbəst adamam. Yaxın dostlarım da həmişə deyirlər ki, bu xüsusiyyətinə görə səni nə iqtidarda, nə də müxalifətdə qəbul etməyəcəklər. Kim olur-olsun, qüsuru üzə deməkdən çəkinmirəm. Müxalifətdə də elə belə idim. Amma təəssüf ki, müxalifətdəki dostlarımız öz qüsurlarını dilə gətirməyi bacarmırlar. Belə olduğu halda hakimiyyəti dözümsüzlükdə necə tənqid edə bilərik? Müxalifət qüsursuzluğunu iddia edir. Amma belə deyil axı. Səhvlər olub, indinin özündə də var. Bunu dilə gətirməkdən qorxuruqsa, mənim bu cəbhədən yerim ola bilməz. Amma mən içimdə, xaraktercə müxalifətçiyəm. Həmişə demişəm ki, mən yalquzağam. Yəni xarakterim budur. Tək olanda bütün fikirlərimi həyata keçirə bilirəm. Vay o gündən ki, kimlərləsə birləşim, o zaman bütün işlər alt-üst olur.
-Yəni deyirsiniz, 2005-ci ildə parlament seçkilərinə “Azadlıq” bloku ilə yox yalquzaq kimi tək getsəydiz, uğur əldə edərdiz?
- Bunu demək çətindir. Deyə bilmərəm ki, yalnız bu blokun üzvü olduğum üçün aldandım, parlamentə düşə bilmədim. Mənə başqa istiqamətdən çox ciddi şəkildə təkliflər var idi. Təkliflər ondan ibarət idi ki, bu blokdan yox, gəl bizimlə get və sənin parlamentdəki yerini təmin edək. Sadəcə olaraq, əqidəmə görə blokla birlikdə getməyə üstünlük verdim və bu blokda mübarizədə hamılıqla uduzduq. Mən onunla razı deyiləm ki, hakimiyyət seçkiləri saxtalaşdırdı deyə biz qalib gələ bilmədik. Xeyr. Demək, biz kifayət qədər güclü deyilik ki, hakimiyyət asanlıqla bizi parlamentdən kənarda qoya bilir. Bu proseslərdə çox ciddi məqamlar var idi. Mən bunları blok rəhbərliyinin diqqətinə çatdırdım ki, gəlin birlikdə bu səhvlərimizi müzakirə edək. Amma təkliflərim dinlənilmədi. Belə vəziyyətdə isə orada qala bilməzdim. Siyasi baxışlarım isə yerindədir, yalnız yanaşma tərzim fərqlidir. 2005-ci ildə Nizami Xudiyev doğrudan qalib gəlsəydi, mən mütləq onun əlini sıxıb təbrik edəcəkdim. Amma vəziyyət belə deyildi. Bir çox YAP-çılar var idi ki, bu insanlar doğrudan da qalib gəlmişdi. Biz “Azadlıq” bloku olaraq mütləq onları təbrik etməliydik. Biz gözümüzü yumub, hər şeyi qara görə bilmərik.
-Kənarda qaldığınız müddətdə blokdakı dostlarınız sizi arayıb-axtardılarmı?
- Nəinki blokdan, heç mətbuatdan da axtarmadılar. Mən blokun bu münasibətindən qətiyyən narahat deyildim. Amma gözləyirdim ki, jurnalistika məni unutmaz. Adam umduğu yerdən küsər. Yaxın tariximizdə elə faktlar var ki, şəxsən mənim müdaxiləm, beynəlxalq təşkilatların vasitəsilə həbsdən jurnalistlər azad olub. Bağlanmış qəzetlərin çapını bərpa etmişik. Təəccüblü odur ki, bir neçə qəzeti çıxmaqla, məni axtarmırdılar. Mən özüm də heç bir təşəbbüs göstərmədən kimlərin yadına düşdüyümü izləyirdim. Hətta elə oldu ki, ortaya çıxandan sonra bəziləri bəhanələr gətirilər ki, bəs biz elə bilirik sən xaricdəsən. Bizim dövrümüzdə jurnalistlər həbsdə qalmazdılar. İndi əksəriyyət çəkilib oturub kənarda. Bu şəraitdə proseslərə əvvəlki kimi müdaxilə etməyi doğru hesab etmirəm. Çünki bir çox jurnalist təşkilatlarından könüllü şəkildə gedən adamam. İndi belə vəzifələri yerinə yetirməyim düzgün görünməz. Bir də, hesab edirəm ki, mən öz missiyamı yerinə yetirmişəm, qoy yeniləri gəlsinlər.
-Mətbuatın hazırkı durumda olmasında mətbuatın öz günahları varmı və bunlar nədir?
- Ən birincisi odur ki, biz müstəqil ola bilmirik. Və bunun da bir çox səbəbləri var. Bu səbəblərdən biri də jurnalistlərin özlərinin həddən artıq siyasiləşməsidir. Elə köhnə yazılarıma baxanda görürəm ki, bir siyasi liderin cəsarət etmədiyi, deyə bilmədiyi sözləri demişəm. Bir siyasi liderdən daha kəskin şəkildə hakimiyyətə qarşı mübarizə aparmışam. Əslində, jurnalistin işi bu deyil. Sadəcə, gördüyünü yazıb tənqid etmək də olar. Amma bizim jurnalistlərin böyük əksəriyyəti hələ də siyasiləşməkdən yaxa qurtara bilmirlər. İkinci səbəb isə budur ki, jurnalistlər öz üzərində işləmirlər. Əksəriyyət kabinet jurnalisti olub. Oturduqları yerdən işləmək istəyirlər. Gedib hansısa hadisəyə tarixi şahidlik etmirlər. Hətta tədbirlərə belə getməyə ərinirlər. Bundan başqa, əcnəbi dillərin öyrənilməsində, texniki inkişafın nəbzini tutmaqda problemlər var. Elə buna görə də yerimizdə sayırıq.
-Sizcə bu vəziyyət nə qədər davam edəcək?
- Açıq deyim ki, son vaxtlar qəlbimi riqqətə gətirən yazılara da rast gəlirdim. “APA”-nın Hüseyn Cavidlə bağlı araşdırması, Mixaylonun qəbrinin tapılması kimi materiallarla tanış olmaq çox xoş idi. Dostlarla bunu müzakirə də etdik. Amma yazılı KİV-də xüsusi araşdırmalara rast gəlinmir. Elə qəzet var ki, bir partiya liderinin bu gün müsahibəsini verir, sabah bəyanatını çap edir, sonrakı gün kiminləsə görüşdüyünü bildirir və sair. Mən bir oxucu olaraq bu tip yazıları oxumuram. 30 ölkədə olmuşam, onların qəzetləri ilə tanışam. Orada belə qəzetə rast gəlmək olmaz. Vaxtilə mənim yazılarımdan xeyli razı qalan, hətta üzümə tərifləyənlər də var idi. Amma bir gün fikirləşdim ki, artıq mən deyəcəyimi dedim. Özü də biz o zamanlar Heydər Əliyev kimi insanı tənqid edirdik. Buna görə heç kim bir kəlmə də bildirmirdi. Hakimiyyət dözümlülük nümayiş etdirirdi. O vaxt sözümü dedim. Bu gün jurnalistikada dəhşət təkrarçılıq var. Eyni material 5 qəzetdə gedir. Aydın görünür ki, jurnalistlər alış-veriş edirlər. Bir xəbəri oxumaq üçün nədən 5 qəzet almalıyam ki?
-Seçki ilə bağlı düşüncələriniz nədir?
- Hesab edirəm ki, özünə güvənən istənilən lider seçkiyə qatılmalıydı. Biz indi boykot edənləri də, seçkiyə qatılanları da müşahidə edirik. Prezident seçkiləri başa çatandan sonra isə 2010 parlament seçkilərinə hazırlığa başlayacam. Hətta dostlarla bərabər siyasi təşkilatlanma barədə də düşünürük. Bir müddət sonra öz siyasi mövqeyimizi ortaya qoyacağıq.
-Təşkilati işlər başlayıb?
- İdeoloji işlər gedir. Hətta mənə belə bir təklif də olub ki, hazırda ortada olan bir siyasi partiyanın rəhbərliyinə gedim. Fikirləşirəm, hələ qəti qərar verməmişəm. Ola bilsin, biz yeni təşkilatla ortaya çıxaq. Hələ təşkilatlanırıq.
Səbinə Əvəzqızı
Azər Həsrət: “Mənə partiya rəhbərliyi təklif ediblər, fikirləşirəm...” MÜSAHİBƏ
2341