“Terror multikulturalizmə qarşı: Xocalı soyqırımı-26”
19 mart 2018 19:16 (UTC +04:00)

“Terror multikulturalizmə qarşı: Xocalı soyqırımı-26”

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici ölkələrdə fəaliyyət göstərən filiallarında və “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğu universitetlərdə “Terror multikulturalizmə qarşı: Xocalı soyqırımı-26” devizi altında silsilə tədbirlər keçirilib.

Mərkəzdən Lent.az-a verilən məlumatda bildirilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin törətdiyi ən dəhşətli və amansız cinayətlərdən biri kimi qiymətləndirilən Xocalı soyqırımına həsr edilən tədbirlərdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra insanlıq əleyhinə törədilmiş Xocalı soyqırımının dəhşətlərindən söz açılaraq bildirilib ki, bu faciədə qətlə yetirilən insanların öldürülmələrinin səbəbi onların müsəlman və azərbaycanlı olmaları idi. Bu, həmin faciənin məhz qətliam kimi dəyərləndirilməsinə bir sübutdur. Dünyanın müxtəlif qurumlarında, ölkələrin parlamentlərində Xocalı faciəsi ilə bağlı son dərəcə ciddi sənədlər qəbul edilib Bu gün dünya Xocalı faciəsini tanımağa başlayıb. Azərbaycanın dostları xalqımızın dərdinə şərik olur. Əlbəttə ki, 26 fevral simvolik bir tarixdir, faktiki olaraq hər gün Xocalı faciəsi azərbaycanlıların qəlbində bir yara kimi qalır.

Toplantılarda Xocalı faciəsinin Azərbaycan xalqının yarası olmaqla yanaşı, bütün dünyanın ağrısı və bəşəriyyətə qarşı yönələn cinayət kimi dəyərləndirilib. Soyqırımı cinayətini törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının zəruriliyi və cinayətkarların beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməsinin vacibliyi bəyan edilib. Diqqətə çatdırılıb ki, Azərbaycana qarşı hərbi təcavüzlə əlaqədar BMT Təhlükəsizlik Şurası, İslam Əməkdaşlıq Təşkilatı, AŞPA və digər mötəbər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlara məhəl qoymayan Ermənistan işğalçılıq siyasətini davam etdirir.

Xatırladaq ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin səkkiz xarici ölkədə - Rusiya, İtaliya, Almaniya, Portuqaliya, Moldova, İsrail, ABŞ və Bolqarıstanda filialları fəaliyyət göstərir. Eyni zamanda, “Azərbaycan multikulturalizmi” fənni də dünyanın 18 nüfuzlu ali təhsil ocağında uğurla tədris edilir. BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin ideya və təşəbbüsü ilə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri üzrə tədris proqramları Təhsil Nazirliyində təsdiq olunduqdan sonra sözügedən layihəyə start verilib, Mərkəzin xarici ölkələrdə filiallarının yaradılması işinə başlanılıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin apardığı ardıcıl və məqsədyönlü işin nəticəsində xaricdə filialların fəaliyyəti və “Azərbaycan multikulturalizmi” fənlərinin tədrisi daha geniş coğrafiyanı əhatə edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 153
avatar

Oxşar yazılar