“Mən Milli Şura formatını uğurlu hesab etmirəm və hələ də bu fikirdəyəm. Seçki dövründə də Milli Şura mexanizmi demək olar ki, işləmədi. Seçki yükünün 50 faizi Cəmil Həsənlinin çiyninə düşdü, yerdə qalan 50 faizi isə AXCP və Müsavat partiyaları arasında bölündü. Qurulan mexanizm bir növ Cəmil Həsənlinin əleyhinə işlədi”.
Bu sözləri Lent.az-a açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktoru və İctimai Palatanın Koordinasiya Şurasının üzvü Rauf Arifoğlu deyib. O bildirib ki, Milli Şuranın yaradılmasında iştirak edən 6 partiya olub, ancaq onlardan biri – Rəsul Quliyevin partiyası seçki kampaniyası dövründə bütün prosesə, Cəmil Həsənliyə və ümumilikdə müxalifət düşərgəsinə zərbə vurub: “Milli Şuranın yaradılmasında iştirak edən digər bir qurum isə hörmətli Lalə Şövkət xanımın partiyası idi. O da seçki dövründə bir müqayisə apardı və müxalifət düşərgəsində olan bütün insanları aşağıladı, təhqir etdi. Onun Milli Şuradakı təmsilçisi Əvəz Temirxan da ancaq aranı qatmaqla, Milli Şura formatından istifadə edərək, sağa-sola zərbələr yağdırmaqla məşğul oldu”.
R.Arifoğlu hesab edir ki, Milli Şurada təmsil olunan “El” Hərəkatının da seçki dövründə ümumi prosesə heç bir dəstəyi olmayıb: “Təsisçilərin 3-ü, yəni 50 faizi prosesin zərərinə işlədi. Milli Şurada olan digər partiyalar isə onsuzda əməkdaşlıq edirdi. Onlar bu əməkdaşlığı Milli Şura olmadan da davam etdirə bilərdilər”.
Baş redaktorun fikrincə, Milli Şuranın sədri Rüstəm İbrahimbəyov da seçki dövründə bu quruma və prosesə nəticələri gələcəkdə də fəsadlar doğuracaq zərbələr vurub: “Milli Şurada partlamamış minalar hələ də qalmaqdadır. Əvəz Temirxanın sonuncu sessiyada etdiyi hərəkətin timsalında bu bir daha göründü”.
R.Arifoğlunun sözlərinə görə, Milli Şura formatı birmənalı olaraq, eyni hədəfləri daşıyan insanların birləşdiyi düşərgə, struktur deyil.