“Cihad elan etmişdim” - MÜSAHİBƏ
16 mart 2013 12:10 (UTC +04:00)

“Cihad elan etmişdim” - MÜSAHİBƏ

Hüquq müdafiəçisi Vidadi İsgəndərli “Media forum” saytının suallarını cavablandırıb. Vidadi İsgəndərli 2011-ci ilin aprelində seçki hüquqlarının həyata keçirilməsinə mane olma, seçki komissiyalarının işinə müdaxilə etmə, döymə ittihamları ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Bir sıra yerli və beynəlxalq insan haqları qurumları onu vicdan məhbusu kimi tanıyıb. O, 2012-ci ilin dekabrında prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

 

- Həbsdən çıxandan sonra nə işlə məşğulsunuz?

 

- Mən türmədə də xalqı mübarizəyə səsləyirdim. Həbsdən çıxan gün, hələ “konslager”də məndən müsahibə alan jurnalistlərə elan etmişdim ki, heç bir cinayət törətməmişəm, bu hakimiyyət məni girov götürüb, prezidentin imzaladığı sərəncamı da girovluqdan azad edilmə kimi qiymətləndirirəm. Azadlığa çıxdığım gün geniş müsahibələrim oldu. Elan etdim ki, mübarizəmi davam etdirirəm. Xüsusən də rüşvət və korrupsiya ilə bağlı ölkədə baş verən cinayətlərə cihad elan etmişdim. Bildirmişdim ki, sensasiyalı məlumatlar verəcəm. Azad ediləndən bir gün sonra, dekabrın 29-da öz rayonumuza - doğulduğum Göyçay şəhərinə getdim. İlk mini-mitinqi elə Göyçayda keçirdim. Yüzlərlə insan məni plakatlarla, şüarlarla qarşıladı. Xalqı ilk dəfə açıq formada mübarizəyə orada səslədim. Dekabrın 30-da mediaya müsahibəmdə qeyd etdim ki, Azərbaycanda yeni mərhələ - mənim mübarizə mərhələm başlayır. Dedim ki, hakimiyyət dünyada çox dövlətdən çox şeyi pulla alır. Ona görə elan etdim ki, mənim mübarizəm nəinki ölkə çərçivəsində olacaq, həm də beynəlxalq xarakter daşıyacaq.

 

Artıq ölkə mətbuatına verdiyim müsahibələr zamanı telefonlarımın izləndiyini hiss etdim. Mətbuatda ölkə prezidentinə açıq məktubla müraciət etdim ki, məni, ailəmi yenə izləyirlər. Bildirdim ki, əgər bu izləmələr davam etsə, mən beynəlxalq məhkəməyə müraciət edəcəm. Yanvarın 19-da Bakının “Binə” yarmarkasında etiraz aksiyası oldu. Həmin hadisələrdə həbs edilmiş şəxslərin müdafiəsini öz üzərimə götürdüm. Daha sonra İsmayıllı hadisələri baş verdi. İsmayıllıda etiraz baş qaldıran gün, yanvarın 23-də gecə saat 11-də çoxdan tanıdığım bir vəzifəli şəxsdən mənə zəng gəldi. Zəng edən şəxs mənə Bakıdakı parklardan birində görüşməyi təklif etdi. Bildiyiniz kimi, mən uzun müddət prokurorluq orqanlarında işləmişəm, polisə nəzarət edən şəxs olmuşam. İstər hüquq mühafizə orqanlarında, istərsə də digər rəsmi qurumlarda yaxşı münasibətdə olduğum insanlar var.

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev də o dəqiqələrdə Fransadan mənə zəng etdi. Təəccüblü idi, zənglər üst-üstə düşürdü. Bilirsiniz ki, İctimai Palatada Elşad Abdullayevin yaydığı faktlar üzrə rüşvət və korrupsiyaya qarşı mübarizə komissiyası yaradılıb, mən həmin komissiyanın sədriyəm.

İsmayıllı hadisələri baş verən gün parkda keçirilən o görüşdə biz danışdıq ki, üstümüzdəki bütün əşyaları təcrid edək və təmiz söhbət aparaq. Həmin şəxs uzun illər orqanda çalışmış bir insandır. Bilir ki, mən də bu sistemi bilirəm. Bütün əşyaları kənara qoyub ayaq üstə təxminən üç saata yaxın söhbət etdik. Mənimlə maraqlandı, səhhətimi soruşdu. Məni niyə çağırdığını soruşdum. Dedi elə-belə söhbətləşmək istəyirəm, səni tez-tez görürəm. Dedim necə görə bilərsən ki, türmədən 15 gündür çıxmışam. Dedi mənim xəbərim olmayıb heç. Hər şeyi danışdım. Məni dinləyəndən sonra qəfil soruşdu ki, neçə uşağın var? Sualın xoşməramlı olmadığını anladım. Soruşdum nə olub ki? İsrarla yenə uşaqlarımın sayını və yaşını soruşdu. Dedim 12 və 8 yaşlarında iki qızım var. Dedi onlara yazığın gəlmir? Dedim niyə yazığım gəlməlidir ki? Cavab verdi ki, sən hakimiyyətlə münasibətdə qırmızı xətti keçmisən, başqa əlacın yoxdur, fəaliyyətində dəyişiklik etməlisən, etməsən, sənin üçün pis olacaq. O üç saat boyu xahiş etdi ki, hərəkətlərimə sərhəd qoyum...

Vurğuladı ki, dost kimi çatdırır bu fikirləri. Əlbəttə, bu söhbət mənə təsir etdi. Düşündüm ki, bəlkə də ticarət yarmarkalarındakı vergidən yayınma haqda açıqlamalarımla bağlıdır bu görüş. Soruşdum səni kim göndərib? Cavab verdi ki, sonra deyərəm. Amma gördü ki, alınmır, dedi məni bura siyasi hakimiyyət orqanları göndərib. Səni öldürəcəklər, balalarına yazığın gəlsin.

Bilirsiniz, mən 30 il orqan işçisi olmuşam, siyasətin içindəyəm. Amma ilk dəfə idi özümə qarşı belə basqı görürdüm. Ona dedim ki, türmədən də yazmışam bunları, məni öldürməyə ehtiyac yoxdur, mən demokratiya uğrunda özümü şəhid etmişəm. Milləti qaldırmaq naminə hər dəqiqə Prezident Administrasiyası qarşısında özümü yandırıb intihar etməyə hazıram. Hiss etdim ki, qorxdu. Ölümdən qorxmayan insanlar hakimiyyət üçün təhlükə mənbəyidir. Yenə soruşdu ki, balalarına yazığın gəlmir? Dedim sizi kim göndəribsə, gedin onlara deyin ki, mənim balalarımın başından bir tük əskik olsa, özümə atom bombası bağlayıb Azərbaycanı partladaram. Bir az çəkindi, söhbət alınmadı. Dedi get, fikirləş. Evə qayıtdım. Onu da deyim ki, Elşad Abdullayevin zəngi ilə bu görüş arasında əlaqə olmadığını başa düşdüm.

 

- Görüşdə sizə deyilənləri evdə ailə üzvlərinizə danışdınızmı?

 

- Heç kəsə demədim. İki gün sonra İsmayıllıya getdim. İsmayıllıya getməyimi rəsmiləşdirmək üçün daxili işlər orqanları ilə əlaqə saxladım. Bildirdim ki, hüquq müdafiəçisi kimi monitorinq aparmaq istəyirəm. Kürdəmirə çatanda oradan mənə zəng gəldi.

 

- İsmayıllıya Kürdəmir yolu ilə gedirdiniz?

 

- İsmayıllı yolu ilə getmədim ki, tuta bilərlər. Göyçaydan ora getmək mənim üçün asandır. Həm də bəzi adamları da özümlə götürmək istəyirdim. Monitorinqlə bağlı müraciətimin cavabında məni ittiham etdilər ki, aksiyaların arxasında duran elə sənsən, sən dövlətin, xalqın düşmənisən. Mənə rəsmi şəkildə xəbərdarlıq edildi ki, İsmayıllıya girsən, həbs olunacaqsan.

Göyçaya çatanda da mənə zəng gəldi, bildirildi ki, həbs ediləcəm. İsmayıllıya girməmiş, İvanovka kəndinin ərazisində mülki geyimli şəxslər məni geri qaytardılar. Ayın 27-də yenə İsmayıllıya getdim. Əvvəldən də elan etdim ki, məni tutsalar, bilinsin. Bakıya qayıdanda yaşadığım binanın həyətində mülki geyimli şəxslərin olduğunu gördüm.

Vəkil Xalid Bağırova zəng etdim. Bundan qabaq bir neçə dəfə o məni evimizə yola salmışdı. Hələ İsmayıllı hadisələrindən və parkdakı görüşdən əvvəl onunla gecə evə gələndə nömrəsiz bir avtomobildə mülki geyimli şəxslərin oturduğunu hiss etmişdik.

Parkdakı görüşdən ayrılıb evə gələndə isə arxadan məni BMW markalı nömrəsiz avtomobillər müşayiət etmişdi. Anlayırdım ki, vəziyyət pisdir. Ayın 29-u yenə mənə zəng edib görüşmək təklif etdilər. Səsi diktofona yazmaq istədim, yaza bilmədim, hazırlıqlı gəlmişdilər. Mən sizə çox şey danışa bilərəm. Amma bunları sübut etmək lazımdır. Bu dəfə görüşdüyüm şəxs mənə dedi ki, onlarda informasiya var, guya İran və Rusiya agentura şəbəkəsi Azərbaycanda iğtişaş salmaq məqsədilə məni qətlə yetirmək istəyir. Mənə bunun “Elmar Hüseynov variantı” olduğunu fikirləşdim. Əvvəlcə səni öldürəcəklər deyirlər, sonra öldürüb günahı başqasının üstünə atırlar.

Mən ATƏT-in nümayəndələri ilə əlaqə saxladım, vəziyyəti onlara danışdım. Onlar mənə kömək etdilər. Yanvarın 30-da uşaqlarımı, həyat yoldaşımı götürüb ATƏT nümayəndəliyinin məsləhət gördüyü bir səfirliyə getdim. Həmin səfirlikdən dərhal övladlarıma siyasi sığınacaq istədim. Ailəmlə birlikdə iki gün səfirliyin binasında qaldıq. Avropa İttifaqı ölkələrini təmsil edən bir neçə səfir bu məsələ ilə əlaqədar Prezident Administrasiyasına yollandı. İki gündən sonra səfirlərdən biri mənə dedi ki, administrasiyada keçirilən görüşlərdən sonra mənim başıma gələn hadisələr barədə ölkə prezidentinə məruzə edilib. Səfirlə söhbət zamanı parkda görüşdüyüm şəxsdən mənə zəng gəldi. Telefon nömrəsini səfirə göstərdim. Məndən əl çəkmədiklərini bildirdim. Zəngə cavab vermədik.

Sonra səfir özü yanıma gəldi, artıq prezidentin işə qarışdığını dedi. Mənə bildirildi ki, prezident mənim və ailəmin təhlükəsizliyinə zəmanət verib. Elan etdim ki, hakimiyyətə inanmıram. Uşaqları ölkədən çıxarmaq üçün viza pulunu ödədik, sənədləri təqdim etdik. Səfirlər də etiraf edirdilər ki, ölkə rəhbərliyi mənim fəaliyyətimə müəyyən yumşaqlıq gətirməyimi istəyir. Deyirdilər ki, bunu etməsəm, nə həyatıma, nə də həbs edilməyəcəyimə zəmanət verə bilərlər. Soruşdum ki, yumşaqlıq deyəndə nə nəzərdə tutulur? Mən rüşvətə, korrupsiyaya qarşı və azadlıq uğrunda mübarizə aparıram. Sığınacaq tapdığımız səfirliyin başçısından soruşdum ki, mənim və ya övladlarımın başına iş gəlsə, kim cavab verəcək? Səfir cavab verdi ki, ölkə rəhbərliyi sizin təhlükəsizliyinin təmin olunacağını bildirib. Gecə saat 11-də səfirliyin üç əməkdaşı mühafizə xidməti ilə birgə bizi evə gətirdi. Səfirliyin nümayəndələri evin içinə baxdı. Artıq mülki geyimli şəxslər də yox idi. Açığını deyim ki, uşaqlarımın taleyi ilə oynaya bilmərəm. Həmin gündən etibarən heç bir tədbirdə iştirak etməmişəm.

Mən bu gün də uşaqlarıma siyasi sığınacaq istəyirəm. Amma nə ailəmin, nə də mənim buradan çıxmağıma icazə verilir.

 

- Necə çıxa bilmirsiz, sərhəddən buraxmırlar?

 

- Övladlarımı aparmaq istədim. Səfirlikdən dedilər ki, mənim ölkədən çıxmağıma icazə vermirlər. Səfirliyə belə deyiblər.

 

- Amma uşaqlar gedə bilər...

 

- Yox, uşaqlar azyaşlıdır, onları hara buraxım?

 

- Bəlkə cəhd edəsiniz?

 

- Viza vermirlər axı. Üstündən 48 gün keçib. Nə səfirlik, nə də Avropa İttifaqı ailəmlə bağlı bir söz deyir. Mən Avropa dövlətlərinin imicinə zərbə vurmaq istəməzdim, amma onlara demişəm, siyasi sığınacaq verilməsə, məhkəməyə müraciət edəcəm.

 

- Uşaqlarınızın təhsili, məktəbə gedib-gəlməsi məsələsi necə həll edildi?

 

- Dərsə getmədilər, evdə oturdular. Mənə səfirlikdən deyiblər ki, axşam saat 6-dan sonra çölə çıxma.

 

- İndi vəziyyət necədir?

 

- Məni xaricə buraxmırlar, ölkədə girov saxlayırlar. Nə etməliyəm? Ya fəaliyyətimi dayandırmalıyam, ya da onların üzərinə getməliyəm. Martın 3-də Göyçayda hadisə baş verəndə rayona getdim, məni həbs etdilər. Mən hüquq müdafiəçisiyəm, amma fəaliyyət göstərməyimə icazə vermirlər.

 

- Uşaqlarınıza, ailənizə birbaşa təzyiq olubmu?

 

- Yox. Sadəcə ata kimi narahat idim. Burada hakimiyyətin oynadığı oyunun mahiyyəti bilirsizmi nədədir? Adam göndərirlər, guya ki, xoş məramla gəlib. Əslində isə gəlib ki, yuxarıların xəbərdarlığını çatdırsın. Səfirlikdən çıxandan sonra da parkda görüşdüyümm şəxs mənə zəng etdi.

 

- Yenə görüşdünüzmü?

 

- Yox. Mənə təklif etdi ki, qardaşım vasitəsilə, ümumi tanışımız olan adamla birlikdə görüşək. Məndən böyükdürlər, guya ağsaqqallıq edib məni bu yoldan çəkindirəcəklər. Onların təşəbbüsü ilə mənim bir nəfərlə də görüşüm olub. Həmin şəxs dövlət aparatında işləyir.

 

- Bu görüş nə vaxt olub?

 

- Səhv etmirəmsə, yanvarın 29-da. Sizə bir həqiqəti də deyim. Mənə o qədər iynə vurublar ki, hərdən heç adımı da yaz bilmirəm. Yaddaşımı, görmə qabiliyyətimi itirmişəm.

 

- Bu hadisələrlə bağlı hüquq mühafizə orqanlarına müraciət etmişdinizmi?

 

- Kimə müraciət edim? Bu işləri özləri təşkil edirlər. Özlərindən özlərinə şikayət edim? Üzümü məni və ailəmi hədələyənlərə tuturam: haqqınızda təkzibolunmaz faktlarım var, məni onları açıqlamağa məcbur etməyin. Məni balalarımla hədələyiblər. Guya Rusiya və İran kəşfiyyatının məni öldürəcəyi haqda məlumat da məhz həmin hədə mənbələrindən gəlib.

 

- Bütün baş verənlərdən sonra nə etməyi düşünürsünüz? Ailənizin təhlükəsizliyini, öz təhlükəsizliyinizi təmin etmək üçün nə planlarınız var?

 

- Prezidentliyə namizəd olacağımı elan etmişəm. Bunu etməyimin bir neçə səbəbi var. Birincisi, xalqın əqidəsi hər tərəfdən repressiyaya məruz qalıb, xalq isə reaksiya verə bilmir. Regionlara getsəniz görəcəksiniz ki, insanların 70 faizi latın qrafikasını bilmir, 35 faizi isə savadsızdır.

 

Prezidentliyə namizəd olmaq haqqında hələ həbsxanada olarkən düşünürdüm. Məqsədim heç də bütün məsuliyyəti boynuma götürüb ölkə prezidenti seçilmək deyil. Söhbət ondan gedir ki, Müsavat başqanı İsa Qəmbər prezidentliyə namizəd olacağını açıqlayıb, hakimiyyət orqanları onun bir şəhərdən digərinə getməsinə imkan vermir. Anam Göyçayda yaşayır. Hüquq müdafiəçisi kimi məni Göyçaya getməyə qoymurlar. Yəni əsas məqsədim regionlarda insanların siyasi aktivliyini artırmaq, birliyini təşkil etmək, rejimə qarşı mübarizə aparmaqdır.

Türmədə mənə verilən işgəncə bəlkə də Azərbaycan tarixində heç kəsin başına gəlməyib. Söhbət fiziki işgəncədən getmir. Mənə o qədər iynə vurublar ki, bu dəqiqə sol ayağım, demək olar, fəaliyyətsizdir, qaldıra bilmirəm. Şəkər xəstəliyimlə əlaqədar problemlərim var. Bu hadisələrdən sonra sümük ağrılarım başlayıb. Hüquq müdafiəçisi Novella Cəfəroğlu mənə dedi ki, xarici dövlətlərin birindən hüquq müdafiəçiləri gəlib, mənim müalicə olunmağım məsələsini beynəlxalq təşkilatlar qarşısında qaldırıblar. Əgər o təşkilatlar razılıq versə, məni müalicəyə göndərəcəklər. Çünki mən fiziki cəhətdən tükənmişəm. Görmə qabiliyyətim, yaddaşım zəifləyib, hətta yazmağa da çətinlik şəkirəm.

Ailəmə siyasi sığınacaq verilərsə, bu və ya digər səbəbdən ölkəni tərk etsəm, məqsədim bütün dünya azərbaycanlılarını birləşdirib Azərbaycan hakimiyyətinə qarşı mübarizə aparmaqdır. Yəni ölkə çərçivəsindən çıxaraq korrupsiya və rüşvətxorluğa qurşanmış beynəlxalq qurumlara, özünü hegemon sayan ölkələrə qarşı da mübarizə aparacam.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 855
avatar

Oxşar yazılar