Hakimiyyəti silah gücünə ələ keçirən, bəziləri 30 ildən artıqdır ki, öz ölkələrində hakimiyyəti əllərində saxlayan diktatorlar Rusiya-Afrika forumunda Rusiya prezidenti Vladimir Putinin qonağı olublar.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Zimbabve prezidenti Emmerson Mnanqaqva qatarı partlatdığına görə 10 il həbsdə yatıb və hərbi çevrilişlə hakimiyyətə gəlib. O, "Timsah" ləqəbini - təxribat qrupunun adı ilə, həm də rəqiblərinə qarşı qəddarlığa görə alıb.
Uqanda prezidenti Yoveri Museeveni 37 ildir bu postdadır. Bunun üçün konstitusiyanı da dəyişib. Müxalifətçilərdən biri tənqid edəndə deyib: “Onu tutub piroq kimi yeyəcəyik”.
Malinin "keçid prezidenti" Assimi Qoita hakimiyyəti hərbi qiyamla əldə edib. Üç il ərzində o, özünə qarşı qiyamın ikisinin qarşısını alıb.
Eritreya prezidenti İsaayas Afeverki 30 ildir hakimiyyətdədir. 1997-ci ildə prezident seçkilərini ləğv edbi. Ölkədə işgəncələrə məruz qalan 10 mindən çox siyasi məhbus var.
Burkina-Fasonun "müvəqqəti prezidenti" İbrahim Traore 2022-ci ilin sentyabrında hərbi qiyamla hakimiyyətə gəlib. "Vaqner" özəl hərbi şirkəti bu işdə ona kömək edib.
Sankt-Peterburqda Kremlin təbliğat məqsədilə - Ukraynaya təcavüzün Rusiyanı yaramaz dövlətə çevirmədiyini göstərmək üçün istifadə etmək niyyətində olan iki günlük Rusiya-Afrika sammiti başlayıb. Praktikada isə hər şey Putin üçün o qədər də sevindirici deyil. Xüsusilə, sammitə əksər Afrika liderləri məhəl qoymayıb.
Afrika ölkələri keçmiş “taxıl müqaviləsi”nin iştirakçılarından həm Rusiya, həm də Ukrayna taxılının qitəyə çatdırılmasını asanlaşdırmaq üçün Qara dənizdən keçərək taxıl ixrac etməyi xahiş edirlər. Bunu Afrika İttifaqının sədri, Komor adalarının prezidenti Azali Assumani deyib.