Prezident İlham Əliyev
29 aprel 2022 15:43 (UTC +04:00)

Prezident İlham Əliyev

Sərhədlər müəyyənləşdirilərkən bu xəritələr əsas götürüləcək – Prezident qəti danışdı

Aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanla birgə görüşdən sonra Ermənistanla Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası, sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətinin təmin edilməsi Soçi Bəyanatına (26 noyabr 2021-ci il) uyğun olaraq Birgə Sərhəd Komissiyasına həvalə edilmişdi.

Həmçinin, iki ölkə xarici işlər nazirlərinə bütün zəruri məsələlərin həll olunacağı gələcək sülh müqaviləsinin hazırlanmasını işləyib hazırlamaq tapşırılmışdı. 

Mövzu ətrafında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında ötən gün telefon danışığında dövlət başçıları səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq fikir mübadiləsi aparılıb.

Tərəflər Birgə Sərhəd Komissiyasının iştirakçılarının parametrləri barədə razılığa gəliblər. Birgə Sərhəd Komissiyasının, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkil olunmasına dair razılıq əldə olunub. 

Lent.az xəbər verir ki, bu gün Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda sərhədlərin müəyyənləşdirilməsi zamanı diqqət yetiriləcək bir sıra məqamlara diqqət çəkib. 

“Bizim mövqeyimiz budur ki, sərhədlərin müəyyənləşdirilməsi zamanı biz tarixi və əlbəttə ki, Cənubi Qafqazın sovetləşdirilməsindən sonrakı mümkün olan xəritələri nəzərə almalıyıq”.

Azərbaycan Prezidenti xüsusi olaraq vurğulayıb ki, diqqəti sadəcə bir xəritəyə yönəldə bilmərik: 

“İrəvanın Azərbaycanın bir hissəsi olduğu 1918-ci ildən başlayaraq bir çox xəritələr olub. Eləcə də Zəngəzurun Azərbaycanın bir hissəsi olduğu 1920-ci ilin noyabrından əvvəl. 
Hazırkı İran-Ermənistan sərhədində azərbaycanlılar məskunlaşmışdılar və buranın erməni xalqı ilə heç bir əlaqəsi yox idi. Zəngəzurun Ermənistana verilməsi 1920-ci ilin noyabrında sovet hökumətinin qərarı idi. Amma Ermənistana verilərkən o, indiki kimi 42 kilometr deyildi, daha dar idi. Amma sonradan müxtəlif hiylələrlə ermənilər İranla yeganə sərhədləri olan bu ərazini genişləndirdilər”.

Prezident İlham Əliyev qəti şəkildə bəyan edib ki, Ermənistanla sərhədləri müəyyənləşdirərkən 1918-ci ildən 1991-ci ilədək bütün xəritələr götürüləcək:

“Ona görə də bizim mövqeyimiz budur ki, biz məsələn, 1918-ci ildən və ya daha əvvəldən başlayaraq 1991-ci ildə Sovet İttifaqı dağılanadək bütün xəritələri götürəcəyik. Amma, əlbəttə bu, bizim birgə İşçi qrupumuzun müzakirələrinin bir hissəsi olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3186
avatar

Rəşad Sarıyev

Oxşar yazılar