Ukraynada hərbi əməliyyatlar zamanı canlı qüvvə və texnika baxımdan böyük itkilər verən Rusiya muzdlu döyüşçülərdən geniş istifadə etməyi planlaşdırır.
Belə ki, “Hizbullah” qruplaşmasının 800-1000 üzvü Rusiya tərəfdən Ukraynaya qarşı vuruşmağa hazır olduğunu bəyan edib.
Lent.az xəbər verir ki, bu barədə Livanın “Əl-Hadas” telekanalı məlumat yayıb.
Telekanal məsələ ilə bağlı Beyrutda “Vaqner” özəl hərbi şirkəti ilə “Hizbullah” arasında görüş keçirildiyini və razılıq əldə olunduğunu yazıb. İlk 200 döyüşçünün martın 29-da Belarusun Qomel vilayətindəki aerodromlardan birinə gətiriləcəyi planlaşdırılır.
Hər “Hizbullah” döyüşçüsünün döyüşlərdə iştirakına görə ayda 1500 ABŞ dolları alacağı bildirilir.
Rusiya tərəfi pulla yanaşı, “Hizbullah” və İran dövlətinə silah ticarətində bəzi güzəştlər etməyi də planlaşdırır.
“Əl-Hadas” telekanalı qruplaşmanın razılaşmadan sonra Suriyanın Kuseyr, Hələb, Yabrud və Saida-Zeynəb həmçinin, Livanın paytaxtı Beyrutun cənub səmtində döyüşçülər üçün qəbul məntəqələri yaratdığı iddia olunur.
Qeyd edək ki, Qərb mediası Rusiyanın hərbi əməliyyatların başlanmasından keçən 1 ay müddətinə ciddi itkilər verdiyini, Ermənistanda, Tacikistanda, Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrində yerləşən hərbi kontingentinin bir hissəsini, Azərbaycanın Qarabağ bölgəsində yerləşən sülhməramlı kontingentinin bir qismini Ukraynaya yönəltdiyini yazıb.