Hazırda Amerikada yaşayan azərbaycanlı siyasətçi, Milli Məclisin keçmiş spikeri Rəsul Quliyev Fransa prezidenti Emanuel Makronun son açıqlamalarına münasibət bildirən yazı hazırlayıb.
Sabiq spiker məqaləsini "APA Group"a göndərib.
Lent.az həmin məqaləni təqdim edir:
"Fransada prezident idarəçilik institutu general De Qoll tərəfindən 1960-cı illərdə yaradılmışdır. O vaxtdan bu günə qədər fransız xalqının seçdiyi prezidentlərin hər birinin xalq tərəfindən hansı səviyyədə dəstəkləndiyini çox dərindən bilirəm. Çünki fransızlar və onların seçdikləri prezidentlər bir qədər özündən müştəbeh və heç bir səbəb olmadan Türkiyə və Azərbaycana qarşı mövqedə olublar.
Bunların içərisində ən özündən müştəbehi və ümumiyyətlə siyasətdən başı çıxmayanı Emmanuel Makrondur. Bəlkə də heç kimin yadında deyil, ancaq mən çox yaxşı xatırlayıram, Makron prezident seçilən kimi dünyanı yenidən qurmağın lazım olduğunu qeyd etdi. NATO-nun artıq əhəmiyyətini itirdiyini, Avropanın öz ordusunu yaratmaq ideyası ilə çıxış etdi. Vergi sistemini yeni prinsiplərlə qurmağın vacibliyindən danışdı. Fransanı mitinqlər, tətillər bürüdü. Makron ikinci prezident seçkisinə fransızların 20 faiz dəstəyi ilə daxil oldu. Onun xoşbəxtliyindən rəqibi ikinci dəfə nasional sosialistlərin lideri oldu. Fransızlar təbii ki, Makronun yerinə kim namizəd olsaydı ona səs verəcəkdi. Avropanın ümumi məhsul istehsalının heç 8 faizini belə verə bilməyən Makron Avropa İttifaqının yaradıcısı kimi özünü dünyaya təqdim edirdi. Həmişə (xüsusilə də 19-cu əsrdən) Almaniyanın qapazaltısı olmuş Fransanın bugünkü prezidenti Makronun özünü böyük “siyasətçi”, “aparıcı dövlət rəhbəri” kimi göstərməsi onun ağlının yerində olmadığından xəbər verir. Bu əldəqayırma strateq Rusiya Ukrayna müharibəsinə münasibət bildirdi və “Ukrayna gərək torpaqlarını Rusiyaya verə, çünki Putinin avtoritetini, hörmətini saxlamaq lazımdır” dedi.
Azərbaycan torpaqlarını azad etməyə başladığı gündən bəri bu alayarımçıq prezident Azərbaycan və Türkiyənin əleyhinə çıxışlar edir.
Səmimi desək mən Praqada keçirilən son görüşdə onun Azərbaycan-Ermənistan münasibətlərinin Avropa İttifaqı ilə keçirdiyi görüşdə iştirak etməsindən təəcübləndim. Fikirləşdim ki, ola bilməz bu adam belə tez ağıllansın və hadisələri düzgün qiymətləndirə bilsin. Çox az vaxtdan sonra Makron əsl sifətini hər kəsə açaraq göstərmiş oldu. Azərbaycan əleyhinə söylədiyi şər-böhtan sözlər Makronun böyük siyasətçi yox, tərbiyəsiz küçə uşağı olduğunu göstərdi. Hesab edirəm ki, Avropa İttifaqının rəhbərlərinin Azərbaycan prezidenti İlham Əliyev ilə danışıqlar aparıb təbii qazın Avropaya verilməsi sövdələşməsini həyata keçirdiyi bir zamanda özünü Avropanın lideri hesab edən bu özündən müştəbehin Avropa İttifaqının dostu Azərbaycanın əleyhinə yaramaz ifadələr istifadə etməsi bu insanın real həyatdan nə qədər uzaq olduğunu göstərir.
Bir çoxları Fransada erməni lobbisinin gücündən qorxduğu üçün Makron belə yaramazlıqlara əl atır düşünürlər. Əslində bu belə deyil. Çünki Makron birdə prezident seçilməyəcək. Ona görədə Makrona erməni lobbisinin səsi daha lazım deyil. O, bilməsə də hər halda Fransa Xarici İşlər Nazirliyi - ABŞ-ın, Böyük Britanyanın və eləcə də Avropa İttifaqının Azərbaycanın siyasətini dəstəklədiyini çox gözəl bilir. Sadəcə olaraq bu insan siyasi səhnədə qalmaq üçün belə qeyri-normal bəyanatları ilə diqqəti özünə cəlb etmək istəyir. Hesab edirəm ki, Azərbaycan Avropa İttifaqı, Böyük Britanya və ABŞ-la öz siyasətini axıra çatdırmalıdır. Makron kimi xəstə düşüncə tərzinə malik, primitiv siyasi təhlil bacarığı belə olmayan adamlara fikir verməməlidir".