İrəvan şəhəri
15 iyul 2021 16:22 (UTC +04:00)

İrəvan şəhəri

Rəsmi İrəvan anlamalıdır: “Sonra gec ola bilər”

Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla münaqişə başa çatdı. Ermənistan kapitulyasiya etdi. Dünya birliyi, beynəlxalq təşkilatlar 44 günlük müharibənin nəticələrini və 10 noyabrda imzalanmış birgə bəyanatı tanıdı.

Amma bu gün münaqişənin həll olunmadığını deyənlər və ya Dağlıq Qarabağ münaqişəsi ifadəsini işlədənlər regionu yeni təhlükələrə sürükləyirlər. Bu, yenə də Ermənistandan alət kimi istifadə etmək, revanşizmə dəstək vermək və Qarabağda olan erməniləri aqressiv separatizmə yönəltmək cəhdidir. Artıq “Dağlıq Qarabağın statusu” məsələsi gündəmdə deyil.

Bundan sonra bütün münasibətlər Azərbaycan Konstitusiyası, qanunları əsasında həll edilməlidir və ediləcək. Hər hansı üçüncü tərəfə Azərbaycanın suveren əraziləri barədə hökmlə danışmağa hüquq verilməyib. 

Bundan başqa, Ermənistan sülh sazişindən imtina edirsə, deməli sülhdən və Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edir. Belə olacağı təqdirdə Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımır və nəyə görə də tanımalıdır. Heç kimə sirr deyil ki, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb. Zəngəzur, Göyçə mahalı, İrəvan tarixi Azərbaycan torpaqlarıdır. Azərbaycanın tarixi, hüquqi və siyasi baxımdan tarixi ədaləti bərpa etməyə tam haqqı çatır.

Ermənistan rəhbərliyi dərk etməlidir ki, sülh sazişini imzalamaqdan imtina etməsinin bu ölkə üçün ağır fəsadlara səbəb olacağını proqnozlaşdırmaq elə də çətin deyil. Azərbaycanın təklifi yeni real vəziyyətə əsaslanır. Azərbaycan hesab edir ki, məsələ həll olunub, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Dövlət başçısının da qeyd etdiyi kimi, ölkələr bir-birinin ərazi bütövlüyünü, sərhədlərini tanınmalı, bunun üçün də delimitasiya işlərinə start verilməlidir.

Prezident İlham Əliyevin Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri ilə görüşündə səsləndirdiyi bir fikir çox diqqət çəkdi: “Delimitasiya işləri ilə bağlı indi beynəlxalq təşkilatlar da müsbət reaksiya verirlər. Əgər Ermənistan bunu etmək istəmirsə, özü bilər, ancaq yaxşı fikirləşsinlər, sonra gec ola bilər”.

Dövlətimizin başçısı onu da qeyd etdi ki, ermənilər vaxtilə əgər öz xoşları ilə bizim torpaqlarımızdan çıxsaydılar, bu qədər rəzil duruma düşməzdilər: “Bizim bu təklifimiz qalib ölkənin təklifidir, güclü tərəfin təklifidir, müzəffər xalqın təklifidir. Əgər buna Ermənistanda mənfi reaksiya varsa, bunu da özləri bilərlər. Amma yenə də deyirəm, yenə də peşman olacaqlar. Biz isə bundan sonra ancaq və ancaq irəli gedəcəyik. Biz bütün quruculuq işlərimizlə bağlı planları sistemli şəkildə həyata keçiririk və artıq quruculuq işlərinə start verilib. Biz, dediyim kimi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. İnsanlar ora qayıdacaq, öz dədə-baba torpağında rahat yaşayacaqlar”.

Bu, həm də Ermənistana, onun tərəfdarlarına bir mesaj idi: Cənablar, məsələ qapanıb!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2469
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar