Azərbaycanda FETÖ təşkilatı ilə bağlı istintaq davam edir.
Lent.az xəbər verir ki, Türkiyənin "Yeni Şafak" qəzeti FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh olan Gümrah Abdurrahmanov, “Yurd” adlanan mərkəzin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh olan Anar Əliyevin saxlanıldığını yazıb.
Qəzetin yazdığına görə, onlar barəsində məhkəmə həbs qətimkan tədbiri seçib.
Döyrüş Cəfərov, Gümrah Abdurrahmanov və Anar Əliyevin FETÖ-nün Azərbaycandakı təhsil və təlim mərkəzlərində uzun müddətdir ki, FETÖ təbliğatı apardıqları və gənclərin təşkilata üzv olmasını istədikləri müəyyən edilib.
Bu şəxslərə məxsus mətbəə, tədris mərkəzi, yataqxana və evlərdə aparılan axtarışlar zamanı qurumun maliyyə hesabatları, fəaliyyət planlarını əks etdirən sənədlər, FETÖ ideyalarını yayan radikal dini sənədlər, kompüterlər, elektron yaddaş cihazları, bank kartları, külli miqdarda saxta pul və odlu silah aşkarlanıb.
Başlanmış cinayət işi əsasında bildirilib ki, hərəkatın digər üzvlərinin də müəyyən edilərək tutulması istiqamətində istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Əldə edilən məlumata görə, FETÖ ilə yaxın əlaqələri olan siyasi partiya liderlərindən biri də saxlanılıb.
Lent.az-ın məlumatına görə, "Yeni Şafak"ın barəsində yazdığı bu şəxs Qubad İbadoğludur. Belə ki, onun FETÖ-nun yerli təşkilati işləri ilə məşğul olan Anar Əliyevlə əlaqələri müəyyən edilib.
Hələlik Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə dəvət edildiyini qeyd edib.
İbadoğlunun qızı Jalə Bayramlı isə atasına məxsus ofisdə axtarış aparıldığını qeyd edib.
Bu ilin əvvəlində Qubad İbadoğlu sədri olduğu Azərbaycan Demokratiya və Rifah Partiyasının buraxılması barədə bəyanat verib.
Bu gün isə sosial şəbəkələrdə Azərbaycan Demokratiya və Rifah Partiyasının gənclər təşkilatı üzvləri ilə Novxanıda bir bağ evində Qubad İbadoğlunun görüşü planlaşdırılıbmış.