"Qəza ilə bağlı tələblər ədalətlidir və dövlətin vətəndaşına verdiyi dəyərin göstəricisidir" - Nigar Məmmədova
30 dekabr 2024 16:04 (UTC +04:00)

"Qəza ilə bağlı tələblər ədalətlidir və dövlətin vətəndaşına verdiyi dəyərin göstəricisidir" - Nigar Məmmədova

"Bakı-Qroznı istiqaməti üzrə hərəkət edən AZAL-a məxsus mülki təyyarənin qəzaya uğraması ilə bağlı məsələ Cənab Prezidentin hava limanında operativ keçirdiyi müşavirədə verdiyi tapşırığa uyğun olaraq, ciddi araşdırılır. Azərbaycan və dünya ictimaiyyəti həm komissiyanın işinin nəticələri, həm də cinayət işinin gedişatı ilə bağlı müntəzəm olaraq məlumatlandırılır. Prezident İlham Əliyevin ötən gün Azərbaycan Televiziyasına müsahibəsində isə bəzi məqamlara daha detallı şəkildə aydınlıq gətirildi. Bir daha məlum oldu ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınıb". 

Lent.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nigar Məmmədova bildirib. O qeyd edib ki, istintaqın nəticələri hələ elan olunmasa da, şahidlərin ifadələri, təyyarədəki izlər hava gəmisinin Qroznı üzərində HHM vasitələrilə vurulduğunu təsdiqləyir:

"Təyyarənin bələdçisi də möhkəm zərbə nəticəsində qolundan yaralandığını və bu zərbələrin bir neçə dəfə təkrarlandığını bildirir. Aydındır ki, “quş qatarı”nın zərbəsi belə ağır ola bilməz. Təyyarədəki oksigen balonunun partlamasına gəlincə, mütəxəssislər bunu da birmənalı şəkildə istisna edir. Prezident İlham Əliyevin də söylədiyi kimi, “bunu hansısa quşlarla bağlamaq, yaxud da ki, qaz balonunun partlaması kimi qələmə vermək həm ağılsızlıqdır, həm də vicdansızlıqdır”.

Xanım deputat bildirib ki, digər tərəfdən, hadisədən sonra təyyarənin enişinə şərait yaratmaq və insanları xilas etmək mümkün olub. Lakin təəssüf ki, bir neçə hava limanına enişə icazə verilməyib, təyyarənin rabitə sistemi sıradan çıxarılıb. Açıq görünür ki, təyyarədəki insanların ölümü üçün hər şey edilib:

"Eyni zamanda “kavyor əməliyyatı”nın detallarının da aydınlaşdırılmasına ehtiyac var. Dövlət başçımızın da söylədiyi kimi, burada təyyarənin qəsdən vurulması və ya terror aktı törətməkdən söhbət gedə bilməz. Təbii ki, Bakı Moskvanın davranışından narazıdır və haqlı olaraq qarşı tərəfdən öz günahını etiraf etməsini tələb edirdi. Qarşı tərəf hadisənin ilk günü cəfəng versiyalar səsləndirsə də iki gün əvvəl Rusiya Prezidenti rəsmi şəkildə üzrxahlıq etdi. Cənab Prezident ötən gün bildirdi ki, Rusiya tərəfi eyni zamanda öz günahını da etiraf etməlidir. Üstəlik, təyyarə nəzarətsiz zonada yox, konkret Rusiya səmasında vurulub.

Burada bir xatırlatma etmək yerinə düşür. Belə ki, 44 günlük Vətən müharibəsi zamanı gecə vaxtı heç bir işarə vermədən hərbi zonadakı mövqelərimizə yaxınlaşan Rusiyaya məxsus helikopteri vurduqdan sonra rəsmi Bakı Moskvadan üzr istədi. Hadisə ilə bağlı cinayət işi açıldı və kompensasiya ödənildi".

Nigar Məmmədovanın sözlərinə görə, amma Rusiya KİV-ləri bu qəzanın əsas mahiyyətini ört-basdır etmək üçün əsassız versiyaları qabardır:

"Rəsmi Bakının daha bir şərti bundan ibarətdir ki, günahkarlar cəzalandırılmalı, cinayət məsuliyyətinə cəlb edilməli, Azərbaycan dövlətinə və zərərçəkən sərnişin-ekipaj üzvlərinə təzminat ödəmənlidir. Qəzadan sonra Rusiyanın 10 şəhərilə hava bağlantısının dayandırılması təbii ki, dövlətin sərnişinlərin təhlükəsizliyinə həssas yanaşmasının göstəricisidir. Dövlət başçımız da bəyan etdi ki, “biz sərnişinlərimizin təhlükəsizliyini həmişə ön sırada olan məsələ kimi qəbul etmişik”. Azərbaycanın qəti mövqeyi ondan ibarətdir ki, qəzanın baş vermə səbəbləri şəffaf, obyektiv və hərtərəfli araşdırılmalıdır. Bu, tamamilə ədalətli yanaşmadır".

Deputat həmçinin bildirib ki, təyyarənin ekipaj üzvlərilə keçirilən rəsmi vida mərasimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mərasimdə  iştirakı, eyni zamanda onlara “Milli Qəhrəman adı verilməsi, digər 2 nəfərin isə 1-ci dərəcəli “Rəşadət Ordeni” ilə təltif edilməsi dövlətin öz vətəndaşına verdiyi dəyərdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1860
avatar

Oxşar yazılar