Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin gələcək inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.
Bir çox sahədə olduğu kimi, bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb. Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi həyatında daim lokomotiv rolunu oynayaraq dövlətçiliyin qurulması, möhkəmləndirilməsi və inkişafı mərhələlərində öz bilik və bacarıqları ilə bu proseslərdə iştirak etməklə Vətənə, dövlətə bağlılıqlarını, eləcə də Vətənin qorunmasının hər zaman ali hədəf olduğunu mənimsəyib. Bu gün tam əminliklə demək olar ki, ulu öndər Heydər Əliyevin gəncliyə və gənclərə qayğısı indi yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Bu gün Azərbaycan tarixdə olmadığı qədər qüdrətli dövlətə çevrilib. Bu işdə gənclərimizin xidməti danılmazdır.
Ötən illərdə dövlət gənclər siyasəti də müvafiq dövlət proqramlarının və qərarların fonunda mahiyyətcə yeni mərhələyə yüksəlib. Prezident İlham Əliyev 2007-ci ili ölkədə “Gənclər İli” elan etməklə gənclərin inkişafına nə qədər böyük önəm verdiyini nümayiş etdirib. Həyata keçirilən düzgün müəyyənləşdirilmiş dövlət siyasətinin nəticəsidir ki, gənc nəsil respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir. Vətən müharibəsi başlayanda on minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrinə müraciət edərək cəbhəyə könüllü getmək arzusunda olduqlarını bildirdilər. Bu, yetişən gənc nəslidə hərbi vətənpərvərlik ruhunun yüksək səviyyədə olmasından xəbər verirdi. Bu müraciətlər, eyni zamanda, gənclərimizin vətənpərvərlik ruhunun hesabatı idi.
Müharibə zamanı Prezident, Ali Baş Komandan İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışına dərhal cavab verən on minlərlə gəncimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz təmin olundu və 30 il işğal altında qalmış torpaqlarda Azərbaycan bayrağının dalğalandırılmasına nail oldular. Ölkəmizdə gənclərə dövlət quruculuğu işlərində daha çox üstünlük verilməsi yeni nəslə inam və etimaddan qaynaqlanır. Fəaliyyət göstərdikləri sahələrdə etimadı doğruldan, ictimai-siyasi fəallıqları ilə özlərini cəmiyyətə təqdim edən gənclərimiz bütün potensial imkanlarını nümayiş etdirirlər. Prezident İlham Əliyevin vurğuladığı kimi, müstəqillik baxımından gənc ölkə olan Azərbaycanın əhalisinin xeyli hissəsini dinamik və fəal gənclər təşkil edir. Gənclər siyasəti sahəsində atılan addımlar və qəbul olunan qərarlar Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür.
Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilib və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır. Gənc kadrların irəli çəkilməsi siyasəti öz müsbət nəticələrini göstərir. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Qalib ölkənin gəncliyi tarixi Zəfərimizin yaratdığı reallıqların yüksək səviyyədə təqdimatında və təsdiqində fəal iştirak edir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan gəncləri milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunan, dövlət maraqlarını hər şeydən üstün tutan gənclikdir.