Rusiya prezidenti Vladimir Putinin böyük qızı, 38 yaşlı Mariya Vorontsova Rusiyanın #ElmHaqqında podkastının Yeni il öncəsi buraxılışında sualları cavablandırıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Putinin böyük qızı müsahibəsində əsasən elm, tibb və genetik sahədə apardığı tədqiqatlardan, xüsusən də insan genomunun tədqiqindən danışıb.
“Həyat prinsiplərimizlə, mədəniyyətimizlə, dinimizlə... Rusiya cəmiyyəti hələ də o qədər də iqtisadi mərkəzli cəmiyyət deyil. Biz daha çox insan mərkəzli cəmiyyətik”, o qeyd edib. Vorontsova daha sonra vurğulayıb ki, bizim üçün ən yüksək dəyər hələ də insan həyatının dəyəridir.
Lakin o, Rusiyanın Ukraynaya qarşı apardığı müharibə haqqında bir kəlmə də danışmayıb, atasının adını da çəkməyib.
O, uşaqlıqdan həkim olmaq arzusunda olduğunu, lakin məktəbdən sonra iqtisadiyyat üzrə oxumaq istədiyini bildirib. Sonda tibbə üstünlük verib. O, ədəbiyyata olan maraqlarından da söz açıb, sevdiyi yazıçıların, o cümlədən Puşkin, Dostoyevski və Hakslinin adlarını çəkib, musiqi və idmandan danışıb.
Mariya Vorontsova bir neçə il Almaniyada, sonra Rusiyada əri, holland iş adamı Yorrit Faassen ilə birlikdə yaşayıb və təhsil alıb - 2015-ci ilə qədər Hollandiyada olub. Ancaq sonra Moskvaya qayıdıb. Rusiyanın Ukraynaya qarşı müharibəsi başladıqdan sonra Rusiya prezidentinin hər iki qızı Mariya Vorontsova və Yekaterina Tixonova Avropa İttifaqı, Böyük Britaniya və ABŞ-ın sanksiyaları altında qalıblar: onların bank hesabları dondurulub və bu ölkələrin ərazisinə giriş qadağan edilib.
Putinin böyük qızı ilə müsahibə alman mediasının da diqqətini cəlb edib. Qəribə, hədsiz və hətta şokedici kimi qiymətləndirilib. Yanvarın 12-də Almaniyanın “Der Spiegel” nəşrinin saytında dərc olunan məqalədə “Putinin qızı insan həyatının dəyəri haqqında qəribə müsahibə verib” başlığı ilə yazılıb.
Nəşr qeyd edir ki, Vorontsova müsahibəsində Rusiyanı insan mərkəzli dövlət adlandırır, lakin Vorontsova heç vaxt atasının və onun Ukraynaya qarşı apardığı müharibənin Rusiyadan kənarda qəzəb doğurduğunu xatırlatmayıb.
Almaniyanın ntv telekanalı cinayətlər və Rusiyanın Ukraynaya qarşı müharibəsinin qurbanlarının sayı fonunda Putinin qızı ilə müsahibəni şok adlandırıb. Alman jurnalistləri Vorontsovanın arzusu ilə bağlı dediklərinə diqqət yetirir və müsahibədə müharibə mövzusunun qaldırılmamasını kinli adlandırırlar.
Almaniyanın “Merkur” nəşri də qeyd edir ki, Vorontsova Vladimir Putinin gen mühəndisliyi üzrə müşaviridir, lakin Kreml onun həyatının bütün təfərrüatlarını gizli saxlayır.
“Bild” tabloidi də Putinin qızı ilə çəkilmiş videonu diqqətdən kənarda qoymayıb və yazıb ki, Vorontsova Ukraynaya qarşı müharibənin qızğın vaxtında Rusiyada böyük müsahibə verir və Putinin qızının Rusiya haqqında, şəxsi həyatı haqqında danışması isə bu məsələdə ciddi narazılığa səbəb olur.
Almaniyanın “Frankfurter Rundschau” qəzeti yazıb ki, Vorontsova Rusiyanın tibb sahəsində ən böyük investisiya layihəsində iştirak edən “Nomeko” şirkətinin həmtəsisçisidir. 2022-ci ildə bu müəssisənin mənfəəti təxminən 855 milyon rubl təşkil edib.