Yeniyetmə uşaqlarınıza  deməməli olduğunuz   10 şey
03 avqust 2026 11:46 (UTC +04:00)

Yeniyetmə uşaqlarınıza deməməli olduğunuz 10 şey

0

Bir çox valideyn övladlarının niyə getdikcə daha az zəng etdiyini, qısa görüşlərlə kifayətləndiyini və zamanla ünsiyyəti minimuma endirdiyini anlamır. Psixoloqların fikrincə, bunun əsas səbəblərindən biri valideynlərin fərqinə varmadan istifadə etdiyi bəzi ifadələr və davranış modelləridir. Bu cür sözlər böyümüş övlad üçün ünsiyyəti rahatlıq deyil, stress mənbəyinə çevirə bilər.

Lent.az bu 10 sözü təqdim edir:

1. Gələcəklə bağlı narahatlıqlarınızı daim paylaşmayın

Kreditlər, xəstəliklər, iqtisadi vəziyyət və ya digər problemlər barədə davamlı danışmaq qayğıdan çox, psixoloji təzyiq kimi qəbul edilə bilər. Özünüzü sakitləşdirmək üçün deyil, həqiqətən ehtiyac olduqda bu mövzuları bölüşmək daha məqsədəuyğundur.

2. Böyütməyin əvəzini gözləməyin

"Səni böyütmək üçün nələr çəkdik" kimi ifadələr övladda minnətdarlıqdan çox, ödənilməsi mümkün olmayan borc hissi yaradır. Bu isə zamanla günahkarlıq və narahatlıq hissini gücləndirir.

3. Başqaları ilə müqayisə etməyin

"Filankəs artıq ev alıb", "Qonşunun övladı daha uğurludur" kimi müqayisələr motivasiya yaratmır, əksinə, insanın özünəinamını zədələyir. Hər kəsin həyat tempi və uğur yolu fərqlidir.

4. Sağlamlığınız barədə həddindən artıq şikayət etməyin

Hər zəngdə təzyiqdən, ağrılardan və ya digər problemlərdən danışmaq övladın zəngləri narahatlıqla əlaqələndirməsinə səbəb ola bilər. Sağlamlıqla bağlı məlumatları qısa və konkret şəkildə bölüşmək kifayətdir.

5. Onun həyat yoldaşını və ya seçdiyi insanı tənqid etməyin

Övladınızın həyat yoldaşı haqqında mənfi fikirlər onu seçim qarşısında qoya bilər. Əgər ciddi təhlükə yoxdursa, münasibətə hörmətlə yanaşmaq ailədaxili münasibətləri qorumağa kömək edir.

6. Soruşulmamış məsləhət verməyin

Bəzən böyümüş övlad sadəcə onu dinləyən birinə ehtiyac duyur. Məsləhət verməzdən əvvəl "Fikrimi eşitmək istəyirsən, yoxsa sadəcə danışmaq istəyirsən"? sualını vermək daha faydalıdır.

7. "Bizim dövrdə daha çətin idi" deməyin

Bu cür ifadələr qarşı tərəfin problemlərini kiçiltmiş kimi görünə bilər. Hər nəslin öz çətinlikləri var və hər kəsin hissləri dəyərlidir.

8. Keçmiş səhvləri tez-tez xatırlatmayın

İllər əvvəl baş vermiş uğursuzluqları davamlı yada salmaq insanın özünü yenidən həmin dövrə qayıtmış kimi hiss etməsinə səbəb olur. Keçmişi keçmişdə qoymaq münasibətlər üçün daha sağlamdır.

9. Evlilik və ya nəvə mövzusunda təzyiq göstərməyin

"Nə vaxt ailə quracaqsan"?, "Nə vaxt nəvə görəcəyik"? kimi suallar şəxsi sərhədləri poza bilər. Hər kəs öz həyatını və qərarlarını öz tempi ilə qurur.

10. Manipulyasiyanı sevgi adı altında gizlətməyin

"Mən bunu sənin yaxşılığın üçün deyirəm" və ya "Mən sənin ananam" kimi ifadələr bəzən sağlam dialoqu bağlayır. Sevgi manipulyasiya vasitəsi deyil. Qarşı tərəfi dinləmək və onun hisslərini anlamağa çalışmaq münasibətləri daha möhkəm edir.

Psixoloqlar hesab edirlər ki, valideyn və böyümüş övlad arasında sağlam münasibətin əsasında qarşılıqlı hörmət, sərhədlərə riayət etmək və mühakimə etmədən dinləmək dayanır. Bəzən sadə bir "Səni başa düşməyə çalışıram, mənə daha ətraflı danış" cümləsi münasibətləri xilas edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar