Məişət texnikası düzgün qulluq edildikdə uzun illər problemsiz işləyə bilər. Lakin heç bir cihaz əbədi deyil.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, mütəxəssislər bildirirlər ki, gözlənilməz nasazlıqlarla üzləşməmək üçün texnikanın orta istismar müddətini nəzərə almaq və vaxtında yenisi ilə əvəz etməyi planlaşdırmaq vacibdir.
Soyuducu - təxminən 13 il
Soyuducular adətən 12-15 il xidmət göstərir. Onlar ən uzunömürlü məişət cihazlarından biri hesab olunsa da, ən çox sıradan çıxan texnikalar sırasındadır. Mütəmadi olaraq kondensatorun, rezin qapı contalarının təmizlənməsi və filtrin vaxtında dəyişdirilməsi onun ömrünü uzada bilər. Əksər hallarda kiçik nasazlıqların təmiri yeni soyuducu almaqdan daha sərfəli olur.
Qaz və elektrik plitələri - 13-17 il
Qaz plitələri adətən elektrik modellərindən daha uzunömürlü olur. Yağ və çirkin mütəmadi təmizlənməsi temperatur sensorlarının düzgün işləməsinə kömək edir və nasazlıq riskini azaldır. Bu cihazlar çox vaxt uğurla təmir olunduğundan onları tələsik dəyişməyə ehtiyac olmur.
Paltaryuyan, qabyuyan və mikrodalğalı soba - təxminən 10 il
Bu cihazların orta istismar müddəti təxminən 10 ildir. Filtrlərin mütəmadi təmizlənməsi, texnikanın normadan artıq yüklənməməsi və düzgün istifadə edilməsi onların ömrünü əhəmiyyətli dərəcədə artırır.
Paltaryuyan maşınlarda barabanın və filtrlərin təmiz saxlanılması, həmçinin şlanqların vaxtında yenilənməsi vacib hesab olunur. Mikrodalğalı sobalar isə ciddi nasazlıq yarandıqda əksər hallarda təmir edilmir.
Paltarqurudan maşın, kondisioner və isitmə sistemi - 13-15 il
Paltarqurudan maşınlar filtr və hava kanalları mütəmadi təmizləndikdə orta hesabla 13 il işləyə bilir. Kondisionerlər düzgün qulluq göstərildiyi halda 15 ildən çox, bəzi hallarda isə 20 ilə qədər xidmət göstərə bilir. Evlərin isitmə sistemləri də oxşar müddətə malikdir, lakin onların təhlükəsiz işləməsi üçün mütəmadi texniki baxış vacibdir.
Su qızdırıcısı (boyler) - təxminən 10 il
Boylerlərin orta istismar müddəti 10-11 il təşkil edir. Çənin içərisində yığılan çöküntülərin hər il təmizlənməsi tövsiyə olunur. Vaxtında qulluq edilmədikdə sızma, yanğın və ya karbonmonoksit təhlükəsi yarana bilər.
Mütəxəssislər vurğulayırlar ki, bu göstəricilər orta statistik rəqəmlərdir. Bəzi cihazlar cəmi bir neçə ildən sonra sıradan çıxa, digərləri isə 20-30 il problemsiz işləyə bilər. Buna baxmayaraq, texnika orta istismar müddətinə çatdıqda onun dəyişdirilməsi üçün əvvəlcədən büdcə planlaşdırmaq tövsiyə olunur.