Apple şirkəti ultra nazik dizayna malik iPhone Air 2 modelinin təqdimatını təxirə salıb. Bildirilir ki, qərarın əsas səbəbi əvvəlki iPhone 17 Air modelinin gözləniləndən zəif satış nəticələri göstərməsidir. Məlumata görə, iPhone Air 2 ilkin olaraq 2026-cı ilin payızında təqdim ediləcək iPhone 18 seriyasının tərkibində satışa çıxmalı idi. Həmin seriyaya iPhone 18 Pro, iPhone 18 Pro Max və qatlana bilən iPhone Fold modelinin də daxil olması planlaşdırılırdı. Lakin son qərara əsasən, iPhone Air 2-nin təqdimatı 2027-ci ilin yazına keçirilib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, yeni modelin əsas yeniliklərindən biri arxa paneldə yerləşdiriləcək ikiqat kamera sistemi olacaq. Hazırda Apple mühəndisləri bu modulu ultra nazik korpusa inteqrasiya etmək üzərində çalışırlar.Mütəxəssislərin fikrincə, ikinci kameranın əlavə edilməsi cihazın batareya ömrünü və korpusun möhkəmliyini qorumaq baxımından müəyyən texniki çətinliklər yaradır.
Bu səbəbdən təqdimat tarixi gələcəkdə yenidən dəyişə bilər. İlk nəsil iPhone Air modeli təqdim ediləndə istifadəçilər əsasən üç məsələni korpusun möhkəmliyini, batareyanın işləmə müddətini və kameranı tənqid edirdilər. Sonradan aparılan sınaqlar cihazın möhkəmliyinin və avtonom işləmə müddətinin gözləniləndən daha yaxşı olduğunu göstərsə də, tək arxa kamera sistemi istifadəçilərin narazılığına səbəb olmuşdu.
Apple-ın iPhone Air 2-də məhz bu çatışmazlığı aradan qaldıraraq ikiqat kamera sistemi təqdim etməyi planlaşdırdığı bildirilir. Bununla yanaşı, son iPhone 17 seriyasının bəzi istifadəçiləri mobil rabitə və Wi-Fi bağlantısında yaranan problemlərlə bağlı da narazılıqlarını ifadə ediblər.