Putinə asi çıxan üçüncü ledi - ONU TANI
08 sentyabr 2022 20:15 (UTC +04:00)

Putinə asi çıxan üçüncü ledi - ONU TANI

Onu  indidən dünya siyasətinin yeni “Dəmir ledisi” adlandırırlar. Amma taleyin işinə bax ki, Britaniya tarixinin üçüncü qadın baş naziri seçilmiş Liz tələbə olanda məhz “Dəmir ledi”nin, Marqaret Tetçerin siyasətinə qarşı keçirilən aksiyalarda faəl iştirk edirmiş. 

47 il əvvəl iyulun 26-da Oksfordda riyaziyyatçı professor və tibb bacısının ailəsində dünyaya gəlmişdi Liz: Meri Elizabet Trass. Lidsdə orta məktəbi bitirdikdən sonra Oksford universitetində təhsil almışdı. Siyasi baxışlarına görə, əvvəllər liberal demokratlara qoşulmuşdu. Amma sonralar Mühafizəkarlar Partiyasını seçmişdi. 

19 yaşında siyasətə qatılmışdı. 2001 və 2005-ci illərdə iki dəfə parlamentə düşmək uğrunda mübarizə aparsa da, buna nail ola bilməmişdi. O, bir də 2010-cu ildə istəyinə çatmışdı. 5 il sonra isə yenidən mövqeyini saxlaya bilmişdi. 

Devid Kemeronun baş nazirliyi dönəmində hökumətə da daxil olmuş, ətraf mühitin mühafizəsi naziri postunu tutmuşdu. Bundan sonra da mühafizəkarların hökumətində müxtəlif illərdə müxtəlif vəzifələr tutmuşdu. 

2021-ci ildə o, artıq Britaniyanın xarici işlər idarəsinə başçılıq edirdi. Trassın dövründə Britaniya Xarici İşlər Nazirliyi Rusiyaya qarşı ən sərt sanksiyaları tətbiq edib. O, Rusiyanın Ukraynaya təcavüzündə Kiyevi ən qəti dəstəkləyən, Rusiyaya qarşı daha sərt davranmağa çağıran siyasətçilərdən biridir. Məhz buna görə də, onun yeni “Dəmir Ledi” olmaq istədiyi güman edilir. 

Boris Consonun istefasından sonra Böyük Britaniyanın yeni Baş nazirinin seçilməsi dünya siyasi gündəmində əsas müzakirə mövzusu idi. Mühafizəkarların lideri seçkiləri sentyabrın 2-də başa çatdı. Nəticələrin elan edilməsi mərasimi Böyük Britaniya paytaxtının mərkəzində yerləşən Kraliça II Yelizaveta Konqres Mərkəzində “Sky News”la canlı yayımlanırdı. Qeyd edək ki, Liz Trass səslərin 57, 4 faizini toplamaqla rəqibini, Britaniyanın keçmiş maliyyə naziri Rişi Sunakı geridə qoyaraq seçkinin qalibi oldu.  O, Böyük Britaniyanın 78-ci və Kraliça II Yelizavetanın dövründə isə 15-ci baş naziri seçildi. Liz eyni zamanda, Marqaret Tetçer  və Tereza Meydən sonra Nazirlər Kabinetinə rəhbərlik edən üçüncü qadın oldu. 

Yeni baş nazirin  Marqaret Tetçer kimi kimi sərt siyasət yürütmək niyyətində olacağı artıq sirr deyil. Təsadüfi deyil ki, onun ilk zəngi Ukrayna lideri Zelenskiyə oldu. O, prezidentə açıq mətnlə bildirdi ki, Londonun Kiyevə dəstəyi Conson dövründən heç də az olmayacaq. Bir sözlə, Britaniya öz xarici siyasətinin arxasındadır. 

EKspertlərin fikrincə Baş nazirin Rusiya Prezidenti Putinlə də isti münasibətdə deyil. Ümumiyyətlə, Liz Trass uzun illər ərzində anti-Rusiya mövqeli Britaniya xarici işlər naziri hesab olunurdu. 

Trass indidən maraqlı gedişləriylə diqqət çəkir. O, bahalaşan elektrik enerjisi xərcləri fonunda yerli sahibkarlara büdcədən 40 milyard funt sterlinq ayrılacağını deyib. Bundan başqa, o qeyd edib ki, lazım gələrsə, nüvə silahından istifadə etməyə hazırdır. “Hesab edirəm ki, bu, baş nazirin mühüm vəzifəsidir. Mən bunu etməyə hazıram”. T

Trassın seçkilərdən əvvəl verdiyi açıqlamalar da geniş ictimaiyyətin böyük marağına səbəb olmuşdu. O, rəqibi R.Sunakdan fərqli vergiləri azaldacağını vəd etmişdi. Bundan əlavə, Trassın açıqladığı vədlər arasında dövlət xərclərinin ümumi auditini aparmaq, eyni zamanda, firmalar üçün sadələşdirilmiş qaydalar yaratmaq fikirləri də yer alırdı. 

Liz Trass maliyyəçi Xyu O'Liri ilə ailə qurmuşdu. Onların Frensiz və Liberti adlı qızları var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11307
avatar

Səbuhi Sədəf

Oxşar yazılar