Prezident seçkiləri ilə əlaqədar SƏSVERMƏ BAŞLADI
07 fevral 2024 08:00 (UTC +04:00)

Prezident seçkiləri ilə əlaqədar SƏSVERMƏ BAŞLADI

Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə əlaqədar səsvermə başlayıb.

Lent.az-ın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-da keçirdiyi mətbuat konfransında səsvermənin başlanıldığını elan edib.

Ölkədə 6 milyon 478 min 623 seçicinin səs verməsi üçün 6319 daimi və 218 müvəqqəti olmaqla 6537 seçki məntəqəsi formalaşdırılıb.
Prezident seçkiləri həm də ilk dəfə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində keçiriləcək. Azad edilmiş ərazilərdə 23 mindən çox seçici 26 seçki məntəqəsində səs verəcək.
Prezident seçkiləri ilə əlaqədar 23 mindən artıq Azərbaycan vətəndaşının səs verməsi üçün 37 ölkədə səfirlik və konsulluqlarımızda 49 seçki məntəqəsi yaradılıb.
Səsvermə saat 19:00-da başa çatacaq.
Səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək.
Növbədənkənar prezident seçkilərində Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-nin “Oracle Advisory Group” təşkilatı ilə birgə 40 seçki dairəsi üzrə 500 seçki məntəqəsində, Rəy Monitorinq Mərkəzi 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində, "Sosioloji Tədqiqatlar Mərkəzi" MMC 25 seçki dairəsi üzrə 125 seçki məntəqəsində “exit-poll” keçirəcək.
Qeyd edək ki, prezident seçkilərində 7 namizəd mübarizə aparacaq:
- Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
- Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;
- Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
- Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
- Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
- Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;
- Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.

Prezident seçilən şəxsin səlahiyyət müddəti 7 il olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4734
avatar

Oxşar yazılar