Pezeşkian istəsə də, İranı xilas edə bilməyəcək - Xamenei ölkəsini uçuruma sürükləyib
03 yanvar 2026 18:00 (UTC +04:00)

Pezeşkian istəsə də, İranı xilas edə bilməyəcək - Xamenei ölkəsini uçuruma sürükləyib

1

Son günlər İranda vəziyyətin gərginləşməsi, etirazların qanlı toqquşmalara çevrilməsi, nəticədə molla rejiminin silahsız etirazçıları öldürməsi barədə xəbərlər vermişik.

Bəli, artıq bir həftədir ki, İranda sahibkarların Tehranda başlatdığı etiraz aksiyaları demək olar ki, bütün ölkəni bürüyüb.

Etirazların qarşısında aciz qalan molla rejimi öz günahlarını etiraf etmək əvəzinə məsələnin həllini zor tətbiq etməkdə görür. Bunun nəticəsidir ki, 10-a yaxın etirazçı öldürülüb, xeyli sayda yaralananlar var.

Lakin bu ölümlər xalqı rejimə olan nifrətindən geri çəkindirmir. Artıq bir çox şəhərlərdə etirazçılar İslam Respublikasının bayraqlarını endiriblər.

İranda baş verənlər dünənin və bu günün məsələsi deyil. Bu hadisələr uzun illər yoxsul və cəhalət içərisində yaşayan bir xalqın rejimə olan nifrətinin partlayışıdır.

Xamenei ona ölüm arzulayan xalqı daha əvvəl düşünməli idi. SEPAH-ı bəsləyib, ətrafındakı məmurların milyardlar toplamasına göz yumub, xalqın isə aclıq və səfalət içərisində yaşamasına imkan verməməliydi.  

Və bu gün molla rejimi baş verənləri yalandan xarici qüvvələrin, Amerikanın üstünə atmamalıdır. Əslində İranın hazırki prezidenti Pezeşkian reallığı başa düşür və səhvlərini etiraf edir:

"İnsanlar narazıdırsa, bu bizim günahımızdır. ABŞ-ı və ya başqalarını günahlandırmayın. Məsuliyyət bizimdir".

Lakin təəssüf ki, Pezeşkianı dinləyən yoxdur. Çünki o, xalqın səsi ilə seçilən prezident olsa da, səlahiyyət sahibi deyil. Heç kimə sirr deyil ki, bu gün İranı idarə edən Pezeşkian yox, Xamenei ağadır.

Xamenei ağa da uzun illər bir dəstə molla ilə birləşib xalqın problemlərini həll etmək əvəzinə moizə oxumaqla, milyardları proksilərə xərcləməklə, xaricdə şiə təbliğatı aparmaqla məşğul olub.

Xamenei ağa hakimiyyətdə olduğu uzun illər ərzində heç kimlə dost ola bilməyib. Hətta ən yaxın qonşuları ilə belə daim ixtilaf şəraitində yaşayıb.

Xamenei və ətrafı Azərbaycanda da eyni xətt yürütməyə çalışıb. Lakin Azərbaycan dövləti və xalqı mollaların arzularını ürəyində qoyub, onları yerində oturtmağı bacarıb.

Pezeşkian istəsə də, Azərbacan-İran münasibətlərini düzəldə bilməyəcək. Çünki ölkənin yəhəri Xameinin əlindədir.

Xatırlayırsınızsa, ötən il Pezeşkian Azərbaycana gəlmişdi. O, Bakıdan çox mühüm mesajlar verdi. İki ölkə arasında münasibətlərin normallaşacağına dair söz də verdi. Lakin ölkəsinə qayıdan kimi Xameneinin nəzarətində olan “Səhər” kanalı Azərbaycana qarşı şər-böhtan dolu süjet yayımladı. Bax, molla rejiminin xisləti budur. Ona görə də bu rejim çox yaşamayacaq. Artıq ölkəni böhran bürüyüb və uçuruma doğru gedir.  

Azərbaycanda olan İran sevdalıları da gözlərini açıb yaxşı-yaxşı baxsınlar. Güvəndikləri rejimin nə qədər çürük olduğunu görsünlər. Xomeyni bayrağı qaldıran xainlər isə nəticə çıxarsınlar!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1491

Oxşar yazılar