2023-cü ilin payız aylarında Azərbaycanda referendum keçirilməsi gözlənilir.
Bunu Milli Məclisin deputatı Erkin Qədirli bildirib.
O qeyd edib ki, iyun ayında Milli Məclis dövlət büdcəsinə bir sıra dəyişikliyi təsdiqləyib. “Dəyişikliklərin arasında 2023-ü ilin qalan hissəsində seçki xərclərinin az qala 50% artırılması var. Bu, böyük bir artımdır və referendumun məhz bu il olacağını söyləməyə tutarlı əsas verir. Boşuna bu qədər pul ayırmazlar”, – deyə deputat vurğulayıb.
Onun sözlərinə görə, referendum konstitusion islahatlarla bağlı olacaq. Belə ki, referendumla icra hakimiyyətinin başçıları təsisatı ləğv olunacaq: “Bu təsisatı hələ 1991-ci ildə Prezident olmuş Ayaz Mütəllibov yaratmışdı. Gördüyünüz kimi, bu təsisat indiki konstitusiyadan öncə qurulub və o vaxtdan heç dəyişməyib. Çox köhnə və səmərəsiz bir sistemdir. Mütəllibov onu SSRİ-də olmuş rayon və şəhər xalq deputatları və onların icraiyyə komitələrinin yerinə qurmuşdu. Faktiki olaraq isə, yerli icra başçıları keçmiş kommunist partiyasının rayon və şəhər birinci katibləri yerini tutmuş oldular. Bir sözlə, bu sistemlə bundan sonra irəliyə getmək alınmayacaq. Ləğv olunmalıdır”.
Erkin Qədirli sosial şəbəkə hesabında yazıb ki, seçki sistemində önəmli dəyişikliyin olacağı – proporsional seçkinin bərpası gözlənilir.
“1995-2002 illərdə proporsional seçki olub bizdə. Milli Məclisin 125 deputatının 25-i proporsional qaydada seçilirdi. 2002-də keçirilmiş referendumda onu ləğv etdilər. İndi yenidən qaytarılacağı söhbəti vardır”, – o parlamentari əlavə edib.
Deputatın sözlərinə görə, parlamentin ikiotaqlı ola biləcəyi istisna olunmur: “Əslində, güclü Prezident hakimiyyəti olan bir ölkədə birotaqlı parlament yetərli deyil, onun zəif olacağı öncədən bilinir. Bunun isə siyasi riskləri vardır. İkiotaqlı parlamentlərdə yuxarı otaq xalqın seçdiyi güclü aşağı otaqla xalqın seçdiyi Prezident arasında bir bufer (arakəsmə) rolunu oynayır. Bu yazını çox uzatmamaq üçün, bunun da izahını ayrıca bir yazıda vermək gərəkdir”.
Erkin Qədirli onu da qeyd edib ki, indiki konstitusiyaya görə Nazirlər Kabinetinin özünəməxsus heç bir səlahiyyəti yoxdur: “Konstitusiyada yazıldığı kimi, Nazirlər Kabineti Prezidentin yanında yüksək icra orqanıdır. Yəni, Nazirlər Kabinetinin bütün səlahiyyətləri, əslində, Prezidentidir. Bu isə o deməkdir ki, Nazirlər Kabinetinin konstitusion statusu çox zəifdir, ona görə də o, hökumət ola bilmir. Nazirlər Kabinetini saxlamaq niyyəti varsa, onu Prezidentdən ayırıb parlamentə tabe elətdirmək gərəkdir (Fransa örnəyi). Elə bir niyyət yoxdursa, onda onu ləğv etmək lazımdır (ABŞ örnəyi)”. (Modern.az)