Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gələndən sonra onunla aparılan danışıqlardan bəhs edib.
Lent.az xəbər verir ki, Ceyhun Bayramov İTV-də yayımlanan “Təmas xətti” verilişində qeyd edib ki, 2018-ci ildə Ermənistanda baş verən hakimiyyət dəyişikliyi uzun illər davam edən münaqişənin həlli istiqamətində ümidlər yaradıb:
"Nikol Paşinyanın hakimiyyətə gəlməsi bəlli bir ümidlər yaratdı: Bu yeni adamdır, o keçmiş komandanın tərkib hissəsi olmayıb, əvvəlkilərdən fərqli olaraq azərbaycanlıların qanına əli bulaşmış biri deyil. May ayında Nikol Paşinyan hakimiyyətə gəldi. Cənab Prezident İlham Əliyevin Paşinyanla ilk təması 28 sentyabr 2018-ci ildə Düşənbədə oldu. Orada cənab prezidentin öncədən planlaşdırılmamış qeyri-formal bir görüşü olmuşdu. Bu görüş bir saatdan artıq çəkmişdi. Həmin görüş zamanı cənab Prezident Paşinyana müraciət edərək deyib ki, bu məsələni biz həll etməliyik. Bu daim belə davam edə bilməz və biz bunu qəbul etməyəcəyik. Burada danışmaq və hər şeyi razılaşmaq olar. Ancaq Azərbaycanın işğal altında olan əraziləri azad edilməlidir".
Ceyhun Bayramovun sözlərinə görə, Paşinyanın buna ilkin reaksiyası kifayət qədər konstruktiv olub:
"O deyib ki, mən hakimiyyətə yeni gəlmişəm, onun üçün çətindir, ona bəlli bir vaxt lazımdır və bu işi həll etmək üçün bütün addımları atacaq. Həmçinin o, təmas xəttindəki gərginlikdən narahat olduğunu və bunun qarşısının alınmasını istəyib. Cənab Prezident elə Düşənbədə olarkən Müdafiə Nazirliyinə bütün istiqamətlər üzrə tam sakitlik və sabitliyin təmin olunması, hətta qarşı tərəfdən atəşkəsin pozulması olduğu hallarında belə buna dərhal qarşılıq verilməməsi ilə bağlı tapşırıq verir. Nikol Paşinyanla razılıq əldə olunur ki, ölkələr arasında bir qaynar xətt yaradılır. Ermənistan tərəfindən Milli Təhlükəsizlik Xidmətinin rəhbəri, Azərbaycan tərəfindən isə Xarici Kəşfiyyat Xidmətinin rəisi müəyyən edilir və 2018-ci ildən onların arasında qaynar xətt formalaşır. Təmas xəttində hər hansı pozuntu olarsa onlar dərhal müdaxilə edirlər və bunun qarşısını alırlar”.
2019-cu ilin mart ayının 29-da ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında Vyanada cənab Prezident İlham Əliyevin Nikol Paşinyanla görüşü olur. Bu görüşdə, ilk görüşdən təxminən 6 ay sonra Nikol Paşinyan mövqeyini tam dəyişir. Açıq şəkildə qeyd edir ki, mən bu məsələni həll edə bilmirəm, həll etməyəcəyəm. Və hətta belə maraqlı bir arqument də gətirir ki, mən bunu etsəm, məni öldürərlər. Cənab cənab Prezidentə belə bir ritorik sual da edir, “Siz istəyirsiniz ki, məni öldürsünlər?” Cənab Prezidentin də buna cavabı belə olur ki, mən ümumilikdə heç kimin öldürülməsini istəmirəm, ancaq bu heç bir mənada Azərbaycan torpaqlarının işğal altında qalması anlamına gələ bilməz”.