Belarus prezidenti Aleksandr Lukaşenko keçmiş dövlət başçısı və onun ailəsi üçün xüsusi hüquqlar müəyyən edən Konstitusiyaya dəyişiklikləri təsdiqləyib. Bu düzəlişlərə əsasən, Lukaşenko və onun ailəsi bütün həyatı boyu toxunulmazlığa, daimi müdafiəyə və dövlət daşınmaz əmlakından istifadə hüququna malik olacaqlar.
Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə Lukaşenkonun mətbuat xidməti məlumat yayıb.
Təqaüddə olan dövlət başçısı və onun ailə üzvləri hakimiyyətdə olduqları dövrdə törətdikləri cinayətlərə görə məsuliyyətdən azad olunacaqlar. Onlar aktivlərə, əmlaka, yazışmalara münasibətdə toxunulmazlığı saxlayır, həmçinin daimi mühafizə hüququna zəmanət verilir.
Keçmiş dövlət başçısı vəfat etdiyi halda onun dəfni dövlət büdcəsi hesabına həyata keçiriləcək. Keçmiş lider prezidentlikdən getdikdən sonra ÜmumBelarus Xalq Məclisinin nümayəndəsi və ömürlük Respublika Şurasının üzvü olur.
2022-ci ildə Belarusda referendum keçirilib, orada respublika prezidentinin, ÜmumBelarus Xalq Məclisinin və Respublika Şurasının səlahiyyətlərinin genişləndirilməsinə yönəlmiş Konstitusiyaya dəyişikliklər qəbul edilib.