Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasından 98 il ötür. Heydər Əliyev dünya miqyasında böyüklüyü etiraf edilən və qəbul olunan şəxsiyyət idi. Azərbaycan dünya miqyasında layiq olduğu mərtəbəyə məhz onun uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bildi.
Hə, o, dünyanın qəbul etdiyi LİDER idi. Onun şəxsiyyətinin nəhəngliyini dünya liderləri də etiraf edirdilər. Dünyanın fövqəldövlətlərinin başçıları, siyasətçiləri, ictimai xadimləri...
Rusiya prezidenti Vladimir Putin onun haqqında deyirdi: “O, böyük dövlət xadimi idi. Mübaliğəsiz demək olar ki, siyasət nəhəngi idi”.
Fransanın keçmiş prezidenti Jak Şirak: “Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarıb. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun cəsarətini, müdrikliyini və qətiyyətini yüksək qiymətləndirdim”.
Eduard Şevardnadze: “Prezident Heydər Əliyev qəhrəmanlığı, müdrikliyi, mətanəti və qarşısına qoyduğu məqsədinə sarsılmaz sədaqəti olmasaydı, Şərq - Qərb enerji dəhlizi gerçəkləşə bilməzdi”.
Mərhum Roma Papası II İohan Pavel: “Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası son illər dünya birliyində layiqli yer tutmuşdur. Azərbaycanda hüquqi dövlət quruculuğu, iqtisadi islahatların uğurla həyata keçirilməsi sahəsində görülən işləri diqqətlə izləyir və onları dəstəkləyirəm”.
Kraliça II Elizabet: “Heydər Əliyevin Azərbaycanın inkişafında və ölkələrimiz arasında əlaqələrin gücləndirilməsində əvəzsiz xidmətləri olmuşdur. 1998-ci ilin iyul ayında Birləşmiş Krallığa səfəri zamanı onunla olan görüşümüzü çox yaxşı xatırlayıram”.
Zbiqnev Bjezinski: “Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət - bir sözlə şəksiz liderdir”.
ABŞ-ın sabiq Prezidenti Corc Buş: “Dünyada tanınmış görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehəm”.
Sabiq Türkiyə prezidenti Əhməd Necdət Sezər: “Heydər Əliyevi şəxsən tanıdığıma görə şərəf hissi keçirirəm. Azərbaycanın əmin-amanlığı və çiçəklənməsi üçün göstərdiyi səylərlə yanaşı, Heydər Əliyev bütün Qafqazın sülhün bərqərar olduğu bir məkana çevrilməsi istiqamətindəki fəaliyyəti ilə də daim xatırlanacaq”.
Pakistanın mərhum baş naziri Bənəzir Bhutto: “Heydər Əliyevin çox müdrik təşkilatçılıq qabiliyyəti var, ona görə də indi ölkədə hər şey maşın mexanizmi kimi işləyir”.
Britaniyanın sabiq baş naziri Toni Bleyer: “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər”.
Görkəmli sovet dövlət xadimi Nikolay Baybakov: “Mən Azərbaycanı, Azərbaycan xalqını Heydər Əliyev qədər sevən ikinci adam tanımıram”.
Qazaxıstan lideri Nursultan Nazarbayev: “Heydər Əlirza oğlu Azərbaycan Respublikası üçün, MDB-nin inkişafı üçün, Qazaxıstan və Azərbaycan xalqlarının çoxəsrlik dostluğunun möhkəmlənməsi üçün çox işlər görüb”.
Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze: “Prezident Heydər Əliyev qəhrəmanlığı, müdrikliyi, mətanəti və qarşısına qoyduğu məqsədinə sarsılmaz sədaqəti olmasaydı, Şərq - Qərb enerji dəhlizi gerçəkləşə bilməzdi”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: “Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən lider idi. Türkiyə-Azərbaycan dostluğunu çox gözəl ifadə edən “Bir millət, iki dövlət” ifadəsi də ona məxsusdur. Biz çalışmalıyıq ki, bu hikmətanə deyimin ifadə etdiyi amal bundan sonra da davam etsin. Böyük Heydər Əliyevin ruhu şad olsun deyə biz türk dünyasının birliyini və qardaşlıq münasibətlərini qoruyub möhkəmləndirməyə çalışmalıyıq”.
Türkiyənin IX Prezidenti Süleyman Dəmirəl: “Mənim Heydər Əliyevə böyük sevgim, hörmətim və ehtiramım vardır. Bunun kökündə onun insani xüsusiyyətləri, Azərbaycan millətinə, xalqına xidmətləri, Azərbaycan dövləti, müstəqilliyi naminə gördüyü işlər durur. Mənim tanıdığım Heydər Əliyev Azərbaycan vətənpərvəridir, bir o qədər də türk vətənpərvəridir. Azərbaycanda nə varsa, hamısı Heydər Əliyevin xidməti sayəsində yaradılmışdır. Hörmətli Heydər Əliyevin Azərbaycana gətirdiyi ən önəmli məsələlərdən biri də möhkəm sabitlikdir. Atəşkəsə nail olunaraq, ölkənin digər işləri ilə məşğul olmaq imkanı yaradıldı. Daxili sabitlik bərqərar edildi, iqtisadi inkişaf, quruculuq işləri başlandı. Hörmətli Heydər Əliyevin gördüyü ən böyük işlərdən biri məhz bu ölkədə sabitliyin, asayişin bərqərar olunmasıdır. Bu, asan iş deyildi. Heydər Əliyevə qarşı sui-qəsdlər hazırlanırdı. Ancaq Azərbaycan xalqı üçün, mənim qardaşlarım üçün ən vacib olanı müstəqil dövlətin yüksələn bayrağıdır. Yüksələn bayraq enməz! Azərbaycanın müstəqilliyi güclüdür, əbədidir”.
Bill Klinton (Heydər Əliyevə müraciətlə): “Cənab Prezident, Siz bizə çox lazımsınız. Qafqazda və Mərkəzi Asiya regionunda sülhün və sabitliyin bərqərar olunmasında Sizin xidmətlərinizi yüksək qiymətləndiririk. Sizin liderliyiniz və güclü qətiyyətiniz sayəsində Xəzərin zəngin ehtiyatlarının dünya bazarlarına alternativ yollarla ixrac olunması region dövlətlərinin müstəqilliyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayacaqdır”.
İranın sabiq Prezidenti Seyid Məhəmməd Xatəmi: “Heydər Əliyev yenicə ayağa qalxan Azərbaycan Respublikasının sabitlik və tərəqqiyə qovuşmasında təsirli rol oynamış, gözəl Azərbaycan xalqının rifahı, asayişi naminə səy göstərmiş təcrübəli və məşhur siyasət xadimi olmuşdur”.
Özbəkistanın sabiq Prezidenti İslam Kərimov: “Azərbaycan xalqına həsəd aparıram, çünki onun dəqiq, aydın, ardıcıl siyasəti, mövqeyi olan lideri var”.
Məşhur qırğız yazıçısı Çingiz Aytmatov: “Heydər Əliyev həqiqətən də tarixi, hətta əfsanəvi bir şəxsiyyətdir. Bu, sovet dövründə də belə idi, bugünkü MDB məkanında da, xeyli çətinləşmiş müasir dünya şəraitində də belədir. Heydər Əliyev hər zaman xalqının xidmətində olmuşdur. Heydər Əliyev onun yaşıdlarının və hətta ondan cavan olan bir çox siyasi xadimin bacarmadığı xüsusiyyəti – müasir dövrün ən aktual çağırışlarına hazır olmağı nümayiş etdirə bilmişdir. Məhz Heydər Əliyevin zəngin siyasi təcrübəsinin və humanitar dünyagörüşünün genişliyi nəticəsində indi Azərbaycanda sabitlik, tolerantlıq, mədəniyyət, maarifçilik hökm sürməkdədir. Bütün bunlar isə Azərbaycan dövlətinin müasir inkişafını və tərəqqisini təmin edəcək əsas amillərdir. Heydər Əlirza oğlu XX əsrin ən böyük liderlərindədir. O, müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü qurucularından biridir”.
BMT-nin sabiq baş katibi Butros-Butros Qali: “Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin simasında özümə yaxın dost və sirdaş tapmağımdan məmnunam. Mən Heydər Əliyevə böyük hörmət və ehtiram bəsləyirəm, onun siyasi fəaliyyətini və məharətini, uzaqgörənliyini yüksək qiymətləndirirəm”.