İran jurnalistləri ən çox həbs edən 3 ölkədən biridir
02 dekabr 2022 15:05 (UTC +04:00)

İran jurnalistləri ən çox həbs edən 3 ölkədən biridir

İran rejimi iğtişaşlar barədə məlumat yayanları ən ağır formada cəzalandırır

Hazırda İranda 48 nəfər  jurnalist həbsdədir. Bu, dünyada ən pis 3-cü göstəricidən biridir. 102 nəfər  jurnalistin həbsi ilə Çin dünyada 1-ci yerdə,  67 jurnalistin həbsi ilə Myanmar (Myanma İttifaqı Respublikası ) dünyada 2-ci yerdə, 48 nəfərlə İran 3-cü yerdədir.

Beynəlxalq təşkilatların 30 noyabr 2022-ci ilə qədər olan dövrü əhatə edən hesabatlarında göstərilir ki, 2022-ci ilin sentyabrına qədər İranda 14 nəfər jurnalist həbsdə olub. Sentyabrın  16-da Məhsa Əmininin ölümü ilə başlayan etiraz dalğası fonunda İranda həbs edilən jurnalistlərin kəmiyyəti artıb. Keçən 3 ay müddətində 42 nəfər  jurnalist həbs edilib. Onlardan 8-i yüngül cəza alaraq sərbəst buraxılıb.  34 nəfəri isə həbsdə saxlanılıb. Beləlklə, İranda həbsdə olan jurnalistlərin sayı 48 nəfərə çatıb. Yeni həbs edilən  34 nəfər jurnalistdən 15-i qadındır. Etiraz aksiyaları başlamazdan əvvəl İranda məhbus həyatı yaşayan 14 nəfər jurnalistdənlərdən də   3-ü qadın olub. Beləliklə, hazırda həbsdə olan  48 jurnalistdən  18 nəfəri qadındır.

Həbsdə olan qadın jurnalistlərdən ikisini ölüm cəzası gözləyir. Bunlar Nilufər Həmədi və Elahe Məhəmmədidir. Bu iki şəxs  Məhsa Əmininin ölümünə ictimai diqqət çəkən ilk jurnalistlər olublar. Buna görə də həbs ediliblər və  ölüm cəzası gözləyirlər. Nilufər Həmədi Məhsa Əmininin ölməzdən əvvəl, koma vəziyyətində saxlanıldığı xəstəxanadan məlumat hazırlayıb və onu “Şərq” qəzetində yayımlayıb. Buna görə sentyabrın 20-də həbs edilib. " Ham Mihan " qəzetinin jurnalisti Elahe Mohammadi isə ilk etiraz aksiyalarından birinə çevrilən dəfn mərasimindən  reportaj hazırlayıb. O, sentyabrın 29-da saxlanılıb. “Rouydad-24” xəbər saytının müxbiri Nazila Maroufian isə  Mahsa Aminin atasından  müsahibə aldığı üçün günahkar sayılır. O, müsahibə yayımlandıqdan sonra həbs edilib və “EVİN həbsxanası”na göndərilib. 

Dövlət strukturları tərəfindən öldürülmüş jurnalistlər

https://rsf.org/en/unprecedented-number-women-journalists-are-now-detained-iran

2022-ci ildə beynəlxlq jurnalist təşkilatları “İranda cəza almış 1000 jurnalist” barədə məlumatlandırma aksyası  keçirdilər. Məğzi budur ki,  1979-cu ildən, yəni indiki rejim hakimiyyətə gəldikdən sonra,  İranda cəzalandırılan jurnalistlərin sayı  1000 nəfəri ötüb. Buraya həbs edilən, təhdid olunan, fiziki xəsarətlər alan və nəhayət, öldürülən jurnalistlərlərin adları  daxildir. Qeyd edilən jurnalistlərdən 20 nəfəri İran məhkəmələri trəfindən edam hökmü alaraq qətlə yetiriliblər. Bu statistika göstərir ki, mövcud İran rejim ifadə azadlığına qarşı qənim kəsilmiş ən pis idarəçilikdir. Onların ifadə azadlığına qarşı repressiyası son 3 ay müddətində daha da kəskinləşib.

İran Konstitusiyasının 24-cü maddəsi mətbuat azadlığına təminat verir.  Lakin 1986-cı ildə, 2000 və 2009-cu illərdə mətbuat qanununa edilən düzəlişlər ölkədə media azadlığını yox edib. Həmin dəyişikliklərə əsasən, ölkədə Ali Rəhbər haqqında tənqid yazmaq, “İslam Respublikasına təhlükə törədən” mövzuları işıqlandırmaq, “Din adamlarını incidən materillar” dərc etmək yasaqlanıb. Belə qanun hakimiyyət strukturlarına imka verir ki, onların siyasətinə uyğun olmayan, azad fikirli məlumat yayan istənilən şəxsi  cəzalandırsınlar.

İran əhalisinin informasiya almaq imkanları tükədilib

2022-ci il sentyabrın 16-da Məhsa Əmininin ölümü ilə başlayan  iğtişaşlarından sonra İranda vətəndaşların doğru-düzgün və operativ informasiya almaq imkanları tamamailə məhdudlaşdırılıb. İran rejimi təkcə ölkə içində jurnalistləri, KİV qurumlarını cəzalandırmaqla kifayətlənmir, həm də transmilli KİV-ləri susdurmağa çalışır. Xarici KİV-lərin əksəriyyətinə  uzun illər öncədən, xüsusən,  2009-cu ildən etibarən  müxtəlif formalı sanksiyalar tətbiq edib. 2022-ci ilin oktyabr ayından başlayaraq sanksiyalar siyahısı  yenilənib və  çoxaldıb.  Böyük Britaniya,  Fransa, Almaniya və sair ölkələrdən İran mövzusunda informasiya yayan  xarici media orqanlarına sanksiyalar tətbiq edilib. Oktyabrın 26-da Almaniyanın Deutsche Welle və Radio France Internationale ( RFI ) radiolarının farsca versiyalarına sanksiyalar qoyulub. Bu KİV-lərlə əməkdaşlıq edən şəxslərə İrana giriş üçün viza qadağası tətbiq edilib. İrandakı ofislərinin  əmlak və aktivləri  müsadirə edilib. BBC Fars, o cümlədən, Volant Media, Global Media, DMA Media da sanksiyalaşdırılıb.

İranda əhalinin bütün formalı məlumatlandırma  imkanlarını dayandırmaq üçün internetə çıxış demək olar ki, qapadılıb. Əhalinin alternativ  informasiyaya çıxışı  bloklanıb. İran hökuməti internet informasiya resurslarına çıxışı tamamilə dayandırmaq istəyir. Instagram və WhatsApp kimi strateji xidmətlər bloklanıb. İndi də Virtual Şəxsi Şəbəkəni (VPN) hədəfləyib. Uzaq serverə şifrəli əlaqə təmin edən, istifadəçi məlumatlarını qoruyan, onların fəaliyyətini anonimləşdirən və bununla da senzuradan yan keçməyə imkan verən proqramları bloklamaq üçün mexanizmlər tətbiq edir. İranlı jurnalistlər bildiriblər ki,  hökumət pulsuz VPN-lərə girişi əngəlləmək üçün mexanizmlər yaradır: “Vətəndaşların VPN-lərdən istifadəsini çətinləşdirmək üçün Google Play və Apple App Store proqramlarını bloklayıb. Sentyabrın 18-dən bəri İranda hökumət qərarları səbəbindən 21 ünsiyyət şəbəkəsi ilə əlaqə kəsilib. İranlıların onlayn xəbər və məlumatlara daxil olmaq və xarici dünya ilə əlaqə saxlamaq yolları tükənib”.

Beynəlxalq təşkilatlar İranı əhalisini informasiya blokadasından çıxarırlar

Sentyabrın 16-dan  başlanan iğtişaşlar fonunda  İran hökumətinin alternativ informasiya imkanlarını yox etməsi prosesinə cavab olaraq, beynəlxalq təşkilatlar yardım  proqramları hazırlayıblar. Məlumatı  RSF-nin baş katibi Christophe Deloire yayıb. Qeyd edib ki,  Nobel Sülh Mükafatı laureatı Dr Şirin Ebadinin təşəbbüsünə dəstək olaraq, İran üzrə “Media Yardım Masası” ( Iran Media Help Desk ) yaradılıb. “Media Yardım Masası”  ilk mərhələdə  İranda VPN-lərin sürətli təmin edilməsinə çalışacaq. Həmçinin, risk altında olan azad fikirli jurnalistlərə rəqəmsal təhlükəsizlik dəstəyi göstərəcək. Şərti olaraq “Girov Azadlıq” adlandırılan layihə  vasitəsilə İran üzrə  alternativ informasiya yaya bilən  media orqanları üçün “Güzgü saytları” ( mirror sites ) yaradılacaq. “Güzgü saytları” həmin media qurumlarının İranda senzuradan yan keçməsinə kömək edəcək.

İran Media Yardım Masası vasitəsilə İran  daxilində və xaricində fəaliyyət göstərən və iğtişaşlar mövzusunda informasiya hazırlayan media qurumlarına və jurnalistlərə müsabiqədənkənar qrantlar veriləcək .

İranda təzyiqlərlə üzləşən jurnalistlər və media qurumları barədə hesabatlar hazırlanaraq BMT-yə göndəriləcək. 

Müşfiq Ələsgərli

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2412
avatar

Oxşar yazılar