Xalidə Bayramova, Səbail Rayon İcra Hakimiyyəti Başçısının sabiq 1-ci müavini
01 iyun 2021 17:46 (UTC +04:00)

Xalidə Bayramova, Səbail Rayon İcra Hakimiyyəti Başçısının sabiq 1-ci müavini

İcra başçının qalmaqallı müavininin yerinə TƏYİNAT

Səbail Rayon İcra Hakimiyyətində yeni təyinat olub.

Lent.az-ın məlumatına görə, Səbail Rayon İcra Hakimiyyəti başçısının (RİHB) əmrinə əsasən RİHB-nın müavini Şixəmmədov Vüqar Nurməmməd oğlu Rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini vəzifəsinə təyin edilib.

Şixəmmədov Vüqar Nurməmməd oğlu 9 fevral 1986-cı ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə 66 saylı orta məktəbi, 2008-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini, 2011-ci ildə ikinci ali təhsil olaraq Azərbaycan Turizm İnstitutunun mühəndis iqtisadiyyatı və idarəetmə, menecment fakültəsini bitirib.

Əmək fəaliyyətinə 15 yanvar 2004-cü ildə “İmproteks Travel” şirkətinin Daxili turizm şöbəsində təlimatçı olaraq başlayıb. 2004-2005-ci illərdə AGİ Nizami rayon Komitəsində təlimatçı, 2005-2006-cı illərdə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi Turizm şöbəsinin Təbliğat və İnformasiya sektorunda məsləhətçi, 2006-cı ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsində daxili turizmin inkişafı sektorunda aparıcı məsləhətçi və böyük məsləhətçi, 2006-2011-ci illərdə baş məsləhətçi, 2011-2015-ci illərdə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin turizmin marketinqi və təbliğatı sektorunun müdiri, 2015-2018-ci illərdə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, 2018-ci ildə Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri vəzifələrində çalışıb.

2014-2018-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Həmkarlar Komitəsinin sədr müavini, 2018-ci ilin sentyabr-dekabr ayları ərzində əməkdaşların səsverməsi nəticəsində komitənin sədri kimi fəaliyyət göstərib. 2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Dövlət qulluğunun müşaviri ixtisas dərəcəsini alıb.

Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 13 dekabr 2018-ci il tarixli əmri ilə Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 4 may 2016-cı il tarixli sərəncamı ilə “Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu”nun təşkilində səmərəli fəaliyyətə görə “Tərəqqi medalı” ilə təltif olunub.

Ailəlidir, üç övladı var.

Qeyd edək ki, bir müddət əvvəl Baş Prokurorluq məlumat yayaraq X. Bayramovanın vəzifə səlahiyyətlərindən istifadə edərək Səbail rayonu ərazisində yerləşən 1 saylı Şəhər Poliklinikasının vəzifəli şəxslərinə zəng edib, “COVID-19” xəstəliyi əleyhinə vaksinasiya prosesi ilə əlaqədar yaxın qohumuna peyvənd vurulmadan peyvəndlənmiş şəxs kimi qeydiyyata alınaraq, bu barədə tibbi sənədin verilməsini tələb etdiyini bildirib.

Qeyd edilənlərlə bağlı X. Bayramovaya Baş Prokurorluq tərəfindən xəbərdarlıq edilməklə, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunun tələblərinin pozulması səbəbindən barəsində qanuni tədbirlərin görülərək intizam məsuliyyətinə cəlb edilməsindən ötrü “Prokurorluq haqqında” qanunun 23-cü maddəsinə əsasən Səbail RİH-ə müvafiq təqdimat verilib. 

Həmin təqdimatdan bir neçə gün sonra X.Bayramova işdən çıxarılıb.  

Onu da əlavə edək ki, X. Bayramova Prezidenti Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə yaxınlığı ilə tanınır.

X. Bayramovanın adı 2019-cu ildə Səbail rayonu ərazisində yerləşən 162 nömrəli orta məktəbdə baş verən intihar hadisəsində də hallanıb. O vaxt məktəbli Elina Hacıyevanın intihar etməsində məktəb direktoru ilə bərabər X.Bayramovanın da günahkar olduğu iddia edilirdi. Lakin onun barəsində hər hansı hüquqi tədbir görülməyib.

# 6531
avatar

Oxşar yazılar