Həyat şirindir, ya Vətənin bir qarışı?
08 noyabr 2021 14:02 (UTC +04:00)

Həyat şirindir, ya Vətənin bir qarışı?

Vətən nədir? Nədən başlayır? Nəyə hazırsan Vətən üçün? Həyat şirindir, ya Vətənin bir qarışı? Əsrlərin qan yaddaşı milli hissimizi, qürurumuzu, mənsubiyyətimizi qoruyub saxladı. Bunu nə fars, nə ərəb, nə monqol, nə də rus bizə yadırğada bildi.

Vətən sevgisi, azadlıq eşqi bizə hər bir maneəni aşmağa kömək etdi. 30 il əvvəl mənfur düşmən torpaqlarımızı işğal edəndə, dinc əhalini qıranda ürəyimiz qan ağladı.

O zamanlar bir çeçen komandirindən soruşublar: Azərbaycanın ermənilərlə müharibəni uduzması haqda nə deyə bilərsiniz? Komandir belə cavab verib: “Siz buna sakit baxacaqsınlız, qəbul edəcəksiniz?”

Müxbir “Əlbəttə, yox!”, - deyib.

Çeçen komandiri bu zaman “Onda heç bir məğlubiyyətdən söhbət gedə  bilməz!”,  deyərək cavab verib.

Bu 30 ildə nə qədər igidlərimiz həlak oldu, şəhərlərimiz talandı, yerlə yeksan olundu, düşmən torpağımızda meydan suladı, kef çəkdi, biz isə sakitləşmədik, sanki pusquda durmuş aslan kimi hazırlaşdıq.

Bir məşhur Meksika məsəlində təxminən belə deyilir: Onlar bizi torpağa gömməyə çalışırdılar, amma bilmirdilər ki, biz toxumuq…  

Qudurmuş düşmənin təxribatlarına, azğınlıqlarına son qoymaq zamanı gələndə isə bütün ölkə, bütün xalq, bütün millətlər bir yumruğa döndü-dəmir yumruğa. O 44 günü saniyəbəsaniyə yaşadı, hər kəs qələbə yolunda əlindən gələni etdi…

Hamımız Ali Baş Komandanımızın ətrafında birləşdik. Çoxdandır xalqımız belə yekdillik görməmişdi. Oğullarımız misilsiz rəşadət nümayiş etdirdilər dünyaya. Azərbaycanın döyünən ürəyi, incisi, gözəlim Şuşanın  azad olunduğu gün indiki kimi yadımdadır. Bir gözümüz ağlar, bir gözümüz gülər. Bu Qələbə bizə igidlərimizin qanı bahasına başa gəldi.  

Hamının sevincdən çağladığı gün nə qədər ana evin bir küncündə oğlunun şəklini bağrına basaraq ağlayırdı. Biz küçələrdə atəşfəşanlıq edəndə nə qədər övlad ata nisgili ilə qapıya qəmli-qəmli baxırdı. Biz Vətənimizin azadlığına, ərazimizin bütövlüyünə görə o “Cücərmiş toxumlara“- Müstəqil Azərbaycanımızın igidlərinə borcluyuq, şəhidlərimizin ruhu, qazilərimiz və bu igidləri böyüdüb Vətənə bəxş edən anaların qarşısında baş əyirik!

Zəfər Bayramımız mübarək!

Vəfa Paşazadə - Tibb elmləri üzrə fəlsəfə doktoru

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3351
avatar

Oxşar yazılar