Yeni Kaledoniya Parlamentinin sədri Rock Uamytan "Müstəmləkəçikiyinin tamamilə aradan qaldırılmasına doğru" mövzusunda keçirilən konfransın təşkilinə görə, Azərbaycana təşəkkür edib.
Lent.az xəbər verir ki, bu barədə o, Qoşulmama Hərəkatının iclası çərçivəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi "Müstəmləkəçikiyinin tamamilə aradan qaldırılmasına doğru" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.
Parlament sədri deyib ki, onun təmsil etdiyi cəbhə Fransa kolonializminə qarşı mübarizədə bütün səylərini əsirgəmir.
O bildirib ki, təmsil etdiyi hərəkat 1986-cı ildə QH-də müşahidəçi statusuna layiq görülüb:
“Hərəkatımız 30 ildir ki, müstəmləkəçiliyin aradan qaldırılması istiqamətində çalışır. Bu illər ərzində beynəlxalq təsisatlarda bu məsələni gündəmdə saxlamağa çalışmışıq. Fransa Yeni Kaledoniyanı müstəmləkə altında saxlayır. Ölkəmizdə 2021-ci ildə məcburi şəkildə üçüncü referendum keçirildi. Biz pandemiya ilə əlaqədar bunun təxirə salınmasını istəyirdik. Fransa davamlı olaraq legitimliklə bağlı beynəlxalq forumlarda çıxış edir.
Bu seçkilərin qeyri-demokratik olmasına baxmayaraq onlar bunu legitimləşdirdi. Fransa hökumətinin qəddarlığını nəzərə alaraq bizim cəbhə BMT-nin T24 qrupunu məlumatlandırıb. Biz bildirmişik ki Fransanın bu addımları bizi neokolonilizm istiqamətində aparır.
Ölkəmiz öz tarixinə bağlıdır. Biz öz müqəddəratımızla bağlı ədalət istəyirik. Biz refendurumun keçirilməməsi ilə bağlı çağırış etmişdik, amma Fransa 2000 əsgər göndərərək bu referendumun məcburi yolla həyata keçirilməsini təmin etdi.
Fransa qardaşlıq bərabərliyi təşviq etdiyini deyir, özünü demokratik ölkə kimi tanıdır, bütün bunlar yalandır. Fransanı bürüyən sosial problemlər, irqçi cinayətlər Fransa hökumətinin xarakterini göstərir.
Sizin dəsətəyiniz bizim Beynəlxalq Ədalət Məhkəməsinə müraciətimiz üçün vacibdir. Bu, Fransa hökumətin məsuliyyət daşıması üçün önəmlidir. Bu addımlar bizim yaxın zamanda müstəqillik qazanmağımıza kömək edə bilər. Biz 30 ildir ki, dialoqa açığıq, amma biz elə bir ölkə ilə üz-üzəyik ki, bu ölkə bizim müstəqilliyimizi vermək istəmir. Fransa ilk iki referendumu gözardı edib və son məcburi referendumun nəticələrini təşviq edir.
Fransa hökuməti xalqımızın müstəqillik seçiminə məhəl qoymur. Sentyabrın 24-də müstəmləkəçiliyin 170 ili tamam olacaq. Biz suverenliyimizi və müstəqilliyimizi qazanana qədər mübarizəmizi dayandırmayacağıq. Azərbaycan Prezidentinin Fransanı kolonial keçmişinə, törətdiklərinə görə üzr istəməyə çağırmasını yüksək qiymətləndiririk və təşəkkür edirik”.