Yolu azaraq Ermənistan ərazisinə keçən və saxlanılaraq qondarma qətl ittihamı ilə 20 il müddətinə həbs olunan Azərbaycan hərbçisinin ömürlük azadlıqdan məhrum edilməsi tələb olunur.
Lent.az “Pastinfo” saytına istinadən xəbər verir ki, Azərbaycan hərbçisi Hüseyn Axundovun öldürdüyü iddia edilən şəxsin yaxınları ona verilən 20 illik həbs cəzasının yüngül olduğunu düşünürlər.
Onlar məhkəmə qərarından şikayət verərək, Hüseyn Axundovun ömürlük azadlıqdan məhrum olunmasını tələb edirlər.
Xatırladaq ki, 2023-cü ilin aprel ayında Azərbaycan ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov itkin düşüb.
Axtarış nəticəsində məlum olub ki, onlar Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu azaraq Ermənistan ərazisində keçib. Az sonra hər iki hərbçi Ermənistan tərəfindən əsir götürülüb.
Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunublar. Hüseyn Axundov “Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə” də təqsirləndirilir.
Nəticədə Aqşin Bəbirov 11,5 il, Hüseyn Axundov 20 il müddətinə azadlıqdan məhrum olunub.