Soltan Məmmədov
24 fevral 2022 17:38 (UTC +04:00)

Soltan Məmmədov

"Ermənistanda hələ ayılmayanlar da var" - İrəvandan gələn deputat

Lent.az Azərbaycan Milli Məclisinin deputatı Soltan Məmmədovun APA-ya müsahibəsini təqdim edir:

- Bu günlərdə Ermənistanın paytaxtı İrəvan şəhərində Avronest Parlament Assambleyasının komitə iclaslarında iştirak etdiniz. Səfər təəssüratlarınız necədir?

- Hesab edirəm ki, Ermənistana səfərimiz uğurlu keçdi. Avronest Parlament Assambleyasının komitə iclaslarında gündəlikdə olan bütün məsələlər, müzakirə olunan sənədlərlə bağlı Azərbaycanın mövqeyini çatdırmaq imkanımız oldu. Eyni zamanda, təbii ki, Ermənistan nümayəndələrinin əsassız ittihamlarına da cavab verdik. Bizim əsas məqsədimiz qalib ölkənin nümayəndəsi kimi Azərbaycanın bölgədə sülh və rifah üçün üzərinə düşən missiyanı yerinə yetirməyə hazır olduğunu bəyan etmək, həm Ermənistan, həm də Avronest PA-da təmsil olunan bütün digər ölkələrin təmsilçilərinin diqqətinə çatdırmaq idi. Eyni zamanda, Ermənistan ictimaiyyətinə ünvanlanmış mesajlar da var idi. Azərbaycanın sülhə hazır olduğunu, Cənubi Qafqazda yeni bir dövrün başladığını Ermənistanın sadə vətəndaşlarına çatdırmağa çalışdıq. Müəyyən reaksiyalar, mətbuatda və sosial şəbəkələrdə aparılan müzakirələrə əsaslanıb deyə bilərəm ki, məqsədimizə nail olmuşuq.

- Müharibədən sonra erməni cəmiyyətində hansı dəyişikliklər hiss olunur?

- Müharibənin ağır psixoloji zərbəsi hər addımda hiss olunur. Ermənistanda yaşayan sadə vətəndaşlar, bütün erməni xalqı 30 ilə yaxın bir müddətdə işğalçı, təcavüzkar bir siyasətin girovuna çevrilib. Yalançı təbliğatın qurbanı olub. Onları inandırmağa çalışıblar ki, erməni ordusu məğlubedilməzdir, güclüdür və s. 44 günlük müharibə bu təbliğatı alt-üst etdi. Əsl reallığın nədən ibarət olduğunu göstərdi. Bu, təbii ki, cəmiyyətdə uzunmüddətli psixoloji gərginliyə səbəb olub. Ermənistanda sülhün və əməkdaşlığın yaranmış vəziyyətdə yeganə çıxış yolu olduğunu düşünənlər və revanşizm tərəfdarı olanlardan ibarət iki qütb formalaşıb. Onların arasında mübahisə və müzakirələr gedir. Düşünürəm ki, sülh tərəfdarı olanlar daha çoxdur, lakin revanşistlərin ictimai rəyə təsir imkanları qalır. Reallıq bundan ibarətdir.

- Sülh gündəlikdə varmı? Bu səfərlər artıq davamlı xarakter ala bilərmi? Azərbaycan-Ermənistan parlamentlərarası dostluq qrupunun yaradılması nə zaman reallaşa bilər?

- Sülh istənilən halda gündəlikdə var. Sadəcə qeyd etdiyim kimi, sadə erməni vətəndaşları sülhə gedən yolun perspektivləri haqqında tam aydın təsəvvürə malik deyil. Hesab edirəm ki, burda revanşist qüvvələrin davamlı təbliğatı, eləcə də sülh tərəfdarlarının passiv fəaliyyəti öz rolunu oynayır. Lakin ilk növbədə postmüharibə dövrünün sindromlarının daha ciddi təsirə malik olduğu müşahidə edilir. Səfərlərin davamlı xarakter alması və münasibətlərin normallaşmasına gəlincə, indi bu daha çox Ermənistan tərəfindən asılıdır. Azərbaycan öz mövqeyini hər fürsətdə, bütün platformalarda açıq şəkildə ifadə edib. Cənab Prezidentin də vurğuladığı kimi, biz birmənalı şəkildə Cənubi Qafqazın bütün xalqları arasında normal münasibətlərin olmasının tərəfdarıyıq. Bu gün belə bir imkan yaranıb, lakin sabah gündəliyin dəyişməyəcəyinə heç kim zəmanət verə bilməz. Ermənistan bu fürsəti dəyərləndirməlidir.

- Erməni cəmiyyətində aqressiya müşahidə etdiniz?

- Bəli. Bu bizim üçün gözlənilməz olmadı. Bildiyiniz kimi, bir neçə dəfə etiraz aksiyaları da keçirildi. Avronest Parlament Assambleyasının komitə iclaslarında bəzi erməni nümayəndələrin çıxışlarında da bu aqressivliyi müşahidə edirdik. Eyni zamanda, fərqli davranan və daha tolerant münasibət nümayiş etdirənləri də gördük. Ümumilikdə isə bütün bunları normal qarşıladıq və qeyd etdiyim kimi, postmüharibə dövrünün sindromu kimi qəbul etdik.

- Təhlükəsizliyiniz necə təmin olunmuşdu?

- Bu məsələ ilə bağlı, tam səmimi deyim ki, heç bir narahatlığımız olmadı. Azərbaycanın müvafiq dövlət qurumları səfərdən öncə təhlükəsizliklə bağlı Ermənistandan zəmanət almışdı. Lazımı addımlar atılmışdı. Biz Ermənistanda çox yüksək səviyyədə mühafizə ilə təmin olunmuşduq. Qaldığımız oteldə də, oteldən kənara çıxanda da mühafizə ilə bağlı tədbirlər görülürdü. O baxımdan problem olmadı. Psixoloji baxımdan da rahat idik, çünki dövlətimizə güvənimiz tamdır. Sadəcə onu deyə bilərəm ki, bu səfərə güclü dövlətin vətəndaşı kimi qatılmağın verdiyi zövq, doğurduğu hisslər izaholunmazdır.

- Qaldığınız otelin qarşısında aksiyalar keçirilirdi. Bu zaman sizin təhlükəsizliyinizə cavabdeh şəxslər hansı addımları atırdılar?

- Müşahidə etdiyim qədər bu aksiyalara nəzarəti polis orqanları həyata keçirdi. Aksiya iştirakçılarının otelə daxil olması və ya bizə yaxınlaşması praktiki olaraq mümkün deyildi.

- Sizə oteldə və restoranda ermənilərin xidmət göstərmək istəmədiyi ilə bağlı məlumatlar var. Bu zaman reaksiyanız necə oldu?

- Biz bu barədə məlumatı sonradan öyrəndik. Xüsusi bir reaksiya olmadı. Sadəcə acı bir təbəssüm doğurur. Bütün baş verənlərin, müharibənin, 30 illik işğalın səbəbkarı Azərbaycan deyil. Təəssüf ki, Ermənistanda xalqı heç bir tarixi və hüququ əsası olmayan bir yalana – “Böyük Ermənistan” xülyasına inandırıblar. Bir neçə nəsil bu avantürist ideyaların təsiri altında formalaşıb. Müharibə onların bir çoxunu yuxudan ayıldıb, lakin hələ ayılmayanlar da var. Bu, təəssüf doğurur. Ermənistan hökuməti də, bütün erməni xalqı da 30 ildir ki, reallıq hissini itirib uydurduqları başqa bir dünyada yaşayıblar. İndi isə bu dünyaya qayıtmağın vaxtıdır. Bunu sadəcə anlamaq, dünyada, bölgədə baş vermiş və baş verməkdə olan hadisələrdən nəticə çıxarmaq lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4152
avatar

Oxşar yazılar