Azərbaycanın Rusiyadakı səfirliyi fevralın 7-11-də Moskvada keçiriləcək “Prodekspo-2022” beynəlxalq ərzaq sərgisində planlaşdırılan erməni təxribatı ilə bağlı məlumat yayıb.
Lent.az-ın xəbərinə görə, səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilib ki, fevralın 7-11-də Moskvada keçiriləcək “Prodekspo-2022” beynəlxalq ərzaq sərgisində iştirakı nəzərdə tutulan “Биэйдж Бренди Компани” erməni şirkətinin Xankəndidə qanunsuz qeydiyyatı ilə bağlı müxtəlif KİV və sosial şəbəkələrdə yayılan məlumata istinadən aşağıdakıları qeyd edirik:
Fevralın 3-də səfirliyin məsul diplomatları məsələ ilə əlaqədar sərginin keçiriləcəyi “Eksposentr” Mərkəzi Sərgi Kompleksinin müvafiq rəhbər işçiləri ilə görüşüblər.
Görüşdə “Биэйдж Бренди Компани” şirkətinin Xankəndidə qanunsuz qeydiyyatı ilə bağlı yayılan xəbərlərin narahatlıq doğurduğu diqqətə çatdırılıb və adıçəkilən şirkətin sərgidə iştirakının qəbuledilməzliyi vurğulanıb.
Cavab olaraq bildirilib ki, həmin şirkətin təqdim etdiyi sənədlərdə şirkət Yerevanda göstərilən ünvan üzrə qeydiyyata alınmış, “Prodekspo” saytında isə “Artsax” və ya “Dağlıq Qarabağ”ı əks etdirən hər hansı yazı və simvollar mövcud deyil. Qeyd edilib ki, sözügedən şirkətin baş ofisinin “Ermənistan, Artsax (Dağlıq Qarabağ), Stepanakert, Tumanyan küç., ev 50”də qeydiyyatda olması erməni informasiya saytı “spyur.am”da verilib, 2021-ci il martın 16-da həmin saytdakı son yenilənmə də göstərir ki, bu məlumat da hazırki vəziyyəti əks etdirmir.
Xüsusi olaraq vurğulanıb ki, xoşagəlməz halları istisna etmək üçün müvafiq tapşırıqlar verilib. Qeyd edilən məlumat bir daha yoxlanılacaq və öz təsdiqini tapacağı təqdirdə, həmin şirkət sərgiyə buraxılmayacaq.
Məsələ səfirliyin xüsusi nəzarəti altındadır”, - məlumatda qeyd olunub.