Emanuel Makron
02 iyun 2021 15:45 (UTC +04:00)

Emanuel Makron

Erməni pulunu düşünən Makron: Və ya Fransa lideri niyə unutqandı?

Makron deyəsən mövcud reallıqlarla barışmaq istəmir. Onun regionda sülhə xələl gətirəcək ədalətsiz bəyanatlar verməsi indi adi hal alıb.

İyunun 1-də Nikol Paşinyanın Parisə səfəri zamanı istər Fransanın prezidenti, istərsə də bu ölkənin senatının spikeri absurd və kifayət qədər təhlükəli bəyanatlar səsləndirdilər. Bu bəyanatlardan görünür ki, Fransanın ermənipərəst mövqeyi artıq real siyasət formatına yüksəlib. Bu tip bəyanatlardan sonra Fransa artıq ATƏT Minsk qrupunun həmsədri olmaq hüququna malik deyil və təşkilat bu strukturu buraxmalıdır. Belə getsə, məhz prezident Makron ATƏT Mİnsk qrupunun qatili kimi tarixə daxil olacaq.

Rusiyalı politoloq Oleq Kuznetsovun dediyinə görə, E.Makronun bəyanatı Ermənistandakı ermənilərə, Nikol Paşinyana deyil, Fransadakı ermənilərə hesablanıb: “Orada gələn il prezident seçkiləri keçiriləcək və cənab Makron daha bir prezidentlik müddətində ölkəni idarə etmək istəyir. Bu məsələdə ona bir milyon Fransa ermənisinin səsləri və erməni diasporunun pulları lazım olacaq. Makron Cənubi Qafqazdakı oyununu artıq uduzub, indi o, erməni kartını daxili siyasi məsələlərdə oynamağa çalışır. Bu isə onu göstərir ki, Ermənistanın özü onu çox da maraqlandırmır”.

Bir maraqlı məqama da toxunaq. Məgər Makronun öz ölkəsində problemlər yoxdur ki, Azərbaycanın daxili işlərinə qarışır? Hətta bəyanat verir ki, Azərbaycan öz ordusunu Ermənistanın ərazisindən çıxartmalıdır. Görünür Makron unudub ki, Fransa rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Milli Məclisin deputatı Azər Badamov bildirib  ki, bu gün Azərbaycanın Dövlət Sərhəd Xidməti elə Fransanın da tanıdığı sərhədlərini bərpa edir: “Azərbaycanın ordusu Ermənistanın ərazisində deyil və qarşı tərəfdən fərqli olaraq, ölkəmizin heç də başqa ölkənin torpaqlarında gözü yoxdur. Həm də ölkəmiz ərazimizin bir qarşını da ermənilərə güzəştə getmək fikrində deyil. Azərbaycanın Sünik vilayəti ilə sərhəddə demarkasiya işlərini aparıb sərhəd postlarının qurulmasını Ermənistan siyasiləşdirirsə, bu onların özlərinin daxili işidir. Biz isə öz sərhədlərimizi möhkəmləndiririk”.

Ekspertlərin fikrincə, hadisələrin gedişi göstərir ki, Fransanın qeyri-obyektiv mövqeyi Minsk Qrupundakı fəaliyyətini bundan sonra davam etdirməyi mümkünsüz hala gətirir. Düzü, Minsk Qrupunun bu gedişlə fəaliyyətinə də hər hansı ehtiyac qalmır. Heç kimə sirr deyil ki, Fransa və ümumilikdə Minsk Qrupu 1 milyondan çox qaçqın və məcburi köçkünümüzün pozulmuş hüquqlarına, Ermənistanın minalanmış ərazilərin xəritəsini hələ də Azərbaycana verməməsinə toxunmağa lüzum görmür, ikili standartlardan çıxış edir. Rəsmi Bakının yanaşması isə bundan ibarətdir ki, Minsk Qrupunun fəaliyyəti postmüharibə dövrünün reallıqlarına uyğun olmalıdır. Yalnız bu halda sözügedən qrupun fəaliyyətini davam etdirməsi mümkün hesab edilir. Lakin Fransanın fəaliyyəti indiki halda Minsk Qrupunun işini davam etdirməsini mümkünsüz edir və bu səbəbdən onun işinə də birdəfəlik son verilə bilər.

Elə düzü də elə bu olmalıdır.

# 1842
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar