Polad Həşimov
27 sentyabr 2022 20:15 (UTC +04:00)

Polad Həşimov

Əfsanə, səngər generalı - ONU TANI

Ona əfsanə general deyirdilər. Hə, sözün həqiqi mənasında bir əfsanəydi. 

Ona səngər generalı deyirdilər.

Yəqin bildiniz, Lent.az “Onu tanı”da bu dəfə general-mayor Polad Həşimovdan danışacaq.

Hə, o,  dəftərxana, kabinet generalı deyildi. 17 yaşında səngərlərə girdi, Səngərdə də bitdi ömrü - general kimi. Həmin gün onun şəhid xəbərini general Kərəm Vəliyev elan etdi dərin hüznlə. Prezident İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası Səmayə anayla telefonla danışdı,  ailə üzvlərinə dərin hüznlə başsağlığı verdi. 

Və az, çox vaxt keçəcəkdi ki, minlərlə insan Sumqayıta axışacaqdı. Onun, general Polad Həşimovun evinin qarşısına. Hə, elə minlərlə insanın çiynində də son mənzilə yola salındı. Bir əfsanənin ömrü burda bitəcək, sonradan haqqında əfsanələr dolaşacaqdı. Həm də təkcə əfsanələr yox! 

Polad Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüblər. Orta təhsilini Sumqayıt şəhərində alıb. Anası Səmayə Həşimova oğlunun hüquqşünas olmasını arzulayırdı. Deyilənə görə, onu hərbçi olmağa tarix müəllimi Habil müəllim həvəsləndirib.  

1992-ci ildə Qarabağda şiddətli döyüşlərin olduğu bir dövrdə Polad Həşimov evə gəlir və hərbçi olmağı qərara aldığını bildirir. Anası çətin bir peşə olduğu üçün buna icazə verməsə də, atası artıq buna razılıq vermişdi. 1992-ci il avqustun 1-də Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə qəbul olan Polad Həşimov 1995-ci ildə oranı "Motoatıcı" ixtisası üzrə bitirir. 

Polad 1992-ci ilin noyabr ayında Birinci Qarabağ müharibəsi zamanı Ağdam rayonunun Mərzili və Novruzlu kəndlərinin müdafiəsi uğrunda gedən döyüşlərə qatılır. 

1994-cü ilin fevral ayında Murovdağ əməliyyatı zamanı Murov dağı silsiləsində "Güzgü", "Koroğlu" və "Ömər" postları uğrunda gedən döyüşlərdə savaşır. Həmin ildə o, Müdafiə Nazirliyi tərəfindən İstanbulun Tuzla ilçəsində yerləşən Piyada Məktəbində üç aylıq təlimlərə göndərilir. 

Polad Həşimov 1995–2017-ci illər ərzində Motoatıcı Taqım Komandiri vəzifəsindən Hərbi Hissənin Komandiri vəzifəsinə qədər müxtəlif vəzifələrdə çalışır. 2003-cü il iyunun 24-də Azərbaycan Prezidenti Heydər Əliyevin 887 nömrəli Fərmanına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilir.

2016-cı ildə tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Polad Həşimov 1-ci Ordu Korpusunun Komandir müavini — Qərargah rəisi idi. Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi məhz ona həvalə olunmuşdu. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdu. Polkovnik Polad Həşimov Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli 1967 nömrəli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdi. Aprel döyüşləri zamanı Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi xidmətlərinə görə Polad Həşimova mənzil hədiyyə edilmişdi. Kirayə mənzildə yaşamasına baxmayaraq Polad Həşimov həmin mənzili Aprel döyüşləri zamanı şəhid olan hərbçinin ailəsinə bağışlamışdı. Polad Həşimov 2017-ci ildən 3-cü Ordu Korpusunun Komandir müavini — Qərargah rəisi vəzifəsində çalışırdı. 2019-cu il iyunun 24-də Azərbaycan Prezidenti İlham Əliyevin 1286 nömrəli Sərəncamına əsasən Polad Həşimova "general-mayor" ali hərbi rütbəsi verilmişdi Bununla da Polad Həşimov XIX əsrdə yaşayan İsmayıl bəy Qutqaşınlıdan sonra Azərbaycanın tarixində Qəbələdən general rütbəsi alan birinci hərbçi olmuşdu. 

2020-ci il iyulun iyunun 12-dən 13-nə ötən gecədə Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gərgin anlar yaşanır. 3-cü Ordu Korpusunun Qərargah rəisi Polad Həşimovun da qatıldığı hərbi toqquşmalarda artilleriya və minaatanların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin atəşi ilə Ermənistan Ordusunun dayaq məntəqəsi, artilleriya qurğuları və canlı qüvvəsi məhv edilir. İyulun 13-dən 14-nə ötən gecə və səhər saatlarında Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edir. İyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində baş verən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin 6-sı zabit olmaqla 7 hərbi qulluqçusu şəhid olur. 

Həmin gün saat 13:00-da müdafiə nazirinin müavini Kərim Vəliyev canlı yayımda açıqlama verir: 

“Bu gün səhər saatlarında döyüş zamanı general-mayor Həşimov Polad qəhrəmancasına ön xətdə şəhid olmuşdur. Onunla birgə polkovnik Mirzəyev İlqar da şəhid olub. Bu onu göstərir ki, bizim generallar və yüksək rütbəli zabitlər əsgərlərin arxasında gizlənmirlər və döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirirlər. Təəssüflər olsun ki, döyüşlər itkisiz olmur. Müdafiə Nazirliyi rəhbərliyi adından şəhidlərimizə rəhmət, şəhidlərimizin ailələrinə səbr diləyirik. Yaralı dostlarımıza şəfa diləyirik. Əmin etmək istəyirəm ki, şəhidlərimizin, yaralıların qanı yerdə qalmayacaq”. 

Və qalmır da. İki ay sonra, elə bu gün Böyük Zəfər başlayacaqdı...

“Cəsur, mərd zabit idi, həm əsgərlər, həm də zabitlər arasında kifayət qədər hörməti var idi. Hər zaman əsgərin yanında idi". 

Bunu onun əsgəri olmuş, tanınmış jurnalist Seymur Kazımov deyir. 

“O, hər dəfə deyirdi ki, əsgər zabitlərinə görə hər zaman ölümə gedir, çünki əsgərlər öndə olurlar və əmr verilən kimi irəli atılırlar. Biz bu gün gördük ki, onun özü ön sırada getdi və şəhid oldu". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5895
avatar

Səbuhi Sədəf

Oxşar yazılar