Azərbaycanın BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilatına - Qoşulmama sədrlik etməsi ölkəmizin dünya birliyində qazandığı böyük nüfuzundan xəbər verir
Əslində, 2019-cu ildə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyə başlamasından sonra dünyanın ikinci ən böyük təşkilatında ciddi canlanma baş verdi. Qısa müddət ərzində ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazandığı üçün, ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik Azərbaycana həvalə edildi. Bu, eyni zamanda Azərbaycan Prezidentinin qlobal liderlik fəaliyyətinə verilən yüksək qiymət və Azərbaycana olan etimadın, inamın növbəti təzahürüdür.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkilatın beynəlxalq nüfuzu və təsiri yetərincə güclənib, beynəlxalq hüququn və ədalətin müdafiəsi istiqamətində olduqca böyük və səmərəli işlər görülüb. Məsələn, bunlardan birini xüsusi qeyd edək.
Pandemiyanın törətdiyi fəsadlara baxmayaraq, Azərbaycan bütün qlobal məsələlərə, mövzulara çevik və adekvat reaksiya verərək öz sədrliyini böyük müvəffəqiyyətlə həyata keçirib. Elə bu uğurlu fəaliyyətin nəticəsidir ki, sədrliklə bağlı səlahiyyət müddətinin 1 il də uzadılması ilə bağlı Azərbaycana müraciət olunub.
Politoloq Elşən Musayevin fikrincə, Qoşulmama Hərəkatı böyük və ciddi təsir gücü olan təşkilatdır.
Sitat: “Bu təşkilatda dünyanın nüfuzlu ölkələri təmsil olunur. Eyni zamanda bir məqamı xüsusi vurğulamaq yerinə düşər ki, Qoşulmama Hərəkatı 44 günlük Vətən Müharibəsi dövründə də yetərincə ədalətli mövqe sərgiləyib, bəyanatlar verib. Qoşulmama Hərəkatı öz prinsiplərinə, dəyərlərinə sadiq, haqqın yanında olan təşkilatdır. Ona görə də bu təşkilata Azərbaycanın sədrliyinin uzadılması ilə bağlı müraciət həqiqətən qürurverici, sevindirici və mötəbər bir hadisədir”.
Millət vəkili Aydın Mirzəzadənin dediyinə görə, Azərbaycan tərəfindən Qoşulmama Hərəkatının birliyinin təmin edilməsi üçün tədbirlərin keçirilməsi, hərəkat üzvlərinin qarşısında duran problemlərin həlli üçün təkliflər paketinin irəli sürülməsi və bütün dünyanın bu gün böyük çətinliklərlə yaşadığı koronavirus pandemiyası dövründə Qoşulmama Hərəkatının üzvlərinin bu problemini həllinə dair öz köməkliyini göstərməsi, Azərbaycan Prezidentinin təklifi ilə BMT Baş Məclisinin koronavirusla mübarizədə xüsusi sessiyasının keçirilməsi, Azərbaycanın hərəkata üzv ölkələrin vaksinlə təminatı məsələsini dünya qarşısında, inkişaf etmiş dövlətlər qarşısında qaldırması, onlara vaksin bölüşdürülməsində ədalətsizliyin olduğunu bildirməsi, bunu gündəmə gətirməsi sirr deyil və bunu bütün dünya ictimaiyyəti müşahidə etdi. Bundan başqa hərəkat üzvlərinin koronavirus pandemiyası ilə mübarizəsinə Azərbaycan öz tövhəsini verdi, 30-dan çox hərəkat üzvü olan ölkəyə tibbi avadanlıqlar, tibbi yardım, vaksin köməkliyi göstərdi.
“Bu günlərdə Azərbaycan Özbəkistana və Qırğızıstana xəstəliyə qarşı böyük həcmdə vaksin hədiyyə etdi. Bütün bunların hamısı Azərbaycanın, şəxsən onun Prezidenti cənab İlham Əliyevin hərəkat üzvlərinin maraqlarını yüksək səviyyədə qoruduğunu, onların problemlərinin həlli üçün həll variantının axtarıldığını və gündəmə gətirildiyini bir daha sübut edir”.
Bir məqamı xüsusi vurğulayaq ki, ölkəmizin Qoşulmama Hərəkatına üzv olduqdan cəmi 8 il sonra belə nəhəng bir təşkilata sədrlik etməsi Azərbaycanın müstəqillik tarixində mühüm siyasi hadisələrdən biridir. Həmçinin 2019-2022-ci illərdə təşkilata sədrlik etmək kimi statusa malik olması da Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini gücləndirməsi, ikitərəfli və çoxtərəfli münasibətlərini inkişaf etdirməsi baxımından ölkəmizə mühüm dividentlər gətirir.
Əbəs yerə deyil ki, 2020-ci il Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində törədilən hərbi təxribatla əlaqədar və Vətən müharibəsi zamanı Qoşulmama Hərəkatında qəbul edilən sənədlərdə Azərbaycanın haqlı mövqeyi müdafiə olundu. Bu sənədlərdə Qoşulmama Hərəkatı ölkələri Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib və ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərinə dair Azərbaycanla həmrəyliyini ifadə edib.
İyulun 13-də baş tutan iclas zamanı da Prezident İlham Əliyev bölgədə post-münaqişə dövründəki vəziyyət, Ermənistanın təcavüzkar siyasəti və Azərbaycanın davam etməkdə olan yeni proseslərlə bağlı baxış bucağına görüş iştirakçılarının diqqətinə çatdırıb. Dövlət başçısı çıxışının sonunda bir daha qeyd etdi ki, “Azərbaycan Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun artırılmasına töhfə verilməsi, Hərəkat çərçivəsində həmrəyliyin gücləndirilməsi, ədalət və beynəlxalq hüququn müdafiəsi sahəsində əlindən gələni əsirgəməyəcək”.
Qoşulmama Hərəkatı sülh, təhlükəsizlik, əməkdaşlıq təşkilatı olduğunu çoxdan sübut edib. Azərbaycanın bu qurumda növbəti sədrliyi isə sözün həqiqi mənasında onun nüfuzunun göstəricisidi.