Döyüşdə qazanılan uğur!  - Yarıtmaz Köçəryan-Sarkisyan cütlüyü...
12 may 2022 16:16 (UTC +04:00)

Döyüşdə qazanılan uğur! - Yarıtmaz Köçəryan-Sarkisyan cütlüyü...

Ermənistanda hakimiyyətin istefasını tələb edən revanşist qüvvələr ölkəni uçuruma sürükləməkdə davam edir. Özlərini müxalifət kimi gözə soxan pozucular artıq paytaxtdan kənara çıxaraq ətraf rayonlarda da əhalini etiraza səsləyirlər. 

O müxalifət ki, hakimiyyətdə olduqları dönəmlərdə küçəyə çıxanlara odlu silahdan atəş açmağa belə çəkinməyən Robert Köçəryan-Serj Sarkisyan cütlüyü…

Məhz Ermənistanın ikinci Prezidenti Robert Köçəryanın rəhbərliyi altında həm 1999-cu il oktyabrın 27-də, həm də martın 1-də ölkədə mümkün rəngli inqilab ssenarilərinin qarşısı alındı, siyasi təqiblər davam etdi. 

2008-ci ildə Serj Sarkisyanın prezident seçilməsindən sonra rəqibi Levon Ter-Petrosyanın tərəfdarları bir həftə durmadan İrəvanda etiraz nümayişləri keçirdi, nəticədə 1 martda baş verən qarşıdurmada 10 nəfərin (2 polis və 8 nümayişçi) həlak olmasından sonra etirazlar güc yolu ilə yatırıldı.

Yeri gəlmişkən, Sarkisyanın ilk prezidentliyi dövründə ölkədə kasıblıq həddi ikiqat artaraq 32%-ə çatmışdı, ölkəni yüz minlərlə insan tərk etmişdi. Belə olan halda hansı üzlə yenidən hakimiyyətə gəlmək istəyindədir. Yarıtmaz rəhbər imici almış Sərkisyanın maraqları aydındır. 

İllər keçdikcə Sərkisyanın xarici havadarları hakimiyyət dairələrinə nüfuz etməyi bacardı. Bu gün də bunun ştrixləri özünü büruzə verir - indiki respublika hakimiyyətinin reytinqini hər vəchlə aşağılayacaq qarayaxma kampaniyası aparılır. 

Təbii ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bunların “oyununu” bilir və görür, hətta onları kimlərin oynatdığını da yaxşı başa düşür. Paşinyan “Bizə gülürdülər, indi isə bizi təqlid edirlər” ifadəsini də təsadüfən işlətməmişdi. 

Paşinyanın parlamentdə Qarabağla bağlı həqiqətləri söyləməsi isə, sanki Köçəryan-Sarkisyan cütlüyünün əlinə yeni “silah” verdi. Əslində baş nazir erməni xalqını başa salmağa çalışır ki, Qarabağ Azərbaycanın bir hissəsidir, rəsmi Bakının tələbləri ilə razılaşmaqdan başqa çıxış yolu görmür.

Müxalifət hakimiyyəti Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyaraq, onun maraqlarını “təslim etməyə” hazır olmaqda ittiham edir. Daha doğrusu, Paşinyanın səsləndirdiyi acı həqiqətdən yararlanaraq vətəndaş itaətsizliyi aksiyalarını genişləndirməyə, adda-budda, barmaqla sayıla biləcək insanları ətraflarına yığaraq “böyük əksəriyyət” fonunu yaratmağa çalışırlar. Buna nə dərəcədə nail ola bilirlər, hər birimiz fərqindəyik. 

Robert Köçəryanın kiçik oğlu Levon Köçəryanın rəhbərlik etdiyi “Hayastan” fraksiyasının deputatı İşxan Saqatelyan ötən gün “Fransa” meydanında keçirilən mitinqdə hakimiyyətin istefasından sonra müxalifətin fəaliyyət planını təqdim edib. Saqatelyana görə, hakimiyyətin devrilməsindən sonra milli razılıq hökuməti yaradılacaq və Dağlıq Qarabağın Azərbaycanın tərkibində istənilən statusu istisna edilməli, Ermənistan və Qarabağın təhlükəsizlik sistemi gücləndirilməlidir.

Lakin Ermənistan hakimiyyəti müxalifətin bu cür cəfəng boşboğazlığını rədd edir və bildirir ki, Dağlıq Qarabağ ermənilərinin hüquqları və statusu məsələsi Azərbaycanla sülh danışıqlarının tərkib hissəsi olacaq. Nikol Paşinyan bu barədə ötən həftə parlamentdə çıxış zamanı da qeydlərini səsləndirdi. O, müxalifətin etiraz və tələblərinin geniş əhali tərəfindən dəstəklənmədiyini xüsusi olaraq vurğuladı. 

Görünən odur ki, Qarabağ məsələsini daxili siyasi manipulyasiya alətinə çevirən revanşistlər bilərəkdən Ermənistanın gələcəyini təhlükə altına qoyurlar.

Hətta bir sıra erməni politoloqlar da Paşinyanın fikirləri ilə razılaşırlar, onlar məsələnin çözümünün məhz danışıqlar masasında həll edilməsinin tərəfdarıdırlar. 

Əlbəttə ki, reallıq budur: Ermənistana mövcudluğunu saxlamağa və inkişaf etdirməyə yalnız və yalnız sülh danışıqları fonunda Azərbaycanın təklif etdiyi təkliflər imkan verəcək. 

Prezident İlham Əliyev mayın 2-də Fransanın Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokföyü qəbul edərkən sülh müqaviləsi ilə bağlı danışıqların başlanılması üzrə Azərbaycan nümayəndə heyətinin hazır olduğunu və Azərbaycanın irəli sürdüyü 5 prinsipin Ermənistan tərəfindən qəbul edildiyini xüsusi vurğu ilə diqqətə çatdırıb.

Bir sözlə, Ali Baş Komandanın təbirincə desək, “Döyüş meydanında əldə edilmiş uğurlar danışıqlar masasında da yeni reallıq yaradıb”.

# 3465
avatar

Rəşad Sarıyev

Oxşar yazılar