Azərbaycan Milli Məclisinin deputatları İrəvanda Göy məscidi ziyarət ediblər.
Lent.az xəbər verir ki, bu barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili paylaşım edib.
“Göy məsciddə olduq. Bildiyimiz qədər İrəvanda salamat qalan yeganə Azərbaycan abidəsidir.
Divarlarında başqa dövlətə aid yazılar olsa da, divarları, arxitekturası, ruhu sırf bizə aiddir. Biz bu doğmalığı hiss etdik, inanıram ki, məscid də. İnanırıq ki, bu məsciddə əsl sahibləri tezliklə öz dualarını edə biləcəklər. Azərbaycanlıların duaları isə daim xeyirxah olur və yekunda da qəbul olunur”, - komitə sədri qeyd edib.
Fevralın 22-də İrəvanda AVRONEST PA-nın komitə iclasları keçirilib. Tədbirdə Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov iştirak ediblər.