Hazırda parlamentin fəaliyyəti yeni keyfiyyət mərhələsinə daxil olub, parlament diplomatiyası daha çox önə çıxır.
Lent.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” Milli Məclisin qərar layihəsinin müzakirəsində parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, Milli Məclisdə deputatların masalarındakı kompüterlərin daha funksional kompüterlərlə əvəzlənməsi üçün vəsait nəzərdə tutulsa, yaxşı olar: “Parlament diplomatiyası ilə Azərbaycan xalqının milli maraqlarının qorunması üçün çoxsaylı tədbirlər keçirilir. Yeni keyfiyyət statusunda Milli Məclisin Aparatının xərclərinin artırılmasına ehtiyac var. Bizim istifadə etdiyimiz texniki avadanlıqların yenilənməsi bunlardan biridir. Milli Məclisin əlavə maliyyə xərclərindən yayınmaq üçün vəsaitləri istifadə etmirik. Amma çox təəssüf ki, təklif olunan layihələri açmaq üçün mən bir neçə dəfə önümüzdə olan kompüterlərin düymələrini sıxıram. Maliyyə Nazirliyi büdcəsi hesabına Milli Məclisin kompüterlərinin daha funksional, daha işlək kompüterlərlə əvəzlənməsi ilə bağlı məsələlər də layihə sənədində öz əksini tapsın”.