“Əməliyyatları yekunlaşdırmaq üçün bizim bir yolumuz var: bütün torpaqlar tam olaraq işğaldan azad edilməli və bizim ərazilərimizdə heç bir silahlı düşmən qalmamalıdır!”
APA-nın məlumatına görə, bunu Müdafiə Nazirliyinin (MN) mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
O bildirib ki, bütün əməliyyatlar yalnız və yalnız əməliyyat sahəsi çərçivəsindədir: “Bizim Ermənistan Respublikasında heç bir hədəfimiz yoxdur. Bütün hədəflərimiz yalnız və yalnız əlində silah olan düşmən bölmələri və düşmənin legitim hərbi obyektləridir ki, biz bu obyektlərə qarşı havadan və qurudan əməliyyatlarımızı davam etdiririk. Düşmənin yaşayış məntəqələrimizə zərbə endirməsinin səbəblərindən biri onları bizi təhrik etmək istəyidir. Ermənistan ərazisindən bizi atəşə tuturlar və bu mövqelərə cavab atəşi gözləyirlər, cəbhəni bir az daha genişləndirmək istəyirlər. Ancaq Azərbaycan Ordusu tapşırığa uyğun olaraq yalnız işğal altında olan torpaqlarımız çərçivəsində əməliyyatları davam elətdirir və bundan kənara çıxmır. Düşmənin digər məqsədi də bizim mülki insanlarımız arasında təşviş, xaos yaratmaqdır ki, buna da nail ola bilmirlər. Hər dəfə bizim xalqımız Ali Baş Komandanımızın ətrafında möhkəm birləşərək və Ordumuzun gücü ilə daha da sarsıdıcı zərbələr endirərək düşməni bir az da itkilərə uğradır. Bu isə düşməni məyus edir. Düşmən bunu görür və bundan daha da sarsılır. Bu birliyi - xalq, ordu, dövlət birliyini – yalnız düşmən deyil, Ordumuz da, Azərbaycan əsgəri də görür və bundan daha da güclənir, döyüş ruhu bir az da artır. Qeyd edim ki, hazırda döyüş sahəsində Azərbaycan əsgərinin mənəvi-psixoloji vəziyyəti çox yüksək səviyyədədir. Azərbaycan Ordusunun maddi-texniki təminatı çox yüksək səviyyədədir və bu qaydada da əməliyyatlarımızı davam etdirəcəyik. Düşmənin digər təxribat faktları da var”.
A.Eyvazov qeyd edib ki, Azərbaycan Ordusunda heç bir qadağan olunmuş silah yoxdur və istifadə olunmur.