Bu gün oktyabrın 27-i şanlı ordumuzun torpaqlarımızın işğaldan azad olunması üçün başlatdığı və bu gün də davam etdirdiyi müqəddəs zəfər yürüşünün bir ayı tamam oldu. Ordumuz yüksək peşəkarlıqla düşmənin atəş nöqtələrini, texnikalarını məhv edərək, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının şəhər mərkəzlərini və çoxlu sayda kəndlərini düşmən tapdağından azad etdi. Bununla da ümumilikdə 310 minə yaxın insanın 27 illik yurd həsrəti sona çatdı. Düşmən isə şanlı ordumuz qarşısında tab gətirə bilməyərək, yaşayış məntəqələrimizi, dinc əhalini hədəfə almaqda davam edir.
Mövzu əsasında Lent.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Ermənistan öz ordusunu torpaqlarımızdan çıxarması üçün qarşısında güc görməli idi və biz həmin gücü göstərdik:
“Geridə qoyduğumuz bir ay bizim üçün uğurlu oldu. 27 ildir aparılan danışıqlar nəticəsiz qaldı. Əvvəllər də bilirdik ki, danışıqlar yolu ilə bu məsələni həll etmə mümkün olmayacaq. Çünki düşmən qarşısında böyük bir güc görməlidir. Biz də bu bir ayda həmin gücü nümayiş etdirərək, ərazilərimizi azad edirik. Ermənistanın baş naziri əvvəllər deyirdi ki, Qarabağ Ermənistanındır. İndi fikir verin bir ayda bu kəlməni dilinə gətirə bilmir. Tam əksinə, dünən də açıqlama verib ki, böyük fəlakətlərlə üz-üzəyik, böyük güzəştlərə razıyıq. Yəni, valı artıq dəyişiblər. Bu da Azərbaycan ordusunun qazandığı qələbələr hesabına baş verdi. Hərb masasında güclü olan masada da güclüdür. Artıq şərtləri biz diktə edirik. Dövlət başçımız da haqlı olaraq, vurğulayır ki, artıq biz reallığı dəyişmişik. Bu reallıqla böyük güclər, təşkilatlar, dövlətlər hesablaşmalıdırlar. Rusiya Prezidenti Vladimir Putinin ilk dəfə olaraq, “Azərbaycan torpaqları uzun müddət işğal altında qala bilməzdi” deməyi də təsadüfi deyildir. Yaxud ABŞ-ın BMT-dəki nümayəndəsi dilə gətirdi ki, davam edən döyüşlər Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmalıdır. Yəni, hamı ölkəmizin gücünü görür. Əlbəttə ki, təzyiqlər var. Ancaq biz təzyiqlərə sinə gəririk və heç nə bizim haqq işimizi davam etdirməyə mane ola bilməz. Türkiyə də bizə xüsusi olaraq dəstək verdi. Dövlət başçısı da bunu vurğuladı. Belə ki, qardaş ölkə bizə qarşı təzyiqləri neytrallaşdırılmasında kifayət qədər kömək oldu. Bütün bu amilləri nəzərə alaraq, demək istəyirəm ki, məqsədə çox yaxınıq. Gələcəkdə də şərtləri biz diktə edəcəyik. İşğalçı qüvvələr ölkəmizi tərk edəcək və kiçik bir mədəni muxtariyyətlə kifayətlənməli olacaqlar”.
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirməsi” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli geridə qoyduğumuz möhtəşəm bir ayı Lent.az-a belə şərh edib:
“Bu bir ay Azərbaycan tarixinin ən önəmli dönəmlərindən biridir. İlk dəfədir ki, bu qədər ərazimizi işğaldan azad edirik, xalq-dövlət-ordu həmrəyliyi var. Dünya tarixində ikinci belə hal yoxdur ki, atəşkəs istəniləndə xalq məyus olsun. Xalq bilir ki, torpaqların azad olunmasının yeganə yolu müharibədir. Buna görə də, qadınlı, kişili, uşaqlı hamı istəyir ki, müharibə dayanmasın. Xalq Vətəni canından çox istəyir. Bu özünü geridə qoyduğumuz bir ayda sübut etdi. Xalqımızın min illərdir elə-belə var olmadığını, bir əlində qələm, bir əlində qılınc tutmağını, daim qəhrəmanlar, sərkərdələr yetişdirməyini bu bir ayda dünyaya göstərdik. Himnimizin sözləri də bax bu gün üçün yazılıb. Biz indi də, 1918-ci ildə himnimiz yazılanda da qan tökürdük. Ancaq bu günü daha önəmli edən odur ki, şəhidlərimizin iki arzusu var. Birincisi, ölkəmiz daim müstəqil olsun, ikincisi ərazi bütövlüyümüz bərpa olunsun. İkinci arzunu Azərbaycan xalqı Ali Baş Komandanla birgə yerinə yetirir. 4 rayonumuz azad edildi, İranla sərhədimiz tam bərpa olundu. Qarabağ bütünlüklə azad edildikdən sonra ərazisi qədim Azərbaycan torpaqları olan Ermənistanla da sərhədimiz tam olacaq”.
Ekspert bildirib ki, qazanılan uğurlar illərdir siyasi, iqtisadi və informasiya cəbhəsində aparılan işlərin nəticəsidir:
“Hazırda əldə etdiyimiz nailiyyətlər illərdir dövlətin həm diplomatik cəbhədə, həm iqtisadi cəhətdən, həm ordu quruculuğunda, həm də informasiya cəbhəsində apardığı uğurlu addımlar nəticəsində ərsəyə gəlir. Bundan əlavə, Azərbaycan dünyanın yeganə xalqlarındandır ki, BMT-nin qətnamələrini, beynəlxalq hüququ özü yerinə yetirir. Biz Ermənistan tərəfindən həm terrora, həm separatizmə, həm də soyqırıma məruz qalmışıq. Qanunsuz məskunlaşdırma və daim dinc əhaliyə qarşı qəsdlər var idi. Bu gün ordumuz dünyanın ən təhlükəli terrorçularını zərərsizləşdirir. Qarabağ dağlıq ərazidir, dünyada şəhər və dağlıq ərazilərdə döyüş aparmaq olduqca çətindir. İllərdir düşmənin qurduğu istehkamlar ordumuz tərəfindən bir neçə günə darmadağın edildi. Bu bir ay dünyanın hərb tarixinə qızıl hərflərlə yazılacaq. Gələcəkdə hərbi akademiyalarda, təlimlərdə bu taktika öyrədiləcək. 21-ci əsrin müharibələri texnologiya müharibələridir. Döyüşlər Azərbaycan əsgərinin peşəkarlığından əlavə döyüş əzminin də nə dərəcədə yüksək olduğunu əks etdirir. Düşmən bir ay ərzində Azərbaycanın Goranboy, Tərtər, Ağdam, Qəbələ, Beyləqan rayonlarına, Gəncə və Bakı şəhərinə raketlər atdı ki, əhali evlərini tərk etsin. Ancaq buna nail olmadı. Bu bir ayda düşmənin saxta informasiya siyasəti alt-üst oldu, düşmən provokasiya apara bilmədi. Azərbaycan xalqı və dövləti buna imkan vermədi. Sübut olundu ki, çox vətənpərvər Azərbaycan gəncliyi yetişir. Həmin gənclərin bir hissəsi ön xətdə düşmənlə döyüşür, bir hissəsi də müxtəlif dillərdə düşmənə qarşı informasiya müharibəsi apararaq, ölkəmizin haqq işini müdafiə edir. İnanırıq ki, üçrəngli bayrağımız Şuşada, Xankəndində dalğalanacaq”.