Çağırılanda küsən, çağırılmayanda gileylənən müxalifət - REPLİKA
21 noyabr 2022 16:50 (UTC +04:00)

Çağırılanda küsən, çağırılmayanda gileylənən müxalifət - REPLİKA

Bu gün Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illik yubileyi münasibətilə keçirilən tədbirə ölkədə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri də qatılıblar. Dəvəti qəbul edib gələnlər arasında keçmiş səhiyyə naziri, Haqq və Ədalət Partiyasının sədri Əli İnsanov, ReAL Partiyasının sədri İlqar Məmmədov, Ağ Partiyanın sədri Tural Abbaslı, Ümid Partiyasının sədri İqbal Ağazadə, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu da olub. 

Cəmiyyətdə bu dəvət birmənalı qarşılanmayıb. Bir çoxları bu dəvəti siyasi etiketin tərkib hissəsi kimi qəbul edərək, yüksək qiymətləndiriblər.

Əslində doğru olan da bu deyilmi? Siyasi partiyalar hakimiyyət uğrunda iqtidara, eləcə də bir-birlərinə rəqibdirlər. Lakin ortaq cəhətləri budur ki, onların hər biri eyni xalqa liderlik etmək üçün mübarizə aparırlar. Xalqın, dövlətin bütövlüyü, gücü naminə milli birlik hər şeydən üstün olmalıdır. Söhbət milli birlikdən gedəndə bir çox məqamlar arxa plana atılmalıdır.

YAP-ın yubiley tədbirinə qatılmaq nə milli xəyanətdir, nə də siyasi səhv. Özümüzə standart kimi qəbul etdiyimiz Avropa praktikasında da bu cür siyasi münasibətlər protokol qaydasıdır .

Ölkədəki siyasi partiyaların hakim partiyanın yubiley tədbirinə qatılması siyasi mədəniyyət nümunəsidir. Hər zaman siyasi mədəniyyət həsrəti ilə yaşamırdıqmı? Analoji hal qardaş Türkiyədə demək olar tez-tez müşahidə olunur. Hər nə qədər bir-birlərini tənqid etsələr də, siyasi partiya liderləri önəmli rəsmi tədbirlərdə bir araya gəlir, əl sıxışırlar. Bu onların öz siyasi mövqelərindən əl çəkməsi kimi dəyərləndirilmir. Əgər dəvət varsa, bu qarşı tərəfə hörmətdən irəli gəlir, necə deyərlər, çağırılan yerə ar eləməzlər, çağırılmayan yeri dar eləməzlər.

Çağırmayanda müxalifət küsür, “bizi niyə saya salmırlar” deyir, çağırılanda da bir ayrı cür söz-söhbət yaranır. Belə çıxır ki, onların işinin-gücünün adı, sadəcə hakimiyyətin hər dediyinə müxalif çıxmaqdan ibarətdir. Dövlət qatığa "ağ" deyirsə, sən "qara" de, yox, birdən "qara" desə, dərhal "ağ" deyib cığallıq etmə. Elə müxaliflik xatirinə müxalifətçi ol, ayrılan vəsaiti al, bəsindir.

“Cəmi ikicə partiya olacaq respublikada, “YAP və "avtobus" müxalifəti”. Tədbirə dəvət almayan siyasilər də bu iddialarla özlərinə təskinlik verir, sosial şəbəkələrdə dəvətə qatılanlara lağ edirlər.

“Görəsən, bizi yeri gəldi-gəlmədi "Avtobus müxalifəti" olmaqda ittiham edən ağzıgöyçəklər, sifarişli danışanlar YAP-ın 30 İlliyi tədbirinə qatılanların siyahısına baxanda heç utandılarmı?”,- tədbirə qatılmayan partiyalardan birinin sədr müavini yazıb.

Buna bənzər fikirləri bir sıra siyasi partiya nümayəndələri də səsləndiriblər. Amma anlaşılan odur ki, lağ edənlər rəqabətlə düşmənçiliyi ayırd edə bilməyənlər, siyasi proseslərdən kənarda qalmış partiya nümayəndələri və bir də dəvət olunmadıqlarına görə küsənlərdir.

Müharibə bitənə qədər əslində bütün siyasi partiyalar bütün umu-küsüləri qırağa qoyub əl-ələ tutmamışdılarmı? Siyasi birlik, bir yumruğa dönməkdən danışırdıq.

“İqtidar bizi dinləsin, platforma verin, sözümüzü deyək” deyənlər, bu gün iqtidar partiyası öz yubileyində qarşı tərəfə “zeytun budağı” uzadırsa, bunu qəbul etməmək ya aqressiyadır, ya da siyasi düşüncənin olmaması. Əgər dəvət yoxdursa? Dəvət yoxdursa, bu o deməkdir ki, bu meydanda sən, ümumiyyətlə görünmürsən, "yox" deyiləcək qədər kiçiksən.

# 6102
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar