"Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Azərbaycan Ordusunda ştat dəyişikliyi, şəxsi heyətin rotasiyası, kadr islahatları və Orduya aid digər məlumatların təhrif olunmuş şəkildə və Müdafiə Nazirliyinin rəsmi məlumatına istinad etmədən yayılması ciddi təəssüf və narahatlıq doğurur".
Bu barədə Müdafiə Nazirliyi açıqlama yayıb. Və bu da təsadüfi deyil. İki gündür sosial şəbəkələrdə, necə deyərlər İP üçün nəyə desən əl atan saytlar Ordu ilə bağlı dezinformasiyalar yayırlar. Hətta məişət səviyyəsində dedi-qodulara belə əl atmaqdan çəkinmirlər.
Bu sırada Vətən müharibəsinin iştirakçısı, general-mayor Hikmət Həsənovun vəzifəsinin dəyişdirilməsi ilə bağlı ortaya atılan müxtəlif iddialar daha çox müzakirə olunandı. Müdafiə Nazirliyi qeyd edir ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Vətən müharibəsində zəfər çalmış qalib Ordu haqda bu kimi məlumatların yayılması və ya sosial şəbəkələrdə əsassız müzakirə obyektinə çevrilməsi Ordumuzun gündəlik fəaliyyətinin təşkilinə mənfi təsir göstərir və əməliyyat şəraitində olan hərbi qulluqçularımızın həyatını təhlükə altına qoya bilər. Bu kimi hallar eyni zamanda Ermənistan xüsusi xidmət orqanlarının məlumatlandırılmasına, onların Ordumuza qarşı apardığı dezinformasiya və "fakenews" əməliyyatlarının asanlaşdırılmasına xidmət edir.
Azərbaycan 2010-cu ildən etibarən orduda ciddi islahatlara başladı. Bu, ordumuzun həm müasir silah sistemləri ilə təchiz edilməsi, həm də şəxsi heyətin başda Türkiyə olmaqla digər ölkələrdə təlimlərdə iştirakı, həmin ölkələrdə təhsil almaları ilə müşayiət olundu. Hazırda Azərbaycan ordusunun döyüş qabiliyyəti ən yüksək səviyyədədir.
Hərbi ekspert Ədalət Verdiyevin fikrincə, nəticə etibarı ilə ordunun bu hazırlığı 2016-cı ilin aprel döyüşlərində Ermənistana işğal faktı ilə barışmayacağımız mesajını verməklə özünü göstərdi:
“Bundan doğru dərs çıxara bilməyən Ermənistanın təxribatlara davam etməsi nəticəsində ötən ilin payızında Azərbaycan ordusu başladığı əks-hücum əməliyyatı ilə böyük uğura imza ataraq Vətən müharibəsində möhtəşəm qələbə əldə etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bu əməliyyatlar zamanı Ermənistan ordusu işğal etdiyi Azərbaycan ərazilərindən geri çəkilməyə məcbur edildi. Bu qələbənin əldə olunması üçün dövlətimiz tərəfindən son illər ərzində müdafiə və təhlükəsizlik xərclərinə böyük vəsaitlər ayrıldı, yerli müdafiə sənayesi yaradıldı, müxtəlif tərəfdaş ölkələrlə hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlıq quruldu, silahlı qüvvələrimiz ən müasir silah sistemləri ilə təchiz olundu. Bu isə sonda ordumuzun Vətən müharibəsində möhtəşəm qələbəsi ilə nəticələndi. Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti göstərdiyi qəhrəmanlıqlarla özünün qalib döyüşcü obrazını dünya ictimaiyyətinə, o cümlədən rəqiblərimizə də qəbul etdirə bildi".
Ekspert əlavə edib ki, hazırda Azərbaycan ordusunun mənəvi-psixoloji hazırlığı, döyüş qabiliyyəti ən yüksək səviyyədədir və müharibədən sonra da təhlükəsizlik və müdafiə məsələlərinə çox ciddi diqqət yetiriləcək. Əslində, orduda yerdəyişmələr həmişə olub və bundan sonra da olacaq. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Ordusunda yeni struktur islahatları həyata keçirilir, bunlar ordumuzu daha çevik şəkildə idarə etmək imkanı verəcək.
Hərbi ekspert Üzeyir Cəfərovun dediyinə görə, hansısa komandirin yerini dəyişirlərsə və yaxud ehtiyata göndərirlərsə, bu o demək deyil ki, ordu zəifləyir. Əksinə, bizim daha gənc, perspektivli, daha bacarıqlı zabit kadrlarımız var və onlar həm Azərbaycanda, həm Azərbaycandan kənarda öz təhsillərini artırırlar, döyüş bacarıqlarını təkmilləşdirirlər. Ona görə də yeni təyinatlar ordunu daha da gücləndirmək məqsədi daşıyır.
Hərbi ekspert əlavə edib ki, son vaxtlar sosial şəbəkələrdə saxta profillər, erməni və ermənipərəst qüvvələrə xidmət edənlər fəallaşıblar, onlar ordunu gözdən salmaq üçün kampaniyaya start veriblər: “Hətta ordunun ayrı-ayrı şəxslərinə qarşı təhqir meylləri artıb. Bütün bunlara qarşı ciddi addımlar atılmalıdır”.