Böyük Qayıdış: Ermənistana göz dağı
18 avqust 2021 12:21 (UTC +04:00)

Böyük Qayıdış: Ermənistana göz dağı

Artıq neçə vaxtdır işğaldan azad etdiyimiz ərazilərimzdə quruculuq işlərinə başlanılıb. Qarabağ böyük bir tikinti meydançasına çevrilib. İndi Qarabağın cənnətə çevriləcəyinə inanmayan kimsə tapılmaz.  Azərbaycan Prezidentinin vurğuadığı kimi buna dövlətin hər cür imkanı var. 

Elə Azərbaycan Prezidenti və Birinci vitse-prezident Mehriban Əliyeva da tez-tez işğaldan azad edilən rayonlarımıza birgə səfərlərdə olurlar. Hər belə səfərdə bir çox strateji layihələrin təməli qoyulur və ya qısa müddətdə ərsəyə gələnlərin açılışı edilir.  Təbiidir ki, bütün bu önəmli layihələr işğaldan azad edilən rayonlarımıza “Böyük qayıdış”ı simvolizə edir. Prezident və birinci xanım son belə səfəri Laçın və Kəlbəcərə etdilər. 
Həmin səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev bu sözlərinə diqqət yetirin: 
“Şərqi Zəngəzur iqtisadi rayonu xüsusən aqrar, turizm və mədən sənayesi sahəsində yüksək potensiala malikdir. Bu regionun inkişafı Ermənistan üçün gözdağı olacaq”.
Heç kimə sirr deyil ki, Hazırda Azərbaycan tərəfi strateji plana uyğun olaraq işğaldan azad olunan ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyası üçün yenidənqurma işlərini davam etdirir. Xüsusən, Şərqi Zəngəzura daxil olan rayonların böyük hissəsi sərhəd bölgəsinə düşdüyündən, burada təhlükəsizliyin təmin edilməsi və ardınca sosial infrastrukturun yaradılması paralel aparılır. Artıq bu istiqamətdə işlərin həyata keçirilməsi onu deməyə əsas verir ki, ən qısa zamanda biz mərhələli şəkildə Şərqi Zəngəzur iqtisadi rayonunun respublika iqtisadiyyatında payını görməyə başlayacağıq.
İqtisadçı-ekspert Rəşad Həsənovun dediyinə görə, bölgənin xüsusən 4 rayonunun - Kəlbəcər, Laçın, Qubadlı və Zəngilanın Ermənistanla sərhəddə yerləşdiyini nəzərə alsaq, bu rayonların inkişaf etdirilməsi bu günə qədər Azərbaycana düşmən mövqeyini nümayiş etdirən Ermənistan üçün bir növ gözdağı olacaq:
Sitat: “Həm də dünyaya göstərəcəyik ki, 30 ildən artıq iqtisadiyyatdan kənarda qalan ərazilərin bölgənin rifahına nə qədər mənfi təsirləri olub. Bundan sonrakı dövrdə bu təsirlərin aradan qaldırılması regionun inkişafına imkan yaradacaq. Gələcəkdə regional kommunikasiyanın açılması isə bu gün yaradılan infrastrukturun daha da səmərəli istifadəsi üçün şərait yaradacaq. İnfrastrukturun formalaşması həmçinin gələcəkdə mərhələli köçürmə prosesini sürətləndirməyə imkan verəcək. Ümid edirəm ki, ortada olan kiçik problemlər də ən qısa zamanda həll olunacaq və bölgənin ölkə iqtisadiyyatında proqnozlaşdırılan payına nail olmaq istiqamətində daha çevik nəticə əldə etmə imkanı yaranacaq”.

Bir həqiqət də var: Prezidentin işğaldan azad edilmiş Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan dövləti öz fəaliyyətini gələcəyə hesablanmış konkret və düşünülmüş strategiya əsasında qurub.
İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən ardıcıl tədbirlər mümkün olan ən qısa müddət ərzində bu torpaqların əsl sakinlərinin öz yurd-yuvalarına qayıtmasına imkan verəcək. Eyni zamanda, Azərbaycan iqtisadiyyatında yeni inkişaf mənbələrinin yaranmasını təmin edəcək.
Deputat Soltan Məmmədovun fikrincə, Azərbaycanın iqtisadi potensialı, hərbi qüdrəti və beynəlxalq nüfuzu qarşıya qoyulan bütün hədəfləri uğurla yerinə yetirməyə imkan yaradır. “Azərbaycan ordusunun Vətən müharibəsində qazandığı tarixi qələbənin əhəmiyyəti həm də bundadır ki, dövlətimizin gücünü, əsgərlərimizin qəhrəmanlığını, xalqımızın mübarizə əzmini dünyaya nümayiş etdirdi. Bununla yanaşı, regionda yeni geosiyasi reallıqlar yaratdı, yeni təhlükəsizlik formatı meydana çıxdı. İndi qarşıda duran əsas məsələlərdən biri bu yeni reallıqları uyğun olaraq, kommunikasiyaların açılmasına nail olmaqdır”.
Millət vəkilinin dediyinə görə, Ermənistanın bəzi siyasi dairələrində səsləndirilən revanşist fikirlər regionda sabitliyi və təhlükəsizliyi təhdid etməklə yanaşı, erməni xalqı üçün daha böyük fəlakətə səbəb ola bilər: “Vətən Müharibəsindən sonrakı dövrün öz reallıqları, öz şərtləri mövcuddur. Bu şərtləri Azərbaycan diktə edir. Əlbəttə ki, bu, bir tərəfdən Vətən müharibəsində qazanılmış qələbənin məntiqi nəticəsi hesab oluna bilər. Digər tərəfdən, indiki geosiyasi amillər, dünyada və regionda cərəyan edən proseslərin təhlili göstərir ki, Cənubi Qafqazda əməkdaşlıq və sabitlik dövrü başlamalıdır. Azərbaycanın təşəbbüsləri, təklif etdiyi gündəlik məhz zamanın şərtlərini nəzərə aldığına görə realdır”.
Yeri gəlmişkən, 2021-ci ilin dövlət büdcəsində əsaslı xərclər üçün nəzərdə tutulan vəsaitin 2,2 milyard manatı işğaldan azad olunan tarixi ərazilərimizə böyük qayıdışın təmin edilməsinə xərclənəcək. Və bu hələ başlanğıcdır...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3825
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar