Bölgəyə sülh gətirən qardaşlıq - Böyük uğurlar qarşıdadır
27 oktyabr 2021 16:57 (UTC +04:00)

Bölgəyə sülh gətirən qardaşlıq - Böyük uğurlar qarşıdadır

“İnşallah, Füzulidən İstanbula gediş-gəliş olacaq. Hazırda bu yolların tikintisi istiqamətində işlər sürətlə davam etdirilir”. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı Azərbaycana səfərindən bəhs edərkən deyib. 

Əslində, Ərdoğan sonuncu tarixi səfərindəki bir məqamdan bəhs edib. Heç kimə sirr deyil ki, Türkiyə Prezidentinin oktyabrın 26-da Azərbaycana səfəri dünya ictimaiyyəti və mətbuatı, ələlxüsus regionda və qonşuluqda yerləşən dövlətlər tərəfindən diqqətlə izlənildi. Onun Türkiyədən birbaşa Füzuli hava limanına gəlməsi və iki dövlətin liderlərinin Qarabağın qapısı sayılan Füzuli aeroportunun açılışında iştirak etməsi, əlbəttə ki, diqqəti çəkən çox önəmli məqamlardan biri olub. Və ən önəmlisi odur ki, beynəlxalq status daşıyan Füzuli aeroportuna ilk dəfə olaraq ölkələrarası aviareys məhz Türkiyə Prezidentinin gəlişi ilə baş tutdu. 

Azərbaycan Prezidenti İlham Əliyev də səfərin aktuallığına diqqət çəkərək cəmi səkkiz ay ərzində inşa edilən Füzuli Beynəlxalq Hava Limanının açılışında birlikdə iştirakın bir daha bizim birliyimizi, gücümüzü göstərdiyini vurğuladı: “Bu onu göstərir ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır”. 

Səfər qısamüddətli idi. Amma qısamüddətli olsa da, zəngin proqramıyla diqqət çəkdi. Dövlət başçıları Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış oldular, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlinin qoyulması mərasimində iştirak etdilər. Məlumdur ki, işğaldan azad olunmuş ərazilərdə dövlət başçısının tapşırığı ilə artıq bir neçə yol layihəsinin icrasına başlanılıb və uğurla davam etdirilir. Bu layihələr işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu isə həm də strateji əhəmiyyəti ilə seçilir. Çünki sözügedən yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir. Strateji əhəmiyyətə malik avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib. Avtomobil yolunun uzunluğu 124 kilometrdir. Dövlət başçısının tapşırığına əsasən, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 6 və 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 76 kilometrlik hissəsi 3 gediş-gəlişli olmaqla 6, qalan 48 kilometrlik hissəsi isə 2 gediş-2 gəliş olmaqla 4 hərəkət zolaqlı olması nəzərdə tutulub. 

Zəngəzur dəhlizinin şərq hissəsinin məhz Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməlinin qoyulması xüsusi siyasi əhəmiyyətə malikdir. Bununla da, Bakı və Ankara bu nəqliyyat yoluna qarşı olan bəzi regional və beynəlxalq güclərə bu məsələnin bizim ölkələrimiz üçün prinsipial əhəmiyyət daşıdığını göstərmiş oldular. 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Ərdoğan bu səfərləriylə ətraf aləmə göstərdi ki, Türkiyənin Cənubi Qafqazda, Azərbaycanda və Qarabağda mövqeləri güclənib. 
Sitat: “Ərdoğan Füzuli hava limanının açılışından sonra İlham Əliyevlə birlikdə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur Dəhlizi) təməlini qoydu. Bu o deməkdir ki, Türkiyə və Azərbaycan Zəngəzur dəhlizinin açılmasına hazırlaşır və bu geri dönüşü olmayan prosesdir. Türkiyə və Azərbaycan prezidentləri Zəngəzur dəhlizinin açılmasına əmin olmasaydılar, yeni yolun təməlqoyma mərasimini təşkil etməzdilər. Deməli, bu məsələ həm Rusiya, həm də Ermənistan hakimiyyəti ilə razılaşdırılıb”. 

Politoloqun fikrincə, Ərdoğanın Qarabağa səfərinin başqa əhəmiyyəti də var idi. Rusiya hökumətinə yaxın “RİA Novosti” agentliyi bu günlərdə xəbər yayımladı ki, noyabrın ilk həftəsində Rusiya, Azərbaycan və Ermənistan liderləri Moskvada görüşəcəklər. Onların Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşdirilməsi və Zəngəzur dəhlizinin açılmasıyla bağlı yeni bəyanat imzalayacaqları gözlənilir. “Böyük ehtimalla Azərbaycan prezidenti Moskvadakı görüşün detalları barədə Rəcəb Tayyub Ərdoğanı məlumatlandırıb. İkinci Qarabağ müharibəsindən sonra rəsmi Bakı Ermənistanla bağlı siyasətini Türkiyə ilə razılaşdırır. Bu Azərbaycanla Türkiyə arasında müttəfiqlik və Şuşa bəyannaməsinin ruhuna uyğundur. Eyni ilə rəsmi Ankara da Ermənistan siyasətini rəsmi Bakı ilə razılaşdırır. Misal üçün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə Ermənistanla sərhəd məsələsini rəsmi Bakı ilə məsləhətli şəkildə həll edəcək”. 

İşğaldan azad olunmuş ərazilərdə Ermənistanın dağıdıcılıq siyasəti fonunda Azərbaycanın quruculuq missiyasının ilk təməllərindən biri də bu səfər zamanı qoyuldu. Bölgədə quruculuq işlərinin daha bir nümunəsi dünən Zəngilanda baş tutdu. Zəngilanın Ağalı kəndində Azərbaycan və Türkiyə liderləri birinci özəl sərmayə layihəsinin təməlini qoydular, “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış oldular. İşğal altında olan ərazilərdə həyata keçirilən quruculuq və abadlıq işləri, eləcə də yeni nəqliyyat-logistika sisteminin formalaşmasının yalnız Azərbaycan və Türkiyə üçün deyil, bütünlükdə Avrasiya üçün əlverişli mühit yaradacaq.  Londondan Pekinə, Bakıdan İstanbula, ümumilikdə isə, Avrasiyanın orta xəttində şərqlə - qərbi, şimalla cənubu birləşdirəcək bu nəqliyyat xətti nəhəng materikimizdə iqtisadi və kommunikasiya əlaqələrinin möhkəmləndirilməsinə ciddi töhfə verəcək. İşğaldan azad olunan Azərbaycan ərazilərində yüksək səviyyəli, beynəlxalq standartlara uyğun müasir həyat tərzinin qurulması bütün dünya üçün cəlbedici olacaq, bu da, ilk növbədə, bölgə xalqlarında sülh meyllərini artıracaq.

# 9480
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar