Bizim yolumuz  - Əliyev and içdi və yolu göstərdi
15 fevral 2024 14:56 (UTC +04:00)

Bizim yolumuz - Əliyev and içdi və yolu göstərdi

“Yunanıstanın usanmış baş naziri Georgios Papandreunu sorğu-sual üçün Kanna - Merkel və Sarkozi ilə şam yeməyinə çağırmışdılar.

...Laqard (Avropa Mərkəzi Bankının sədri), Barrozu (Avropa Komissiyasının sədri) və digər avropalı rəsmilər də Avropa Mərkəzi Bankının nümayəndəsi kimi Merkel və Sarkoziyə qoşuldular.

- Onlar Papandreuya dəhşətli dərəcədə əsəbiləşmişdilər, çünki o heç bir məsləhətləşmə olmadan referenduma gedəcəklərini elan etmişdi - deyə Barrozu xatırlayır - Fikir də bundan ibarət idi ki, onunla sərt danışmalı və bu referendumdan əvvəl Yunanıstana bir qəpik də olsun pul ayrılmayacağını izah etməliyik.

Həm Sarkozi, həm də Merkel referenduma görə çox qəzəbli idilər. Merkellə Sarkozi masanın əks tərəfində əyləşmiş iki kişini - Yunanıstan baş nazirini və maliyyə naziri Evangelos Venizelosu hirslə süzürdülər.

... Bütün bu illər ərzində bu qədər qeyri-diplomatik davranışın şahidi olmamışdım - sonradan Venizelos demişdi - Sarkozi son dərəcə əsəbi idi. Heç kim ağzını aça bilmirdi, çünki o dayanmadan danışırdı. Merkel sakit oturmuşdu, amma onun da nə demək istədiyi aydın idi: ya referendumu ləğv edirsiniz, ya da keçirirsiniz, amma başqa sualla: “Avroya hə, ya yox?”

Çox gərgin görüş idi, prezident Sarkozi Papandreuya çox təzyiq edirdi, - deyə Barrozu xatırlayır.

... Papandreu küncə qısılmışdı.

... Yunanıstanın baş naziri yorğunluqdan sanki elə bu dəqiqəcə stuldan yıxılacaqdı. Sanki hava da donmuşdu. Hamının siması tutqun və gərgin idi. Elə bu zaman Barrozu Venizelosa yaxınlaşaraq qulağına nəsə pıçıldadı. Papandreu isə onun nə dediyini eşitmədi.

“Mən ona dedim ki, referendumu ləğv etmək lazımdır, əks halda, Yunanıstanı doğurdan da avrozonadan çıxarıb atacaqlar”, - deyə Barrozu xatırlayır.

Gecədən xeyli keçmiş yunan baş nazir və nümayəndə heyəti artıq Afina aeroportuna enəndən sonra - səhər saat 5-ə 15 dəqiqə qalmış Venizelos referendum fikrindən imtina edən və öz baş nazirinə açıq şəkildə əks gedən yığcam bir bəyanat yayır...”

Alan Fridman, “Mənim yolum” kitabı.

Bu xatirə Avropa Komissiyasının sabiq sədri Barrozunun şahidi olduğu və Alan Fridmana danışdığı söhbətdən qısa bir hissədir.

***

Mən bu kitabı oxuyanda Əliyevin Vətən müharibəsindən sonrakı intensiv diplomatik görüşləri davam edirdi. Praqada görüşdə idi. Mişel, Makron, Paşinyan və qarşılarında Əliyev tək. Bəli, Əliyev Ermənistanın və ondan istifadə edib bölgəni tərk eləmək istəməyənlərin qarşısında tək dayanmışdı. Həmişəki kimi üzündə ənənəvi təbəssümü ilə növbəti təzyiqlərə cavab verirdi.

Komandasının üzvləri deyirlər ki, Vətən müharibəsindən əvvəl, müharibə dövründə və onda sonra gələn aramsız telefon zənglərinin sayı hər gün artırdı. O zənglərdə hər şey vardı: xahiş, təzyiq, eyham. Azərbaycana missiya yerləşdirmək istəyənlər, problemin tam həlli üçün antiterror əməliyyatlarından çəkindirməyə çalışanlar çox idi. Aydındır ki, Ermənistan onların göz bəbəyi deyildi, məsələ təzyiq və qonşuya qarşı istifadə üçün həmişə Ermənistanın hazır olmasıdır.

“Mənim yolum” kitabından bu hissəsini əziz oxucu ilə ona görə bölüşdüm ki, o təzyiqlərin hansı həddə olduğunu, söhbətlərin necə amansız aparıldığını, təhdidlərə böyük ölkələrin liderlərinin belə tab gətirə bilmədiyini bir şahidin, həm də Avropa Komissiyasının sədri kimi ciddi siyasi statusu olan şahidin dilindən özü oxusun, özü şahid olsun. Bu, tele-debat atışmalarına, sosial media deyişmələrinə bənzəmir. Burda adamın və dövlətin taleyi həll olunur. Buna dayanmağa ərdəm gərəkdi...

O bunu bacardı. Siyasi iradəsi, təcrübəsi, diplomatik çevikliyi ilə yanaşı, şəxsi xarakteri və cəsarəti ona bu imkanı verdi. Əliyev bacardı, təzyiqlərin qarşısında dayandı və Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdi. Onunla heç kim və heç yerdə hədə dilində danışa bilmədi.

Dünən Əliyev and içdi. Azərbaycan xalqı növbəti 7 ildə ona rəhbərlik etmək üçün cənab Əliyevi seçdi. Bu seçimin əsas səbəbi isə yazdığım məqamdı. Azərbaycanlılar Əliyevin Zəfəri ilə yanaşı, bu Zəfərin nəticələrini, ölkənin ərazi bütövlüyünü və suverenliyini qoruyub, möhkəmləndirəcəyinə səs verdilər. Çünki bu Zəfəri qorumaq, Qarabağı yenidən qurmaq, Böyük Qayıdışı təmin etmək üçün yenə o təzyiqlərin qarşısında tab gətirmək, dözmək, iradə göstərmək lazımdır. Bu, təkcə iqtisadi məsələ, “pul var, həll edərik” rahatlığı ilə olmur.

İndi Qarabağa azərbaycanlıların qayıtması, oranın yenidən canlanması, Qarabağın yaşayışımızın bir parçasına çevrilməsi gündəlik qayğı deyil, bu, böyük siyasətin özüdür. Orda tikilən hər ev, qayıdan hər azərbaycanlı, açılan hər iş yeri, keçirilən hər tədbir Qarabağla bağlı məkrli planları olanları o plandan bir addım da uzaqlaşdırır. O məkrlərin qarşısında dayanmağa cəsarət lazımdı, ürək lazımdı. Azərbaycanlılar 7 fevralda o cəsarətə səs veriblər. Bu isə keçmişə görə təşəkkür, gələcək üçün etimaddır.

Dünən Əliyev and içdi və başladı. Özü bundan sonrakı prezidentliyi dövrü ilə bağlı bir neçə dəfə yeni mərhələ, yeni dövr ifadələrindən istifadə etdi.

Gəncliyə çağırışı anlamlı idi, mesajları daha çox gənclərə idi.

Xarici siyasətdəki istiqaməti məni çox sevindirdi. Həmişəki kimi bizə hörmət edən hamıya sayğı, beynəlxalq hüquqa hörməti vurğulayıb, Türk Dövlətləri Təşkilatını bizim üçün əsas beynəlxalq təşkilat kimi dəyərləndirdi: “Türk Dövlətləri Təşkilatı bizim üçün əsas beynəlxalq təşkilatdır. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

Yolumuz aydın olsun!

# 3858
avatar

Vüsalə Mahirqızı

Oxşar yazılar