Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələri Moskvada Dağlıq Qarabağda hərbi münaqişə başa çatdıqdan sonra ilk görüşünü keçirib.
Lent.az APA-ya istinadla bildirir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, görüşdə iki ölkə xalqları arasında gərginliyin azaldılması üzrə tədbirlər müzakirə olunub: “Dekabrın 23 və 24-də Moskvada 2020-ci ilin noyabrında Azərbaycan və Ermənistan arasında hərbi münaqişə başa çatdıqdan sonra ilk dəfə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun iştirakı ilə Azərbaycan və Ermənistan ictimaiyyəti nümayəndələrinin görüşü keçirilib. Görüş iştirakçıları iki xalq arasında gərginliyi azaltmaq üçün tədbirləri müzakirə edib, 2022-ci ilin əvvəlində belə təmasların davam etdirilməsi barədə razılığa gəliblər”.
Moskvada Ermənistanın ictimaiyyət nümayəndələri ilə görüşən Azərbaycan nümayəndə heyətinin tərkibi məlum olub.
Diplomatik mənbədən verilən məlumata görə, dekabrın 23 və 24-də Rusiya paytaxtında keçirilən görüşdə Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, kinorejissor Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova iştirak ediblər.