Azərbaycan məmurlarını şantaj edib, pul alan xarici blogerlərlə bağlı qalmaqal böyüyür: hansı faktlar var?
29 may 2024 12:23 (UTC +04:00)

Azərbaycan məmurlarını şantaj edib, pul alan xarici blogerlərlə bağlı qalmaqal böyüyür: hansı faktlar var?

Xaricdəki blogerlərin Azərbaycan məmurlarını şantaj iddiası

Bir müddət əvvəl Avropada yaşayan siyasi fəal Surxan Lətifov belə bir status paylaşıb.

“Deməli, Almaniya prokurorluğu konkret faktlar əsasında Almaniyada olan azərbaycanlı blogerlərə qarşı araşdırma başlayıb. Məsələ bundadır ki, həmin blogerlər müxtəlif dövrlərdə şantaj yolu ilə azərbaycanlı məmurlardan 500 min avro pul alıblar. Pul vermə prosesi isə Azərbaycan DTX tərəfindən sübutlarla rəsmiləşdirilib Almaniya prokurorluğuna verilib. ...İndi  prokurorluğa çağırılıb bir-bir ifadə verirlər. Daha çox hansısa Tural Sadıqlı adlı blogerin adı hallanır”.  

Surxan Lətifovun bu açıqlamasından bir neçə gün sonra isə hazırda Almaniyada yaşayan azərbaycanlı jurnalist Əfqan Muxtarlı facebook sosial şəbəkəsində status yazıb. O, konkret sübut olmadığını qeyd edərək, ad çəkmək istəməyib, lakin xaricdə yaşayan azərbaycanlı blogerlərin Azərbaycan məmurlarını şantaj edərək pul alması barədə məlumatlar eşitdiyini və Almaniya prokurorluğuna sorğu göndərdiyini yazıb. 

“Azərbaycan hakimiyyəti Avropda olan bəzi blogerlərin şantaj yolu ilə məmurlardan pul aldıqları barədə sübutları Almaniya və digər ölkələrin prokurorluqlarına təqdim edib. Hətta deyilənə görə bir bloger şantaj yolu ilə 270 min avro alıb. Əlimdə konkret sənədlər olmadığı üçün ad çəkə bilmirəm. Amma Almaniya prokurorluğuna göndərilən sorğuma cavab gələn kimi dərc edəcəm. Bax, şantaj etmək yalnız səhv deyil, həm də cinayətdir. Xüsüsən Avropada bunu bağışlamırlar. Həm də inanmıram ki, Almaniya bazarlığa gedə, Azərbaycan höküməti iddiadan geri çəkilsə, almanlar işi bağlaya. Bağlamazlar” deyə, Muxtarlı qeyd edib. 

Tural Sadıqlı isə sahibi olduğu youtube kanalında bu iddiaları yalan adlandırıb, əksinə ona qarşı belə iddia səsləndirənlərin “Azərbaycan hakimiyyəti tərəfindən Avropa yerləşdirildiklərini” qeyd edib. 

Əfqan Muxtarlı növbəti statusunda Tural Sadıqlının öz statusuna istinad edərək, onu Azərbaycanın hakimiyyət nümayəndələri ilə işbirliyində ittiham edib. 

Qeyd edək ki, sosial şəbəkə platformlarında Azərbaycan hakimiyyəti ilə bağlı sərt və ağır təhqirlərdən ibarət ritorikadan istifadə edən Tural Sadıqlı bu günlərdə xarici medianın “azərbaycanlı blogerlərdən istifadə etdiyini” əsas gətirərək, onlarla əməkdaşlıqdan artıq imtina etdiyini qeyd edən status yazıb.

“Mənim xaricdə belə etirazım varsa, düşünürəm ki, bu etirazı öz dilimizdə, öz hakimiyyət nümayəndəmizə etməliyəm və edirəm. Baxmayaraq ki, alman, ingilis, rus, ərəb dillərində danışıram və bunu etməyə imkanlarım da var. Əvvəllər bunu etmişəm. Lakin düşünürəm ki, səhv etmişəm” deyə, Tural Sadıqlı qeyd edib. 

Əfqan Muxtarlı isə qeyd edib ki, Tural Sadıqlının bu ritorika dəyişikliyi Almaniya prokurorluğunun “bildiyi söhbətlərlə” bağlıdır: “İndi Alman prokurorluğu da bilir söhbəti.  Və alman prokurorluğu çox söhbətləri bildiyi üçün Tural problemləri "öz hakimiyyətimizin nümayəndəsi ilə etməliyəm və edirəm" deyir”.

Tural Sadıqlı isə ikinci video müraciətində onunla bağlı Azərbaycanda axtarış elan edilməsi səbəbindən Almaniyada 2015-2016-cı illərdə “mühacir statusunun ləğv edilərək Azərbaycana təhvil vermə” ilə bağlı məhkəmə prosesləri keçirildiyini xatırladıb. Lakin həmin vaxt məhkəmə onun mühacir statusunun davam etməsinə qərar verib. 

Əfqan Muxtarlının Almaniya prokurorluğuna sorğu göndərməklə bağlı anonsu Tural Sadıqlı tərəfindən “donosbazlıq” (!) kimi qiymətləndirilib. O, eyni zamanda Azərbaycana qaytarılması məsələsində Müsavat başqanı İsa Qəmbərin və AXCP sədri Əli Kəriminin də maraqlı olduğunu bildirib. 

Əfqan Muxtarlı isə bir daha Almaniya prokurorluğuna sorğu göndərdiyini yazıb və bəzi faktlar açıqlayıb: “Bəli, Almaniya prokurorluğuna sorgu göndərərək, Azərbaycandan olan blogerlərə cinayət işinin açılması barədə mətbuatda gedən məlumatlara, eyni zamanda cinayət işi üzrə ifadə verən adamların açıqlamalarına rəsmi şəkildə münasibət bildirmələrini istəmişəm. Tural, bu sorğu səni niyə narahat edir?  Burda söhbət məsələyə aydınlıq gətirməkdən gedir, hər hansı məlumat verməkdən yox. Şəxsən mən Turala qarşı cinayət işinin qaldırıldığını deməmişəm. Çünki məndə məlumat olsa da rəsmi sənəd yoxdur. Və rəsmi sənəd olmasa kimsənin də adını çəkən deyiləm. Mən Tural deyiləm ki, faktsız adamlar barədə danışım, yazım.  Hələ onu demirəm ki, istintaqdan qacıb gedənlər var. Almaniyada qala bilmirlər, Bakıya dönmək üçün də razılıq vermirlər”.

Əfqan Muxtarlının sərt ifadələrlə  yazdığı statusundan görünən odur ki, “müxalifətçi bloger adı ilə kimisə şantaj edib pul alanlar”, məmurlardan faktları gizlətmək müqabilində pul alanlar, “Azərbaycanda məmurların etdiyi özbaşnalıqlar barədə faktları blogerə verən vətəndaşın adını 5-10 min avroya görə” həmin məmurlara deyənlər olub. 
“Mən Turalın məlum statusuna görə tənqid etmişəm. Onun  pul alıb almaması ilə bağlı heç nə deməmişəm” deyə, Muxtarlı yazıb. 

Almaniya Prokurorluğundan isə Lent.az-ın yazılı sorğusuna cavab olaraq Federal Ədalət Məhkəməsinin dövlət ittihamçısı, mətbuat katibinin müavini Michael Ramöllerin imzası ilə belə bir cavab verilib: “Federal Prokurorluq həbslər və ittiham aktları halında apardığı istintaq prosedurları barədə mütəmadi olaraq ictimaiyyətə məlumat verir. Bundan başqa, Federal Prokurorluq, ümumiyyətlə, konkret araşdırmalar apardığını və ya konkret məsələ ilə məşğul olduğunu açıqlamır.

Bununla belə, qeyd etmək istərdim ki, Federal Prokurorluq federal orqan olaraq yalnız dövlət təhlükəsizliyi sahəsində cinayət təqibini həyata keçirir. Əks halda, məsuliyyət federal əyalətlərin prokurorluq orqanlarının üzərinə düşür. Bu, şantaj iddialarına da aiddir”.

Sadıqlı kimlərlə görüşüb? 

Əfqan Muxtarlının Tural Sadıqlı ilə bağlı yazdığı sonuncu statusunda diqqət çəkən məqam isə Sadıqlının görüşdüyü və əməkdaşlıq etdiyi məmurlarla bağlıdr: “Tural statusunda iddia edir ki, xaricilərə Azərbaycanda baş verənlər barədə danışmaq olmaz, xaricilərin konfransında iştirak etmək olmaz. Əvvələr edibmiş və peşman olub. Həmin statusda da qeyd edib ki, mən problemləri öz hakimiyyətimizlə, öz məmurumuzla müzakirə edirəm. 

Bax, sual verirəm, sən, Tural Avropada hansı Azərbaycan məmuru ilə görüşüb dərdləşirsən? Kimdir o məmur?  Nə danışırsız? Müxalifətci, özü də Əliyevi sərt şəkildə tənqid və təhqir edən birini nə əcəb Azərbaycan məmuru qəbul edir? Nəyin müqabilində?  Mən belə bir status yazsaydım satqın elan edilmişdim. Tural və onun kimiləri yeri göyü dağıdırdı. Mən Turala satqın-filan demirəm. Qoy, camaat özü qiymət versin. Sadəcə yuxardakı suallara cavab yazsın bəsdir”.  

Muxtarlı Turalın atası Əlövsət Sadıqlının Prezident Aparatında görüşüb Turalın məsələsini müzakirə etmək istədiyini yazdığını da xatırladıb. 

Əlövsət Sadıqlı Lent.az-a açıqlamasında Prezident Administrasiyasına görüşə getdiyini təsdiqləyib. O, hüquq-mühafizə orqanları ilə iş şöbəsinin əməkdaşları ilə görüşdüyünü bildirib: "Bəli, oğluma görə Prezident Administrasiyasına getmişəm. Ora getməkdə məqsədim oğlumun təhlükəsizliyi ilə bağlı olub. Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin əməkdaşları məni qəbul etdilər və dinlədilər".

Məmurları şantaj və məmurların şantajı   

Yaxın tarixə nəzər yetirəndə bəzi azərbaycanlı məmurların mediadan “rəqib hesab etdikləri digər məmurlar”a qarşı qara piar aparmaq üçün istifadə etdiyini xatırlaya bilirik. Məmurlar mediadan istifadə edərək, digər məmurlara qarşı şantaj kampaniyası aparır, onların özləri və ailə üzvləri ilə bağlı məlumatları mediaya sızdırırdılar. 

Köhnələrdən daha çox Ramiz Mehdiyev, Eldar Həsənov və Eldar Mahmudovun bu məsələdə həvəsli olduqlarını xatırlatmaq mümkündür. Onlar yaratdıqları, sonradan isə “reket media” adı qoyduqları kiçik çaplı media orqanlarının (əvvəl qəzet, sonra isə saytlar) vasitəsilə maraqlarına uyğun olmayan məmurlar barədə məlumatlar yaradıb yayırdılar. Bu kiçik çaplı qəzet və saytlarda  yayılmış “ilkin informasiya” daha sonra daha tirajlı media ilə “istinad mədəniyyəti nümayiş  etdirilərək” tirajlanılır, ictimai müzakirəyə nail olunur və gündəlik hesabatlarda əksini tapırdı. 

Son 3-4 ildə ölkə daxilində media ilə bağlı yaradılmış şəffaf mühit, medianın məmurlardan asılılığının əhəmiyyətli dərəcədə azalması yerli media üzərindən bu cür “əməliyyatlar qurmağa” imkan vermir. Ara-sıra baş verən epizodik halların qarşısı isə alınır, bunu edənlər asanlıqla ifşa olunurlar. 

Yeni üsul isə xaricdə məlumatları gizlədilmiş domainlər və sosial mediada yaradılmış səhifələr vasitəsilə informasiyaların tirajlanmasıdır. Tural Sadıqlı və Əfqan Muxtarlı arasındakı mübahisələri diqqətlə izlədikdə isə prosesə xaricdəki blogerlərin də cəlb edildiyini deməyə əsas verir. 

Diqqətli izləyici xaricdəki blogerlərin, o cümlədən xaricdəki “media orqanı” adı ilə fəaliyyət göstərən “TV-lərin” yazdığı “araşdırmaları” izlədikdə xeyli məqsədli sızdırılan məlumatın olduğunu görə bilir. 

O zaman sual ortaya çıxır: Bu “TV” və blogerlərin məqsədi, ritorikası, apardığı qara piar kampaniyası göz önündədir. Onlar belə desək,  öz  məqsədləri üçün işlərini yerinə yetirirlər. Yaxşı, bəs onlarla əməkdaşlıq edən məmurlar və ya məmurların nümayəndələri kimlərdir?  Bu məlumatlar hansı üsullarla ötürülür? 
Suallar açıq qalır… 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10395
avatar

Oxşar yazılar