Araik Arutunyan
24 aprel 2021 18:54 (UTC +04:00)

Araik Arutunyan

Araikin Moskvada NƏ İTİ AZIB?

Azərbaycan tərəfindən axtarışa verilmiş cinayətkar Araik Arutunyan Moskvaya gedib. Bunu başqa sözlə də ifadə etmək olar. Bir Azərbaycan məsəli kimi. Araik Arutunyanın Moskvada nə iti azıb? Və nəhayət bu səfəri kimlər təşkil edib? Arutunyan Moskvaya hansı ölkənin pasportu ilə gedib?

Bu həmin Arutunyandır ki, 44 günlük müharibə dövründə Azərbaycan şəhərlərini raket atəşinə tutmaq barədə əmr vermişdi. Və Arutunyan onu etiraf da etmişdi. Nəhayət bu separatçı Rusiyaya, o Rusiyaya ki, onun özü də separatizmdən əziyyət çəkib həmin dövlətə səfər edir. Bu səfər Rusiyanın nəyinə lazımdır axı? Arutunyanın Rusiyaya səfəri Dağlıq Qarabağ da sülhməramlı missiya həyata keçirən Rusiyanın bu istiqamətdə fəaliyyətinə də kölgə salır axı. Bəs onda Rusiyanın nəyinə lazımdır bu səfər? Niyə istəyib bu səfəri?

Azərbaycanın əməkdaşlıq əlaqələrinin qurulması, kommunikasiyaların açılması istiqamətində fəaliyyət göstərdiyi bir zamanda belə hadisə qəsdən törədilən təxribatdan başqa bir şey deyil. Belə hallar təkrarlanacağı təqdirdə  Azərbaycan adekvat cavab verməlidir və mütləq cavab verəcək. 

Hamıya gün kimi aydındır ki, törətdiyi insanlıq əleyhinə və müharibə cinayətlərinə görə Azərbaycan dövləti tərəfindən beynəlxalq axtarışa verilmiş erməni separatçı Araik Arutyunyanın hansısa siyasi xarakterli dəvətlə Moskvaya səfər etməsi regionumuzda ötən ilin noyabrında başladılmış kövrək sülh proseslərinin mənafeyinə uyğun olmayan pozucu hadisədir.

Siyasi ekspert Aydın Quliyevin fikrincə Arutyunyanın Azərbaycan qanunları çərçivəsində beynəlxalq axtarışda olmasını Rusiyanın müvafiq orqanları bilməmiş deyil:

"Azərbaycanla Rusiya arasında imzalanmış hüquqi əməkdaşlıq sənədləri belə şəxslərin sərbəst hərəkətləri qarşısında ciddi maneə yaratmalı olduğu halda Arutyunyanın Moskvaya dəvət edilməsi anlaşılan deyil. Arutunyanın heç bir maneəsiz Xankəndidən Moskvaya siyasi dəvətlə səfər etməsi onun Rusiya siyasi və rəsmi dairələri tərəfindən himayə olunduğunu təsdiq edir. Qarabağ separatçılarının qondarma "liderinin " Moskva səfərinin himayə edilməsi Azərbaycanın ərazi bütövlüyünə aşkar hörmətsizlikdir. Rusiyanın Qarabağda sülh və təhlükəsizliyin əsas təminatçısı olması onu separatçı Arutunyanla bağlı bütün sual və şübhələrin əsas hədəfinə çevirir. Separatçı Arutunyanın Moskva səfəri Rusiyanın izahat verməli olduğu müəyyən sualları ortaya qoyub.

Arutunyanın hansı pasportla və kimlərin dəvəti ilə Moskvaya gedərək orada kimlərlə görüşdüyünə dair suallara çox zəruri aydınlığı yalnız Rusiya gətirə bilər. Rusiyanın Qarabağda  sülhyaratma missiyasına Azərbaycan xalqının və dövlətin etimadının tam olması üçün Rusiyanın rəsmi izahının həlledici əhəmiyyəti var".
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2802
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar